Rusiyanın Tümen şəhərində yerləşən ticarət mərkəzində insanları döyən və bunu videoya çəkən yeniyetmələrin işi Leninski rayon Məhkəməsinə verilib. Orada artıq bir sıra dinləmələr keçirilib. Qondarma “azərbaycanlı dəstəsi”nin işi üzrə təqsirləndirilən şəxslərin çoxu azyaşlılar olduğu üçün proses qapalı keçirilir.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, “Azərbaycanlılar dəstəsi”nin işində yalnız bir yetkin təqsirləndirilən şəxs var – 18 yaşlı Ziya Əbilov. İş üzrə həmçinin təqsirləndirilən şəxslər 15 yaşlı iki yeniyetmə İlkin R. və Hüseyn G-dır.
Vəkil Pavel Rusnakovun sözlərinə görə, şübhəlilərdən ikisinin azyaşlı olması hökmə xüsusilə təsir etməyəcək:
“Bizim cinayət məcəlləmizdə göstərilir ki, cinayət azyaşlılar tərəfindən törədilibsə, ona 10 ildən artıq müddət verilə bilməz. Amma onlara belə bir müddət olmayacaq. Əgər 3 ildən artıq cəza verilsə, onlar 18 yaşına kimi yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan həbsxanada saxlanılacaq. Sonra isə adi cəzaçəkmə müəssisəsinə köçürüləcəklər”.
Xatırladaq ki, iş üzrə təqsirləndirilən şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinirlər. Maddənin maksimum sanksiyası 7 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur, lakin onlara 5 ilədək müddətə məcburi işlərə cəlb olunma da tətbiq edilə bilər.