Bakıda iş yoldaşını qətlə yetirən şəxsin məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə qəsdən adam öldurməkdə ittiham olunan Cəlilabad rayon sakini Şahlar Ağayevin cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.
Prosesdə bir daha təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, iştirak edən tərəflərdən, müdafiəçilərdən bir-birlərinə etirazları olub-olmaması öyrənilib.
Məlum olub ki, Şahlar Ağayev Bakı şəhərində kirayədə yaşayıb, çörək və un məmulatları istehsal edən şirkətdə çörəkçi işləyib.
Dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra, Şahlar Ağayev ittiham üzrə özünü qismən təqsirli bildiyini söyləyib.
Daha sonra məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrini növbəti iclasda dinləniləcəyinin qərara alıb.
Proses fevralın 3-nə təyin olunub.
Xatırladaq ki, ötən il martın 14-ü, saat 14 radələrində Pünhan Fərzallının öldürülməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma ilə, Tbilisi prospektində Şahlar Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsi müəyyən edilib.
Şahlar Ağayev şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, mərhum Pünhan Fərzallı Şahlar Ağayevlə eyni şirkətdə çalışıb.