Bakının Qaradağ rayonu ərazisindəki Lökbatan-Qobu yolunda naməlum şəxs Abşeron rayon sakini olan bir nəfərin 477 manat pulunu soyğunçuluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs, Cəbrayıl rayon sakini Nurlan Quliyevi polis əməkdaşları saxlamaq istəyəndə tabesizlik göstərərək idarə etdiyi “Vaz 2114” markalı avtomobillə oradan qaçıb.
Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi və Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda Nurlan Quliyev idarə etdiyi avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində hadisəni narkotik vasitələrin təsiri altında törətdiyini, ictimai asayişi pozduğuna və yaşadığı ünvanda digər şəxslərə narahatçılıq yaratdığına görə peşman olduğunu bildirib.
Qeyd edilən faktlarla bağlı Qaradağ rayon Polis İdarəsində Nurlan Quliyev barəsində araşdırmalar davam etdirilir.