“Mövzumuz balıqdır. Qonağımız da balıqçı. Hətta balıqçılıqda bir nömrə. Balıqçılıq üzrə elmlər namizədi. Həm də prezidentliyə namizəd.
Xüsusi ayaması olan insanlara həmişə paxıllıq etmişəm. Mənim heç vaxt xüsusi ayamam olmayıb. Bu yaşa qədər hamı mənə eləcə Anar deyib. Hafiz Hacıyevə də paxıllıq edirəm, bu baxımdan. Xoşbəxt adamdır. Arif adamlarsınız hamınız, uzatmayım. “Kubik-rubik”i bu dəfə balıqçıların avtoriteti Hafiz Hacıyev üçün qarışdırmışıq.
- Hafiz müəllim, siz zoomühəndislik fakültəsində təhsil almısınız. Necə oldu ki, bu sahəyə yönəldiniz? Şüurlu seçiminiz idi?
- Bəli, özüm seçmişdim. Bilirsiz, sovet dövründə ən böyük təhsil ocaqlarından biri Kənd Təsərrüfatı İnstitutu idi. O vaxtı kolxoz, sovxoz sədrlərinə böyük həsədlə baxırdılar. Rayon partiya komitəsinin katibləri də bu sahədən seçilirdi. Müəllimi gətirib katib qoymurdular. Mənim də arzum idi ki, birinci katib-filan olum gələcəkdə. Ona görə də bu sahəni seçdim. Sovet dövründə qərar var idi ki, rayonların idarə edilməsi, kənd təsərrüfatının inkişafı üçün bu sahənin adamları seçilsin. Mən də bu sahəni bitirib, sonra yüksələ-yüksələ getdim.
- Bioqrafiyanızda ixtioloq işlədiyiniz yazılıb. İxtioloq nə iş görürdü?
- İxtioloq balıqçılığın inkişafında ən mühüm vəzifədir. Yəni o sahəni inkişaf etdirməkdən ötrü ixtioloji, bioloji baxımdan necə etmək olar ki, sahə inkişaf etsin?! Sonra mən Leninqradda balıqçılıq üzrə dissertasiya müdafiə elədim.
- Embrionköçürmə mərkəzində nə iş görürdünüz? Bir növ balıqları klonlaşdırırdınız?
- Bəli, yəni süni yolla balıqçılığın artırılması. Biri var dənizdə balıq artırılır, biri də var süni yolla. Sizə deyim, Neftçala zonasında 4 min hektar sahədə balıqçılıq vətəgələri yaradırdıq. Çox böyük karp, sazan balıqlarının yetişdirilməsi ilk dəfə mənim dövrümdə olub. Məsələn, hektardan 300-400 ton balıq götürürdük. Mən Azərbaycan balıqçılıq sənayesinə çox böyük töhfə vermişəm.
- O balıqlar əldəqayırma balıq sayılmır bəs?
- Xeyr, xeyr, hibridləşmə yolu ilə yaradırdıq.
- Süni balıqların təbii yolla artan balıqlardan fərqi nədir? Aralarında dad fərqi olur?
- Yox, çox təbii alınır. Biz onlara çox təmiz yemlər verirdik. Çox dadlı olurdu. Bu balıqlar dənizdə yetişməyən balıqlardır. Karpdı, sazandı və s. Çox üzr istəyirəm, indi görürsünüz, adamları da süni mayalandırma ilə artırırlar. O vaxtı cavan vaxtım idi, həvəsli idim, Leninqradda müdafiə edəndə elmi rəhbərimə zarafatla deyirdim ki, bəlkə bu süni mayalanma insanlarda da tətbiq olunsun?!
Mən həmişə demişəm, bu gün də deyirəm, Azərbaycan xalqını neftsiz-qazsız, 6 ay balıqla saxlaya bilərəm. Ancaq balıqdan gələn gəlirlə, Azərbaycan xalqını saxlamaq olar.
