Telefona gələn mesaj, Əmrahın qətli - Sabiq qanun keşikçisinin CİNAYƏT İŞİ
19 avqust 2022 20:15 (UTC +04:00)

Telefona gələn mesaj, Əmrahın qətli - Sabiq qanun keşikçisinin CİNAYƏT İŞİ

CİNAYƏT İŞİ

Qısa arayış…

2020-ci il sentyabrın 28-i səhər saat 6 radələrində Bakının Nəsimi rayonu 4-cü mikrorayon ərazisində bıçaqlanma hadisəsinin olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olur. Bildirilir ki, zərərçəkmiş, 1997-ci il təvəllüdlü Əmrah Mustafazadə həkimlərin müdaxiləsinə baxmayaraq, Respublika Klinik Xəstəxanasında dünyasını dəyişir.
 
Həmin gün 1986-cı il təvəllüdlü Cavid Əliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılır. Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.

İstintaq fotosu

Məlumata görə, C. Əliyev bundan əvvəl bir neçə dəfə məhkumluq həyatı yaşayıb. 
 
Lent.az həmin qətl hadisəsinin istintaq materiallarını təqdim edir:

İstintaq fotosu

İstintaqla müəyyən edilib ki, 2020-ci il sentyabrın 27-də Əmrah Mustafazadə ilə Cəmil Hacıyev arasında mübahisə yaranıb. Bunu bilən, Cavid Əliyev Cəmillə birlikdə Əmrahı cəzalandırmağa qərar veriblər. Bu haqda məlumat alan Əmrah Cavidin hərəkətindən qəzəblənib və onun telefonuna mesaj göndərib. Sentyabrın 28-i səhər saat 4 radələrində Əmrah Mustafazadə tanışı Elmin Qasımzadə ilə birlikdə icarə əsasında idarə etdiyi “Hyundai” markalı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən H.Seyidzadə küçəsi, 16 ünvanına gəlib. Maşından düşərək, Cavid Əliyevi söydüyündən, yumruq zərbəsi alıb. Yenə də söyüş söyərək, qaçmağa başlayıb. Onu təqib edən C. Əliyev çataraq ona bıçaqla xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş Respublika Klinik Xəstəxanasında ölüb.

Əmrahın maşını 

İş üzrə dindirilmiş Cavid Əliyev bildirib ki, qeyri-rəsmi Zöhrə Bayramova ilə yaşayıb. Əmrah Mustafazadəni hadisəyə kimi 2 ya 3 dəfə görüb, onunla münasibət qurmaqda maraqlı olmayıb:

“Sentyabrın 28-i gecə saat 1 radələrində Əmrah mobil nömrəmə zəng etsə də, cavab vermədim. Mənimlə əlaqə yarat, ciddi problemim var səninlə məzmununda ismarıc göndərdi. Saat 3 radələrində mənə Əmrahın Babaş adlı dostunun telefon nömrəsindən zənglər daxil oldu. Əmrah mənim harda olduğumu soruşub. Təhqir edərək, təcili görüşməyimizi və məni vuracağını bildirib. Artıq söyüşlərindən bezmişdim. Onu 4-cü mikrorayon dairəsi yaxınlığına çağırdım. Düşündüm ki, narkotik satışı ilə məşğul olan insanlardan xoşu gəlmədiyi üçün mənimlə görüşmək istəyir. Əmrahı şadlıq sarayı ilə üzbəüz, məhəlləyə dönən yolda gözlədim. Məhəllədə yaşayan Nicat Cəfərliyə məxsus “KİA” markalı avtomobildə əyləşdim. 10-15 dəqiqə sonra Əmrah idarə etdiyi “Hyundai” markalı avtomobillə gəlib, qarşımızda saxladı. Yanında əyləşən Elmin adlı şəxslə birlikdə bizə yaxınlaşdı. Salam verib, mənimlə nə işi olduğunu soruşduqda, Əmrah məni söydü. Üzünə yumruqla zərbə vurdum, o da, avtomobilinə tərəf qaçdı. Nəqliyyat vasitəsindən nə isə götürüb məni vuracağını fikirləşdim. Ailəmə qarşı ağır söyüşlər işlətdiyi üçün bel kəmərimə keçirdiyim bıçağı çıxarıb, arxasınca qaçdım. Avtomobilinin qapısını açmağa imkan tapmayan Əmrah gəldiyimi görüb qaçmaqda davam etdi. “Yeganə” şadlıq sarayının qarşısında qəflətən yerə yıxıldı. Yerdə uzanıqlı vəziyyətdə mənə təpik atanda bıçaqla onun ayağına bir dəfə zərbə vurdum. Sonra dostumun avtomobilinə əyləşdim və hadisə yerindən uzaqlaşdıq. Şəhərdə bir az hərəkət etdikdən sonra Nicat məni Hüseyn Cavid prospektində düşürdü. Sonra taksi ilə evə qayıtdım. Həmin gün polis əməkdaşları evimə gəldikdə təslim olaraq bıçağı onlara təqdm etdim. Sonradan Əmrah Mustafazadənin aldığı xəsarətdən öldüyünü öyrəndim”.

