Cindar: “Evimdə 3 müsəlman cin saxlayıram” - KUBİK-RUBİK
25 dekabr 2013 12:00 (UTC +04:00)

Cindar: “Evimdə 3 müsəlman cin saxlayıram” - KUBİK-RUBİK

Misalçün, rəhmətlik – Allah rəhmət eləsin (yerdən-A.G.) – Mirzə Cəlillə Mirzə Ələkbər Sabiri 21-ci əsrin bu texnologiya dövründə narahat edib, yatdıqları yerdən oyatsaq və desək ki, kişilər, siz Həzrət Abbas, dünya görmüş insanlarsınız, bir yaralı barmağı yodlamaq lazımdır, siz o bir olan Allahın adına bu müsahibəyə mədəni bir giriş yazın, əvvəl müsahibəni oxuyar, sonra yəqin, ağır sözlərlə adamı təhqir edərlər.

Misalçün, deyərlər ki, ay mən deyənin törəmələri, siz axı hansı məzhəbə qulluq edirsiniz, axı sizi nəylə yemləyirlər, axı sizi düzəltmək, normal xalqların cərgəsinə qatmaq üçün daha nə etmək lazımdır?

Misalçün, rəhmətlik Sabir qayıdıb adamın sifətinə lombası ilə tüpürüb deyər ki, ay mən deyən, ciyərlərimi çürütdünüz, ömrümü yediniz, heç olmasa yatdığım yerdən oyatmayın də belə söhbətlərinizlə. 

Misalçün, Mirzə Cəlil də əvvəl bir mənə baxar, sonra “yazdıqlarım sənə haram olsun” deyib, ağlaya-ağlaya yanımdakı müsahibimə dönər, “mən ölüm, əl ver! Lotusan ey, əl ver” deyər.

 

Sonra ikisi də kor-peşman qayıdıb girərlər gəldikləri yerə - yerin yeddi qat dibinə.

 

Odur ki, mən də özümü və sizi o kişilərə söydürməmək üçün bu müsahibəyə giriş-miriş yazmıram. Kişilərdən ayıbdır.

“Kubik-rubik”in budəfəki qonağı isə cindar Həsən Həsrətlidir.

 

- Həsən, gördüyün işin, bu peşənin adı nədir? Özünü nə adlandırırsan?

 

- Mənim gördüyüm işin adı parapsixologiyadır. Qırmızı diplomlu, beynəlxalq dərəcəli parapsixoloq, mediumam, xaricdə daha çox maq deyirlər. Bəziləri deyir, şamansan. Parapsixologiya hissələrə bölünür, mən bu hissələrin hamısını bilirəm. Əsas nəticə isə insanlara kömək etmək və ya ziyan vurmaqdır. Düzdür, mən Həcc ziyarətində olmuşam, tövbəliyəm. İnsanlara bacardığım qədər yaxşılıq edirəm. Nəzərinizə çatdırım ki, bu işin arxasında ən çox şər qüvvələr dayanır.

 

- Təhsilin nədir?

 

- Mən İlahiyyat Universitetini qırmızı diplomla bitirmişəm. İkinci təhsilim isə Kiyevdə maliyyə hüququ üzrə alıram. Yəni təhsilsiz, savadsız deyiləm. Parapsixologiya ilə bağlı isə bir çox kurs qurtarmışam. Afrikaya vudu, Tailandda fuçi dərsləri almışam. Özüm 4 ildir Türkiyədə işləyirəm. Bu sahə üzrə geniş məlumata sahibəm. Açıq deyək, 6 həftədir Azərbaycandayam və 6 həftədir medianın gündəmindəyəm. Deyirlər cin yoxdur, əgər mən müsəlmanamsa, mən Quranıma arxalanıb bu sözləri deyirəm. Yaxşı, mən yalançıyam, ən azından Quranın 72-ci surəsinə nəzər salsınlar. Orda cin də, şeytan da var.

 

- Amma Quran bu cür işlərlə məşğul olmağı qadağan edir.

 

- Yəni bu işlə məşğul olan şəxsləri lənətlənmiş sayılır.

 

- Sən də lənətlənmişlərdənsən?

 

- Belə deyək, mən lənətlənmiş olmuşam. Uşaqlıqdan təkliyə alışan bir uşaq olmuşam. Həmişə tək yaşamışam. Ailəmlə də münasibətlərim ayrı olub. Ən son bir istilik gəldi ki, ailəmin yanında olum. Anam da dedi ki, tövbə elə, çəkil bu işlərdən, heç kimə ziyan vurma, evimin qapısı sənin üzünə açıqdı.

 

- Həmin vaxta qədər başqalarına ziyan vururdun?

