Hüseyn Dərya: “Özümə bomba bağlayıb, ofisdə onu partladacam...” - MÜSAHİBƏ
23 fevral 2010 13:00 (UTC +04:00)

Hüseyn Dərya: “Özümə bomba bağlayıb, ofisdə onu partladacam...” - MÜSAHİBƏ

Reper Hüseyn Dəryanın Lent.az-a müsahibəsi

- Nə unudulsa da, sizin vaxtilə geniş kütlə qarşısında çıxışlarınız, populyarlığınız hələ də yaddaşlardadır. O səssizlikdən sonra yenidən tamaşaçı arasına qayıtdınız. Amma əvvəlki ajiotaja meyl görünmür. İndi daha çox təşkilati işlərə meyl edirsiniz.

- Elədi. Əslində mən fikirlərimi gizlətməyi bacarıram. Əvvəllər bacarmırdım, nə sual verirdilərsə, cavablandırırdım. Bilirsiniz, əslində mən sənət adamıyamsa, təşkilati işlərdə, sosial tədbirlərdə iştirakım vacibdir. Mən repçiyəmsə, o demək deyil ki, ancaq rep deməliyəm. Rep o demək deyil ki, bandana ilə yaşayasan. Bandana səhnə geyimidir. Rep nədir? “De!” Reper – “deyən”...

- Mən repi azad söz kimi qavrayıram.

- Mən repi azad söz kimi deyirəm və maneçilik törədən yoxdur. Sizə elə söz deyə bilərəm ki, bu dəqiqə aparatı başıma vurarsınız, ya da əksinə, bu fikirdən vaz keçə bilərsiniz. Yəni, deyilişin tərzi var. Rep azad fikirdir, amma bil nə danışırsan. Bu, bütün dünya tərəfindən qəbul olunmuş anlamdır ki, repin kökü zəncilərdir. Biz haradasa bənzədirik, amma bacar, özünəməxsusluğunu göstər. Mən son sözümü deməmişəm deyə, repdən uzaqlaşan deyiləm. Sadəcə, bu özümə olan inamdır ki, mən bunu bacaracam. Mən təşkilati işlərdə on dəfə güclüyəm, nəinki rep deməkdə.

- Repə sevgi, yanaşma diqqət o qədər də yaxşı deyil, bəlkə buna görə?

- Rep tərbiyəsizlik deyil, sadəcə tərbiyəsiz rep deyənlər var. Həqiqi repdə tərbiyəsizlik yox, qəhrəmanlıq tələb olunur.

- Həqiqi repdə sərhədsiz fikirlər olur. Kimə istəsən, sataşa bilərsən. Cəsarətin varsa, danışa bilərsənsə, cəmiyyətdəki kəm-kəsirdən, ədalətsizlikdən...

- Bilirsiniz, ədalətsizlik elə bir şeydir ki... Mən elə ağır həyat yaşayıram ki, hər şeyi danışanda gəlir çıxır ədalətsizliyə. Bütün bunlar zəmanənin gedişatıdır ki, mən bunlara fikir bildirirəm. Alnıma güllə vursalar belə, nə ədalətsizlik görürəmsə, deyəcəm. Sadəcə, demək istədiklərimin vaxtı var. Fikirlərdə gözəl ab-hava yaratmaq lazımdır. Zaman gələndə biz də TuPak kimi güllələnməyə hazırıq.

- Keçdiyiniz ağır həyat istər-istəməz...

- ...Bu olmalı idi, mən bundan da ağır həyat gözləyirdim. Bu bir il mənim üçün ağır deyil. Oturmusan, gözləyirsən ki, bir ildən sonra qapı açılacaq və azad olacaqsan.

- Bundan sonra deyəcəklərinizdə ifadə olunacaqmı o həyat?

