Tərtərtdə iki nəfəri öldürən Asəf Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Tərtər rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, bu il fevralın 19-da Tərtər rayonu ərazisində 42 yaşlı Gülnar Məmmədova və 31 yaşlı Namiq Allahverdiyevin öldürülmələrinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
İbtidai istintaq zamanı 53 yaşlı Asəf Məmmədovun heç bir əsaslı səbəb olmadan arvadı Gülnar Məmmədovaya bıçaqla, daha sonra isə Namiq Allahverdiyevə odlu silah və bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Asəf Məmmədova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə yekun ittiham elan edilib və cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, N. Allahverdiyev A. Məmmədovun evində bənna kimi çalışıb. G. Məmmədova isə Tərtər rayon icra hakimiyyətinin İqtisadiyyat şöbəsində baş məsləhətçi vəzifəsində çalışırmış. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.