 

- Sırf magiya ilə məşğul idim. Qara magiya ilə yaxşılıq da etmək olur. Mənim uşaqlığım lənət içində keçib. Ən çətin vaxtlarım 13-14 yaşlarım olub. İlk baxmağa başladığım dövr. 6-7 yaşında uşaq idim, kartlarla oynayırdım. Doğuşdan evdəkilər başa düşmüşdü ki, mən qeyri-adiyəm. Mən evin son uşağıyam. Mənim doğulmağımı istəməyiblər. Sonra həm anam, həm atam eyni yuxunu görüblər ki, olsun, adı da Həsən olsun, bunun başında xalı olacaq və s. Elə də doğulmuşdum. Doğulandan sonra da ailəmə düşərli oldum, ruzi-bərəkət gəldi, yüksəldilər. Sadəcə, mən xəstə doğuldum, beynimdən əməliyyat olundum. Həkimlər bu gün öləcək, sabah öləcək dedilər, amma ölmədim. Bu gün mənim başımdakı xəstəliyin müalicəsi yoxdur, ancaq bu xəstəliyi mən özüm müalicə edirəm.

 

- Sənə enerji gəldiyini ilk dəfə nə vaxt hiss elədin?

 

- Bunu mənim baxıcım deyə bilər. Mən çox zəif uşaq olduğum üçün məktəbə 8 yaşımda getmişəm. Camaat oyuncaq oynayırdı, mən də ona-buna nəsə deyirdim. Çoxu deyirdi ki, uşağın psixoloji problemi var. Adamlara, deyirdim, səni 3 gün sonra əməliyyat gözləyir və ya ayağın qırılacaq, həmin şey baş verirdi. Mənfi tərəfi o idi ki, ancaq qaranlıq şeyləri deyirdim. Filankəs öləcək, filankəsə filan şey olacaq və s. Hamı deyirdi, sən bədağızsan, sən Allah, ağzını açma. Əslində, bədağızlıq deyildi bu, sadəcə, mənə deyirdilər, mən də deyirdim. Mənim anam tərəfdə də olub bu hisslər.

 

- Seyidlik-filan var nəslinizdə?

 

- Var, amma mən o şeyləri qəbul eləmirəm. Hamımız insanıq, hamımız Adəm övladından yaranmışıq. Sadəcə, mənə enerji gəldi.

 

- Bir adama baxan kimi onun taleyini görə bilirsən?

 

- Baxan kimi tam hər şeyi görmək olmur. Azərbaycan mətbuatında çox adam bilir ki, mənim evimdə 3 cin yaşayır. Heç kim də deyə bilməz ki, o cinlər kafirdir. Xeyr, o cinlər müsəlman cinlərdir. Onları mən sırf yaxşılıq üçün istifadə edirəm. Hamı bilir ki, o cinlər mənə müəyyən məlumatlar verir. Hətta lazım olan insanlara onların səslərini də eşitdirmişəm. Mən reallığa üstünlük verirəm, heç kimdən də çəkinəcəyim yoxdur. Onlar qeyd aləmin məndən yaxşı bilirlər. Bəzən mən cinçıxarma mərasimlərində çəkilmiş görüntülərə baxıram, özüm özümdən qorxuram. Hiss edirəm ki, bu, mən deyiləm, o hissləri heç vaxt açıqlaya bilmərəm, onu keçirən başa düşə bilər.

 

- Cinlər sənə görünürmü, danışırsınızmı?

 

- Əlbəttə, mənə görünürlər.

 

- Adları var cinlərinin?

 

- Yox, məndə 3 dənədi. Onlara ad qoymamışam. Cinlərin böyüklərinin də, sözsüz, hamısının da adları var. Məndəkilərin də adları var, amma mən bunu gizlin saxlayıram. Hətta elə olub ki, evə gəlib axtarıblar, demişəm, hara istəyirsiniz, baxın, tapa bilməyiblər, o səsləri də eşitdirmişəm onlara. Düzdü, o səsi hər adama eşitdirməyi də rəva bilmirəm. Ancaq kiməsə sübut eləmək üçün lazım olub.

 

- Cinlərinin yediyi xüsusi bir qida varmı?

 

- Yox, onlar enerji ilə qidalanırlar. Bizim ətrafımız başdan-ayağa enerjidir. Onlar da həmin enerji ilə qidalanırlar. Bizdə ev 4 otaqdır, mən onlara 2 otaqda gəzməyə icazə vermişəm, o biri otaqlara keçməyə qoymuram. Bilirsiz, bu gün mən cinləri özümdən asılı vəziyyətə saldığım üçün qınaq obyektinə çevrilmişəm. Nəyə görə axı? Süleyman əleyhsalam da cinləri özündən asılı vəziyyətə salmışdı. Düzdü, o da o vaxtı qınaq obyektinə çevrilmişdi. Mənə bir balaca, cüzi bir şey verilib, onu idarə edirəm. Mən Allahımın quluyam, kafir deyiləm, sadəcə, Süleyman əleyhsalamın yolunu davam etdirirəm, cinləri idarə etməyi bacarıram, burda nə günah var ki? Əgər cinləri özümə tabe edirəmsə, niyə qınanmalıyam, pis olmalıyam?