Əmrahın meyiti
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Xalidə Mustafayeva ifadəsində göstərib ki, 1997-ci ildə ailə həyatı qurub, nikahdan 2 övladı dünyaya gəlib:

“2020-ci il sentyabrın 27-də saat 24 radələrində oğlum Əmrah evə gələrək, siqaret almaq üçün məndən 4 manat aldı. Uzağa getməməsini deyəndə o, məhəllədə olduğunu söylədi. Səhər saat 4-5 arası oğlumun Elmin adlı dostu zəng edərək, Əmrahın bıçaqlandığını bildirdi. Xəstəxanaya çatanda artıq övladımın öldüyünü öyrəndim”.

İstintaq fotosu
 
Şahid Nicat Cəfərli bildirib ki, sentyabrın 28-də gecə idarə etdiyi “KİA” markalı avtomobillə 4-cü mikrorayon dairəsi istiqamətində hərəkət edərkən, dostu Cavid Əliyevin yolun sağ tərəfində, səkidə dayandığını görüb:

“Avtomobili saxlayıb Cavidlə görüşmək istəyərkən o maşına əyləşdi. 2-3 dəqiqə sonra Cavidin telefonuna zəng gələndə, o, danışdığı şəxsə “4-cü mikrorayon dairəsindəyəm, sənin mənimlə nə ciddi işin ola bilər, gəl burdayam” dedi. 10 dəqiqədən sonra tanımadığım və adının sonradan Əmrah olduğunu öyrəndiyim şəxs ağ rəngli “Hyundai” markalı avtomobillə gəldi. Əmrah yaxınlaşan kimi Cavidi söydüyü üçün dostum sağ əli ilə onun üzünə zərbə endirdi. Zərbədən Mustafazadə geri çəkilərək, qaçmağa başladı. Cavid onu təqib edirdi. Mən də Elmin ilə onların arxalarınca qaçdıq. Əmrah yolun əks tərəfində, üç mərtəbəli obyektin qarşısında yerə yıxıldı. Cavidin ona bıçaqla xəsarət yetirdiyini görmədim. Sonra Cavidlə ordan uzaqlaşdıq. Avtomobilimin qapısını açıb arxaya baxanda Əmrahın axsayaraq, şadlıq sarayı istiqamətində getdiyini gördüm. Həmin gün saat 19 radələrində Əmrahın öldüyünü, Cavidin isə tutulduğunu eşitdim”.

İstintaq fotosu, üzük
 
Şahid Zöhrə Bayramova ifadəsində göstərib ki, qeyri-rəsmi nikahda yaşadığı Cavid Əliyev bundan əvvəllər hüquq-mühafizə orqanlarında işləyib, lakin sonradan xidmətdən kənarlaşdırılıb:

“Uzun müddət heç yerdə işləmirdi. Aldığı təqaüd və imkanlı dostlarının köməyi ilə dolanırdı. Bir il əvvəl törətdiyi xuliqanlıq əməlinə görə, ona elektron qolbaq taxılmışdı. Bu səbəbdən də gecə saatlarında adətən evdə olurdu. Sentyabrın 27-də yaşadığımız evdə olanda yoldaşımın telefonuna dəfələrlə zənglər daxil oldu. Adətən Caviddən hara getdiyini soruşmazdım. Eə bu dəfə də onu sorğu-sual etmədim. Səhər saat 5 radələrində Cavidin və başqa bir şəxsin qışqırıq səslərini eşitdim. Dərhal eyvana çıxıb. “Hyundai” markalı avtomobilin uzaqlaşdığını gördüm. Yoldaşımın səsini eşitməyimə əmin olsam da, özünü görə bilmədim. Bir neçə saatdan sonra Cavid qayıtdı. Nə baş verdiyini soruşanda, o, tanışı Əmrahın söyüşə görə, ayağından vurduğunu bildirdi”.

İstintaq fotosu
  
 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Əliyev 13 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8676
avatar

Mehman Nəbiyev

Oxşar yazılar