"Evimdə aşkarlanan milyonlar arvadımın babasından miras qalıb" - Vilyam Hacıyev  DANIŞDI
27 may 2022 14:41 (UTC +04:00)

"Evimdə aşkarlanan milyonlar arvadımın babasından miras qalıb" - Vilyam Hacıyev DANIŞDI

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Lent.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevə ifadə verməsi təklif olunub.

Prosesdə ifadə verən Vilyam Hacıyev bildirib ki, 42 il dövlət orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən rəhbər vəzifələrdə işləyib:

"Bu gün mənə bu vəziyyətdə ifadə vermək çox çətindir. İstintaq materiallarında da göstərilir ki, təhsil, səhiyyə və digər qurumlardakı yeyintilərdə də mən ittiham olunuram. Həmin qurumlar mənə tabe olmayıb. Onların tabe olduqları qurumlar var. Mənim onlara söz deməyə nə səlahiyyətim olub, nə də ixtiyarım. 

İcra hakimiyyətində olan mənimsəməyə gəlincə isə bu əsasən tikinti işləri ilə bağlıdır. Tikinti işləri isə podratçı şirkətlərin hesabına köçürülüb, bunu mənim tərəfdən müdaxilə etməyə də ixtiyarım yoxdur. Podratçı şirkətlərin hesabından pul çıxarmaq, pul tələb etməyim barədə heç bir sübut yoxdur. Ancaq sözlə deyirlər. Bu da sübut kimi qəbul edilir. Mən də desəm ki, kiməsə pul vermişəm onu sübut kimi qəbul edəcəksiniz? Əlbəttə ki, xeyr.

Bəs, belə olan halda niyə mən ittiham olunuram. Əgər tikintilər zamanı podratçı öz hesabından pul çıxarırsa və kiminləsə cinayət əlaqəsinə girirsə, burada mənim günahım nədir? Ayıbdı. Kimsə yeyinti edibsə, mənim üstümə niyə atırlar".

İttiham olunan sabiq icra başçısı abadlaşmaya öz cibindən 8 milyon xərclədiyini açıqlayıb:

“Mən 10 il müddətində İmişlidə öz əmlakın və sahibkar dostlarımın köməyi ilə İmişlinin abadlaşmasına 8 milyon vəsait xərcləmişəm. Bayraq Meydanı, şahmat məktəbi, uzunluğu 20 kilometr olan yolu dövlət büdcəsindən bir manat almadan tikdirmişəm.

Hazırda ittiham olunduğum cinayətlərdə də heç kim mənim adımı çəkməyib. Ola bilsin ki, bu cinayətlər olub, amma məndən xəbərsiz olub. 

Cinayət işində 1 milyon 20 min, ola bilsin 3 milyon manat mənimsəmə deyilir. Mən inkar etmirəm. Amma bu cinayətdə mən iştirak etməmişəm. Yaxın qohumlarım vasitəsilə mən 6 milyon manatı dövlət büdcəsinə ödəməyə hazıram. Güman edirəm ki, bu hal da dövlət büdcəsinə xeyirdir”. 

V. Hacıyev evindən "AKM" markalı avtomat silahının aşkarlanmasına da münasibət bildirib:

"Müəyyən yerlərdə iddia edirlər ki, icra başçısı qanunsuz silah gəzdirir. 2005-ci ildə ailə üzvlərimlə birlikdə Gəncədə ovçular mağazasında olarkən mağaza müdiri mənə təklif etdi ki, ov silahı var. Almaq qərarına gəldik. Həmin vaxt mağaza müdiri dedi ki, bu ov silahında avtomat güllələri də istifadə etmək olur. Silahı aldım, qoydum evə. 10 il sonra həmin silahı evdən köçəndə gördüm. Evimdə axtarış aparılanda həmin silahı aşkar etdilər. Vəkilim həmin mağazaya sorğu verib cavabı alıb. Sorğunun cavabı məhkəməyə təqdim edilib. Cavabdan da görünür ki, həmin silahla cinayətə qəsd edilməyib". 

Sənədlərin saxtalaşdırılması maddəsinə gəlincə isə V. Hacıyev sənədlər tenderdə hazırlandığını iddia edib: 

"Bu sənədlər icra hakimiyyətində hazırlanmayıb. Bunu biz saxtalaşdırmamışıq. Hardasa sənədlər saxtalaşdırılıbsa da, buna icra hakimiyyəti cavabdeh deyil". 

İfadəsinin sonunda Vilyam Hacıyev yaşının və dəymiş ziyanın ödəyəcəyini nəzərə alaraq bağışlanmasını xahiş edib.

Prosesdə dövlət ittihamçısı çıxıb edib.

O bildirib ki, axtarışlar zamanı Vilyam Hacıyevin Bakıdakı mənzilindən 2 milyon 500 min dollar, 1 milyon avro, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı isə icra başçısının cibindən  2550 manat, otaqdan isə 10 min manat aşkar edilib.  

Sabiq icra başçısı həmin pulların rüşvətlə əldə edilmədiyini vurğulayıb:

"Həmin pullar barədə tam açıqlama verirəm. O pullar rüşvətlə əldə edilməyib.  Həmin vəsaitlər mənim həyat yoldaşımın babasından və qohumlarından miras qalıb. Cibimdə isə maaş və aldığım mükafat pulu idi. Həmin pullardan heç biri rüşvət deyil".

Dövlət ittihamçısı Vilyam Hacıyevin ifadəsinə cavab olaraq bildirib ki, 2 milyon dollar və 1 milyon avronun bankdan xarici valyutaya çevrilməsi barədə faktlar var. 

Daha sonra Vilyam Hacıyev prokurorun digər suallarını cavablandırmaqdan imtina edib.

Proses iyunun 3-də davam etdiriləcək.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3615
avatar

Fidan İlqar

Oxşar yazılar