Bir də görürsən, biri gəlir ki, Həsən müəllim, eşitmişik cindarsız, qurd yağı satırsız? Deyirəm, yox, səhv eşitmisiz, mən pislik eləmirəm, sadəcə, cinlərlə danışdığıma görə mənə cindar deyirlər.

 

- Cinlərinin neçə yaşı var, qocadılar, yoxsa sənlə yaşıddılar?

 

- Bilirsiz necədi, cin aləmində bir şey var, cinlər deyir, məndən nə haqda soruşursan, soruş, ancaq mənim haqqımda soruşma. Ən sevmədikləri şeydir. Yaş demək olmaz, ancaq bilirəm ki, cavan cinlərdi. Şəxsən onlardan soruşanda susduqları tək mövzu budur. Təkcə yaş yox, onların yaşayışı, həyatı və s. barədə. Misalçün, müsəlman cinlər şeytanlara qarşıdılar. Mənim cinlərim də müsəlman olduqları üçün şeytanlara qarşıdılar. Bəzən hansısa xəstəni müalicə etməyə gücüm çatmır, onlardan kömək istəyirəm ki, bir siz də istiqamət verin, nəsə bir şey edin. İnanın, o qədər köməkləri dəyir ki...

 

- Sən görürsən də onları, təxminən neçə yaş verərsən cinlərinə?

 

- Yəni cavandılar. Yaşlı deyillər. Hardasa, mənlə yaşıddılar. Bu haqda danışmaq olmaz. Mən bu haqda danışsam, bütün islam dünyasının alimlərinin hücumuna tuş gələrəm. Çünki bu haqda dünyanın ən məşhur görücüləri də danışmır.

 

- Bizdə adamlar evdə adətən, it-pişik saxlayırlar, sən isə cin saxlayırsan. Çox çətin deyil cinlərlə yaşamaq?

 

- Bizə xoşbəxt deyillər, ancaq əslində, biz ən bədbəxt insanlarıq. Ən çətin həyatı biz sürürük. Şəxsi həyatımızın xoşbəxtliyini, başqalarının rahatlığına qurban veririk.

 

- Cinlər evə başqa dostlarını qonaq dəvət edirlər, yoxsa 3-ü tək yaşayır?

 

- Mənim evimə məndən icazəsiz heç bir qüvvə girə bilməz. Çünki mən onlardan asılı deyiləm, onlar məndən asılıdır. Bəzi baxıcılar özləri şeytandan asılıdırlar, ona baş əyiblər deyə, yanlarında adi bir Quran surəsi oxuyanda havalanırlar. Mən də vaxtilə elə olmuşam. Onları başa düşürəm, ancaq indi insanları Quran surəsi ilə müalicə edirəm.

 

- Saxladığın cinlər qohumdurlar, yoxsa bir-birinə yaddırlar?

 

- Onların 3-ü də bir məxluqdandır. Bir kəlmə belə yazarsan: 3-ü bir məxluqdandır.

 

- Evdə bir-biriləri ilə dalaşırlar heç?

 

- Yox, məndən icazəsiz heç nə edə bilməzlər. Arabir bir balaca küskünlük olur. Onlar məndən həmişə qayğı gözləyirlər, mən də bunu edə bilməyəndə küsürlər.

 

- Qısqancdılar?

 

- Qısqanc yox, çox qısqancdılar.

 

- Evə gələn qızlara qısqanırlar səni?

 

- O mənada qısqanc yox, məsələn, onlara vaxt ayırmayım, dostlarımla bir yerdə oturum, deyim-gülüm, bir müddət onlarla danışmayım, tez küsürlər.

 

- Küsəndə necə barışırsınız bəs?

 

- Onların çox sevdiyi bir surə var – “Cin” surəsi. Açıram Quranı qoyuram, diskdə oxuyur. Onların çox xoşuna gəlir. Qulaq asan kimi barışırlar.

 

- Xaricə gedəndə onları da aparırsan özünlə, yoxsa evdə qalırlar?

 

- Yox, onları özümlə aparmağı xoşlamıram. Bir yerə gedəndə qoyuram öz otağımda. Ya da mən istədiyim vaxt çağırıram, gəlirlər. Qardaş, bunlar işıq surətində hərəkət edirlər.

 

- Heç olub ki, səndən icazəsiz evdən qaçıb harasa getsinlər?

 

- Mən Həccdən gələndən, onlar mənim tabeçiliyimə keçəndən sonra belə şey olmayıb.

