Rusiyanın Leninqrad vilayətində bir kişi qonşularını həlledici maddə ilə (rastravitel) töküb yandırıb və qaçıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Slantsı şəhərində, Kirov küçəsindəki mənzildə baş verib. İlkin məlumata görə, şübhəli şəxs 26 sentyabrda həlledici maddə dolu kanistr alıb qonşularının evinə girərək üzərlərinə töküb. Daha sonra o, mayeni yandırıb və hadisə yerindən qaçıb. Yanğın nəticəsində bir qadın həlak olub, daha dörd nəfər xəsarət alıb.
Zərərçəkənlər təcili şəkildə xəstəxanaya yerləşdirilib. Onlarda yanıqlar və dəm qazından zəhərlənmə aşkarlanıb. 42 yaşlı qadında çiyin nahiyəsində termik yanıq, 42 yaşlı kişidə isə bədənin təxminən 40%-də yanıq diaqnozu qoyulub. 49 və 55 yaşlı iki kişi isə dəm qazından zəhərlənib. İki nəfərin vəziyyəti son dərəcə ağırdır.
Hüquq-mühafizə orqanları 33 yaşlı şübhəlini saxlayıb. O, törətdiyi cinayəti etiraf edib. Onun üzərindən alışqan və beşlitrlik kanistr götürülüb. Hazırda cinayət işi açılması məsələsinə baxılır.