- Daha əvvəl də demişəm. “İnsan” repi var – “insan üzünə qapı bağlayan da insan, bağlı qapı arxasında ağlayan da insan”dır. Dustaqlıqdan nümunə gətirmişəm. Sırf dustaq həyatı yazmağa ehtiyac görmürəm. Publikanın çoxu şou-biznes havasında, əhval-ruhiyyəsindədir. Burda mənəviyyat bir yanadır, onlar daha çox görünüşə fikir verirlər. Biz başa düşürük ki, gənclər tərbiyələnmir. Bunu başa düşürüksə, oxuyan da özümüzük, günahı edən də.

- Siz həmkarlarınızdan fərqli olaraq repi böyük kütləyə şən əhval-ruhiyyədə təqdim edirdiniz. Tamaşaçılar, dinləyicilər, o əhval-ruhiyyəni, sonu pozitiv notlara köklənən sarkazmı sevirdilər. Bu yaşadıqlarınız istər-istəməz insanda iz qoyur. Artıq ruh da həmin ruh deyil, onu yenidən dirçəldən, yaşadan...

- Bilirsiniz necə? Başa düşürəm sizi. Beş il sonra siz də fikirlərinizdə indiki kimi olmayacaqsınız. Beş il sonra eyni xarakterin, eyni həyat tərzinin adamısınızsa, olacaqsınız.

- Sadəcə, sizin tamaşaçılar əvvəlki gənclik havasını daha çox sevirdilər. Soruşuram ki...

- Mən başa düşdüm sizi nə deyirsiniz. Siz mənə deyirsiniz ki, niyə ayağına “konki” geyinib “podnos” aparmırsan.

- Yox, sadəcə deməyə çalışıram ki, yeniyetmələrlə çalışan reperin kütləsi böyük olur. İndi düşüncələriniz dəyişibsə, kütlənin azalması ola bilər. Sizsə böyük kütləyə öyrəşmisiniz.

- Elə də olacaq. Mənim üçün federasiya olmaya bilər, amma repdə böyük kütlənin adamayım. Və onu ömrümün axırına qədər aparmasam, Hüseyn Dərya deyiləm. Nə qocayam, nə bir şey. Allah şükür, ailəliyəm, amma indiyə qədər evdə qırğın gedir. Hələ mənim cığallıq edən vaxtlarımdı. Mənim həyat tərzim belədi. O ki qaldı hücuma, hələ onun vaxtı deyil.

- Xose ilə deyəsən yenidən münasibətləriniz kəskinləşib.

- Mənim kanala verdiyim müsahibədən sonra deyib ki, üç aydan sonra bir də bu sualı verərsiniz ki, görüm Hüseyn neyləyib? Mən də dedim ki, “səyləməsin”! Məni “uje” ayağa qaldırdınız da! “Sroka” da göndərdiniz! Mən o qazamata girməməliydim. Girib oranın çörəyini daddımsa, kim mənim qabağıma başqa cür çıxsa, burnundan gətirəcəm.
Qaldı işlərə, mən öz işimlə məşğulam. Bu dəfə artıq efir davası etməyəcəm. Mən indi çox hirsliyəm. Bir az vaxt keçsin, hirsim soyusun, sonra danışarıq! Yaxşısı budur, uzaq gəzək ki, problem istəmirik. Mənim itirəcəyim heç nə yoxdur. Mən o prinsiplə yaşayan adamamsa, bağlayacam özümə bombanı, girib ofisdə onu partladacam. Çünki mənim çox ağrılarım oldu. Allah eləsin ki, bu, Xose olmasın.

- Amma azadlığını itirən adam...

- ...“priçem” azadlıq?! Azadlığımı itirdim, lap zor oldu. Dincəldim. Adam kimi uzaqlaşdım hər şeydən.

- Bir dəfə azadlığını itirən adam yenidən azadlığını itirməkdən qorxmalıdır.

- Onda gəl, ölümdən də qorxmayaq da! Mən azadlıqdan utanıram. Ona görə həbsə girməyəcəm.

- Bəs bomba, bəs partlayış?...