 

- Həsən, bayaq dedin, ilk baxışdan insanların taleyini görmək olur. Mənə baxanda nə görürsən, nə deyə bilərsən gələcək taleyimlə bağlı?

 

- Mən iyləri çox yaxşı hiss edirəm. Cinlərin də özünəməxsus gözəl iyləri var, çox gözəl tanıyıram həmin iyini. Bax, həmin iy gəlir səndən. Ancaq üstündə çox qalmayıb. Gəlib gedib. Allah eləməsin, üstündə qalsın. O iylər cinləri daha da özünə çəkir. Gələcəklə bağlı isə sənə deyə bilərəm ki, səndə yaxın zamanlarda uğur görmürəm. Mən yalan danışmağı sevmirəm. Böyük bir uğur, nailiyyət görmürəm. Böyük bir yalnız 6 il keçdikdən sonra ola bilər. Bu 6 ili isə indiki kimi yaşayacaqsan. Ola bilər, bir az qalxasan, amma yenə həmin yerə qayıdacaqsan. Bunun səbəbləri var, amma o səbəbləri burda açıqlaya bilmərəm. Evə gələrsən, açıqlayaram.

 

- Cinlərin cinsiyyəti var?

 

- Var, onlar da bizim kimi kişi və qadın cinslərinə bölünürlər. Məndə 3-ü də oğlandır. Fikir verdinsə, kişi demədim, oğlan dedim. O da bir işarədir. Gəncdilər, böyük enerjiləri var. Cinlər də bizim kimi yaşayırlar. Onların da ailələri-filan var.

 

- Öz cinlərindən başqa cin tanıyırsan? Azərbaycanda və ya başqa yerdə.

 

- Öz cinlərimdən başqa 4 cin padşahı və onların adını bilirəm. Onlarla birbaşa tanışlığım yoxdur, amma lazım olanda çağırıram, söhbət edirəm.

 

- Bakıda yaşayırlar, yoxsa laməkandırlar?

 

- Qardaş, cinlər işıq surətində bir enerjiyə sahibdilər. İstədikləri vaxt, istədikləri yerdə olurlar. Bunlar mənim üçün adi hal alıb, amma camaat məndən çəkinir. Hətta idman edəndə də görürəm ki, məndən qorxurlar.

 

- Həsən, qapıdan içəri girəndən bəri (müsahibə APA Holdinqin binasında baş tutub – A.G.) bu binada cin, şeytan qoxusu hiss eləməmisən ki?

 

- Yox, binada cin-şeytan yoxdu. Ancaq bəzi şeylər var. Çoxlu başqa neqativ enerjilər var.

 

- “Space” televiziyasının efirində cin çıxarmağın qalmaqala səbəb olmuşdu. O hadisə barədə nə deyə bilərsən?

 

- Mən orda bir qadından cin çıxarmışdım. İkinci gün qonaq olanda isə kişinin çakralarını açırdım. Ancaq həmin gün də bir gün əvvəl qadından çıxardığım cin studiyada idi. Sənə bir şey deyim ki, onlar bundan sonra çətin işləsinlər. Deyirdilər ki, aparıcılar cinə görə işdən çıxıb, xeyr, aparıcılar tamam başqa şeylərə görə işdən çıxıb. Və mən burda diaqnozumu qoyuram, Həsən Həsrətli diaqnozunu qoyur. İkinci aparıcı da orda işləyə bilməyəcək, çıxacaq.

 

- Şeytanın təsirləridir, hə, hamısı?

 

- Şeytanın təsirlər də var təbii, ancaq həm də məni şərlədikləri üçün bu baş verəcək.

 

- Həsən, sənin cinlərinə nə vaxtsa tanış olmaq mümkündür?

 

- Əlbəttə, mümkündür. Bunun üçün mənim evimə gəlmək kifayətdir. Bir az da ən rahatı qaranlıq çökən vaxtı gəlməkdir. Əsas odu, sənin qəlbin təmiz olsun. Sadəcə, hava bir balaca qaralmış olsun.

 

- Mən necə görünürəm ordan? Qəlbim təmizdi səncə?

 

- Yaxşı deməyi xoşlamıram, amma hiss olunur ki, təmiz qəlblisən.

 

- Cin-zad görünmür mənim içimdə?

 

- Yox, sənin içində cin yoxdur, amma gəlir, gedir. Allah eləməsin o qalsın səndə.

 

- Amma yaxşı, müsəlman cinlərdir də, hə?

 

- Yox, səndəki cinlər müsəlman deyil. Dinlidir, ancaq müsəlman deyil. Deyəsən, xristiandır. Ancaq pis deyil, yaxşı cindir. Sənə pis niyyətlə gəlmir. Sənə ziyanlıq vurmaq istəmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19715
avatar

Anar Gəraylı

Oxşar yazılar