- Balıqlar necə, süni mayalandırılır?
- Suyun içinə daşlar düzürdük. Sonra erkək balıqları buraxırdıq ora. Qarınları sürtülürdü o daşlara, sperma buraxırdılar, sonra eyni yerə dişi balıqları buraxırdıq, onlar da həmin üzərinə sperma tökülmüş daşlara sürtürdü özünü.
- Erkək balıqla dişi balığı necə fərqləndirirsiniz?
- Erkək balığı götürəndə bilirsən ki, onun qarnının altında vəz var. O vəzdən bilirsən ki, erkəkdir. Dişi balıqlarda isə vəz yoxdur.
- Hafiz müəllim, balığın insan orqanizminə xeyri nədir?
- Balıqdan gözəl, xeyirli yemək yoxdur. Gərək həftədə heç olmasa, 2-3 dəfə balıq yeyəsən. Yaddaşı çoxaldır, gözə xeyirdir.
- Siz nə qədər yeyirsiniz?
- Həftədə bir dəfə yeyirəm. İndi demirəm, gedib nərə balığı, qızıl balıq yeyirəm. Hansı balıq olur-olsun yeyirəm. Fərqi yoxdur. Lap onun konservindən də istifadə edirəm. Hələ kilkəni yaxşı qızardasan....
- Sizin üçün ən dadlı balıq hansıdır?
- Qızıl balıq. Fareli də sevirəm. Dağ çaylarında olur. Farel elə şeydi ki, çox təmiz suyu sevir. İndi Göygöldə var. Bu saat sazanın özü çox dəyərli balıqdır. Düzdü, aristokrat yeməyi deyil, amma indi hamı beluqa da yeyə bilməz axı.
- Balığı necə yeməyi xoşlayırsınız, qızartma, kabab, yoxsa soyutma?
- Yemək olsun, hansı olsa, fərqi yoxdur. Məsələn soyutma eləyirsən, üstünə də soğan tökürsən, olur əla. Onu buxarda bişirirlər. Üstünə bir az su tökürsən, qoyursan buxarda qaynayır, sonra qoyursan soyuducuya soyuyur, olur əla. Qızartmanın öz yeri, soyutmanın öz yeri var. Əsas odur, balıq olsun.
Məsələn, balığın içalatını düzəldirsən, o delikatesdir. Tapılmayan şeydir. Nə qədər balıq tapmalısan ki, bir qazan içalat düzəldəsən. Mən o vaxtı nazir olanda ancaq ondan düzəldirdilər ki, nazirimizdir, qoy ancaq delikatesdən yesin.
- Hansı balıqları yemək olmaz? Yoxsa dənizdən çıxan hər şeyi yemək olar?
- Yox, məsələn bizim qonşu İran dövlətində nərə balığını yemirlər. Ən gözəl balıqdı. Sümüksüzdür deyə, deyirlər dinə ziddir. Onlar ən çox sümüklü balıqlar yeyirlər. O vaxt mən nazir olanda, onlar nərəni yemirdilər deyə, mən İrandan alıb, bu balığı başqa dövlətlərə satırdım. Suda yaşayan canlıların hamısı yeməlidir və cana xeyirdi. Sizə bir söz deyim, o vaxtı mən Lənkəranda qurbağa yetişdirirdim. 8 ton qurbağa yetişdirib, Fransaya satdım. Çox gözəl, yeməli şeydir. Onun tabakası hazırlanır, delikates bir şeydir, tapılmır.
- Balıqların hamısı kürü tökmə vasitəsilə artır, yoxsa bala doğan növləri də var?
- Bəli, hamısı kürü tökərək artır.
- Ancaq deyəsən, siz bilmirsiniz, bala doğan balıqlar da var.
- Şəxsən mən biologiya elmləri namizədiyəm, doğan balıq görməmişəm. Doğan ilan var, amma doğan balıq yox.