- İndi yəqin bunu hirslənib dedim. Bu sözləri heç yazma! Bunu bilirsiniz nə mənada dedim? Yəni ki, ne zli də menya! Onun həyatı belədir!

- Sizin özünüzün həyatınız necə keçir?

- İndi bomba! Yeyə, yata bilirəm. Şellənirəm özümçün. İnsan kimi fikirləşə bilirəm.

- Əvvəlkindən fərqli olaraq dinləmə qabiliyyətiniz yoxdur.

- Mən bir az əsəbiyəm.

- Görürəm. Sizin aqressiyanız məni əməlli-başlı vurur...

- Auram bu qədər ağırdı? Vallah, mən kasıb ailənin uşağı olmamışam. Kifayət qədər var-dövlət içində böyümüşəm. Evimdə hazırda Hacı da var. Atam rəhmətlik direktor olub, bizi savadlı böyüdüb. Bacım ali təhsillidi, qardaşım məsciddə axunddur. Mən şərqşünaslıq fakültəsini oxuyub bitirməli, diplomatik əlaqələr üzrə tərcüməçilik etməli idim. Vaxtım çatdı, getdim hərbi xidmətə və gəldim əsgərlikdən. Türkiyədə istədim, orda nəsə yaratmaq istədim, alınmadı. Burda yaratdım, Hüseyn Dərya kimi ortaya çıxdım. Bu populyarlıq mənə elə bir şey yedizdirdi ki! Hətta özümü vurmağa hazıram. Çünki o cür gözəl həyatımı itirmişəm.

- Amma itirməyinizdə başqaları günahkar deyil.

- Yox. Mənim narkotikə qurşanmağım 2006-da olub. 2000-ci ildə artıq sənətdən uzaqlaşdım... mənə pis sual verirsiniz. Yarama toxunursunuz. Həyatımın dağılmağını isbat etsəm, gəlib çıxacaq qadın söhbətinə. Yenə ayağa duracaqlar. Mənim prodüserlərim məni məhkəməyə verdilər. Mənə prodüser lazım idi? Özüm özümə prodüserlik edirdim də. O orda onu etdi, bu burda... axırda da bunlar oldu mələk, mən oldum...

- Əgər istəmirsinizsə, müsahibəni yekunlaşdıraq.

- Günahkar özüm olduğum üçün aqressivəm. Bilsəydim belə olacaq, repdə başqa gedişat tutardım. Mən nə bilim ki, belə olacaq. Vallah, mən çox pis şeylər gördüm. Üstəgəl həbs... Mən demirəm, başqası günahkardır. Elə günah etdim ki, gəlib ata evimə də çıxdı. Məndən küsdülər, incidilər. Öz vəkilim belə məni müdafiə etməkdən imtina etdi. Ailəmizin vəkili idi. Öz həkimim müalicə etməkdən imtina etdi. Ailədən də qoymadılar, “qoy bizi daha axtarmasın”... Çünki vaxtında dedilər, “bax, gələcəksən bu evə, sən qəbul etməyəcəyik. Heç kimi bu evə dartmayacaqsan”. Mən də onun cəzasını çəkirəm... Bilirsiniz, qurban olum Allaha, hər şey həqiqətən də yaxşı olacaq. İndi mən başa düşürəm, onlar mənim birinci addımımı gözləyirlər. Mən addımın yarısını etmişəm. Bir dəfə gizli evdə narkotik qəbul edib öz bacım uşağını ağlatmışdım. Sonra məndən küsdülər.
– Barışmısınız?

- Barışmışam deyəndə ki, yeznələrimlə, bacılarımla görüşürəm. Həbsə pay gətirirdilər. uşaqla görüşürlər, lakin uşağın nənələri indi ad günündə görünməyib hələ. Amma görünəcəklər! Əsas olanı ömrünün sonuna qədər düzgün yaşamaqdı.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2182

Oxşar yazılar