Zərdab rayonunda torpağın altında odlu silah-sursat gizlədən şəxs saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Zərdab rayon Polis Şöbəsinə vətəndaş Cəmaləddin Xammədovun üzərində silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər həmin şəxsi Zərdab-Ağcabədi yolunda saxlamağa nail olublar.
C. Xammədovun əlindəki ağ torbaya baxış zamanı döyüş sursatı olan ümumilikdə 157 ədəd patron aşkar edilib. Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı C. Xammədov Beyləqan rayonu ərazisində çöl sahədə 1 ədəd “AKM” markalı avtomatı torpağın altında basdıraraq gizlətdiyini bildirib. Zərdab rayon Polis Şöbəsi əməkdaşları göstərilən yerə baxış zamanı saxlanılan şəxsin torpağın altında basdırdığı 1 ədəd avtomat silahı, sandıqçanı və əlavə 30 ədəd patronu aşkar edərək götürüblər. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.
Faktla bağlı rayon Polis Şöbəsində müvafiq istintaq tədbirləri davam etdirilir.