- Hafiz müəllim, yaddaşınız necədir?
- Çox güclüdür. Məsələn, mənim birinci sinifdə yaşadıqlarım hələ də gözümün qabağındadır. Gözüm də yaxşı görür, son vaxtlar bu internet bir
az zəiflədib.
- Balıqların yaddaşı olmur ancaq.
- Canlıların əksəriyyəti belə təzadlıdır. Başqalarına xeyir verir, özü qalır belə. Onlar elə bil, özlərinin müsbət tərəflərini verir rəqibinə, özü zəif qalır. Məsələn, balıqlarda hissetmə qabiliyyəti güclüdür. Çox duyğuludur balıqlar.
- Yaddaşınızın güclülüyündə balığın rolu var?
- Bəli var, mütəmadi balıq yediyim üçün yaddaşım belə güclüdür.
- Bir növ balıqlara borclusunuz.
- Əlbəttə. Sizə deyim ki, 13 il balıqçılıq sahəsində ən böyük vəzifələrdə işləmişəm. İstənilən balıqçıdan soruşsan, həsrətlə deyəcək ki, nə çörək var idisə, Hafiz Hacıyevin dövründə var idi.
- Özünüzü bu sahədə avtoritet hesab edirsiniz? Sizlə kimsə rəqabətə girə bilər?
- Bəli, özümü bu sahənin avtoriteti hesab edirəm. İnanmıram ki, kimsə mənimlə rəqabətə girə bilə.
- Yəni bu balıqçılıqda bir nömrə sizsiniz.
- Bəli, mən bunu işimlə də sübut eləmişəm. Bir ildə 55 ton qara kürü, 680 ton nərə balığı satmışam. Mən belə işləmişəm. İlk dəfə mənim dövrümdə nərə balığından konserv düzəltmişik.
- Sizə görə, balıqların şahı hansı balıqdır?
- Məsələn, ən yaxşısı nərədi, beluqadı. Qızıl balıq çox az-az çıxır, tapılmır. Minlərlə növ balıq var. Mən balıqların şahı deyə bilmərəm nədir. Mən həmişə qızıl balığı sevmişəm. Deyərdim ki, elə, balıqların şahı da qızıl balıqdır. Amma adam var ki, ilan balığını sevir, qızıl balığı yemir.
- Hafiz müəllim, ən ləyaqətli həyat yaşayan balıq hansıdır bəs?
- Yırtıcı balıqlar ləyaqətsizdilər. Çalışırlar, bütün balıqları yesinlər. Məsələn, mən sizə deyim, ən hissli balıq, ən həssas balıq qızıl balıqdır. Hirsindən ölür. O görür ki, onun rəqibi hansısa bir iş görür, hirsindən partlayıb ölür. Qızıl balıq tora düşəndə, ürəyi partlayıb ölür. Gör, nə qədər həssas balıqdır.
- Hind fəlsəfəsində olan reinkarnasiya sisteminə görə, insan öləndən sonra hansısa heyvan, ot və ya ya daha üstün insan kimi yenidən dünyaya gəlir. Hansısa balıq formasında yenidən dünyaya gəlmək imkanı olsaydı, hansı balıq olmağı seçərdiniz?
- Vallah, mən bu rəvayətlərə, utopiyalara inanmıram. Guya ki, insan ölür, yenidən dirilir, görməmişəm axı, görmədiyim şeyə necə inanım? Ancaq elə qızıl balıq olardım (gülür), ən sevimli balığım odur.
- Bəs, qızıl balıq 3 arzunuzu yerinə yetirsə, nə istəyərdiniz?
- Elə deyərdim ki, mənə yaxşı yaşayış, əmin-amanlıq, millətimə xoşbəxtlik... İnsan nə arzu eləyə bilər ki? Bu dünyadan heç kim heç nə aparmayıb. Trilyardları olanlar gedib dünyadan. Bu dünyada bir şey qalır: yaxşılıq, həqiqət, düzgünlük. Torpaqdan yaranmışıq, torpağa da gedəcəyik. Dünya həddindən artıq mənasız bir dünyadır. Bəzən deyirəm, bu günə qədər etdiklərimi yazım, sonra görürəm, o da mənasızdır.
Məsələn, məndə bir uzaqgörənlik var. 10 ildən sonranı görürəm ki, nə olasıdır. Qəribə bir intuisiyadır. Mənasız görürəm hər şeyi.
- Uzaqgörənlik demişkən, Azərbaycanda balıqların gələcəyini necə görürsünüz?
- Pis görürəm. Niyə?! Düşünürəm ki, Azərbaycanın nefti 20-30 ildən sonra azalacaq. Ondan sonra nə edəcəyik biz? Amma bu sahə inkişaf etdirilsə, daha çox pul qazana bilərik. Mən mağazalara baxıram, konservlərin hamısı xaricdən gəlir. Bunu özümüz edə bilərik axı.
- Deyirsiniz “balıq çox olarsa, basılmaz vətən”?
- Bəli. Təbii. Əlbəttə. Məsələn, balıq başından yaxşı borş bişirilir. Elə biz öyrənmişik, qoyun əti, mal əti. Toyuğa broylerdə iynədən vurub şişirdilər, sonra da yeyirik. Axı bu balığı niyə artırmırıq? İndi gərək ya gic, ya da səy olasan. Ağıllı adamları heç vaxt qabağa çəkmirlər, yadınızda qalsın.
- Balıq susuz yaşaya bilmir. Hafiz Hacıyev nəsiz yaşaya bilməz?
- Elə bir şey yoxdur. Olduğunu desəm, eqoizm olar. Desəm ki, bu gün Bakı olmasa, yaxud babam Göygöldə basdırılıb, ora olmasa ölərəm, yox, insanlar tez adaptasiya olunur. Təbii, siyasətdə olmasam, bir az darıxdırıcı olar. Mən hələ siyasətdə son sözümü deməmişəm.
- Dünyaya bir daha gəlsəydiniz, yenə Hafiz Hacıyev olmaq istəyərdiniz?
- Təbii. Mən keçmişimə baxıram, məndə xəyanət, paxıllıq, eqoistlik yoxdur. Mən nazir olanda gedib öz fəhlələrimlə yemək yeyirdim. Mənim üçün həyatda ən böyük xoşbəxtlik sadəlikdir.
- Yəni, Hafiz Hacıyev kimi doğulduğunuz üçün peşman deyilsiniz?!
- Qətiyyən. Mən niyə peşman olmalıyam?! Mən nazir olmuşam, katib işləmişəm, qeyrətlə işləmişəm. Nazir işlədiyim dövrdə bir nəfər deyə bilməz ki, Hafiz Hacıyev 5 manat rüşvət alıb. Həyatda Hafiz Hacıyev olmağımla fəxr etmişəm. Ancaq məni başa düşməyən insanlar da çoxdur. Bu gün mənə söyənlər də çoxdur. Mən hissli adamam. Çox hissli adamam.
- Qızıl balıqla oxşarlığınız var bu mənada.
- Bəli, xəyanətə, ədalətsizliyə, yalana dözə bilmirəm. Ancaq Hafiz Hacıyev kimi həyatımı çox şərəflə yaşamışam. Mən olduqca sadə adamam. İnsanlar bəzən mənimlə rastlaşıb, deyirlər Hafiz Hacıyev?! Deyirəm, yox, qardaşıdı. Televizorda baxırlar, elə bilirlər, mənim 4 gözüm var. Yəni bu məsələlərdə sadəlik yaxşıdır. Ona görə də, mən həmişə qızıl balıq kimi hissli, təmiz olmuşam. O balıqlar da təmiz suda yetişir. Təmiz adamlar təmiz yerlərdə yetişirlər.