Gəncədə arvadını öldürməyə cəhddə təqsirləndirilən Əziz Soltanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın xəbərinə görə, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun icraatında araşdırılıb.
İttihama görə, Ə.Soltanov şübhələnib ki, 2015-ci ildə rəsmi olaraq boşandığı Vəfa Soltanova Mingəçevir şəhər mərkəzi xəstəxanasında əxlaqsızlıqla məşğul olur. Buna görə də qısqanıb və onu öldürmək qərarına gəlib.
O bunun üçün içərisində benzin olan plastik qab, eləcə də, soyuq silah hesab edilən bıçağı əldə edib. Bunları bütün günü yanında gəzdirib, gecə saat 01 radələrində sərxoş vəziyyətdə keçmiş həyat yoldaşının yaşadığı evə gəlib. Qapının bağlı olduğu görən Əziz Soltanov hasarın üzərindən atlanaraq həyətyanı sahəyə daxil olub. Evin pəncərələrini qıraraq Vəfanın yatdığı otağa daxil olub. Otağa daxil olan zaman benzin qoyduğu qabın ağzını açaraq yanacağı alışqanla yandırmaq istəyib. Vəfa onun sərxoşluğundan istifadə edərək benzin dolu qabı əlindən almağa nail olub.
Evdə yaranan səs-küydən yeniyetmə övladları yuxudan ayılıb. Ə. Soltanov cibindəki bıçağı ataraq hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanları tərəfindən Əziz Soltanov tutularaq istintaqa təhvil verilib.
Ona Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd, soyuq silah saxlamaq, istifadə etmək, qanunsuz mənzillə daxil olmaq maddələri ilə ittiham verilib.
Məhkəmədə danışan təqsirləndirilən şəxs bildirib ki, Vəfa ilə 2000-ci ildə ailə həyatı qurub və 2 övladları dünyaya gəlib:
“Evliliyimizin ilk vaxtlarında münasibətlərimiz çox yaxşı olub. Lakin bir müddət sonra Vəfa mənim spirtli içki və narkotik alüdəçisi olmağımı bəhanə edərək evdə söz-söhbət salırdı. Münasibətlərim demək olar ki, gərgin bir hal almışdı. Bu səbəbdən 2014-cü ildə rəsmi olaraq boşandıq. Məhkəmənin qərarı ilə övladlarım anasına verildi. Lakin yenə də mənim Vəfa ilə münasibətlərimizi bərpa etmək niyyətim vardı. Lakin o, barışmaq istəmədiyini, içkidən və narkotikdən uzaqlaşacağım təqdirdə barışacağını deyirdi. Mən bir neçə dəfə Vəfa ilə danışan zaman onu öldürməklə qorxuzaraq barışmaq istəmişəm, lakin müsbət nəticə əldə edə bilməmişəm. Bunlar bəhanə idi. Vəfanın işlədiyi yerdə əxlaqsız etdiyindən şübhələnirdim”.
Ə.Soltanov sonuncu dəfə Vəfaya zəng edərək spirtli içkini atdığını və barışmaq istədiyini söyləyir:
“Vəfa yenə mənə inanmadı və barışmaq istəmədi. Buna görə çox əsəbiləşdim və evimə gələrək spirtli içki qəbul etdim. Vəfanın dediyi söz yadıma düşdüyü üçün əsəbiləşərək, qərara gəldim ki, gedib onu qorxuzum. Bəlkə məni bağışlayar. Buna görə evdən çıxanda özüm ilə 5 litrlik boş su qabını və idarə etdiyim “KaMAZ” markalı maşında qoyduğum bıçağı özüm ilə götürdüm. Taksiyə mindim və yoldan benzin aldım. Vəfanın yaşadığı evin qarşısına gəldim. Qapı bağlı olduğu üçün içəri girə bilmədim. Hasardan hoppanaraq evin həyətinə daxil oldum. İkinci mərtəbəyə daxil olmaq istəyəndə gördüm qapı bağlıdır. Zərbə vuraraq qapını açdım. Səs-küy olduğundan Vəfa yuxudan duraraq üzərimə gəldi. Onu qorxuzmaq üçün qabın içindəki benzinin hamısını Vəfanın üzərinə töküb cibindən alışqanı çıxartdım. Məqsədim onu qorxuzmaq idi ki, mənimlə barışsın. Alışqanı çıxaran zaman qızım Lalə və qaynanam Xalidə mənə tərəf gələrək mane oldular. Həmin vaxt səs-küy düşdü. Səs-küyə camaatın toplaşa biləcəyindən ehtiyat etdiyimdən otaqdan çıxdım. Həmçinin bu vaxt şalvarımın kəmər hissəsinə qoyduğum bıçaq yerə düşdü”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisədən bir neçə gün sonra Vəfanın şikayəti ilə bağlı onu polisə çağırdılar:
“Mən polisdə də bildirdim ki, Vəfanı öldürmək, yandırmaq niyyətim olmayıb. Mənim kifayət qədər imkanım var idi ki, onu yandıraraq öldürüm. Vəfanın yaşadığı evə getməmişdən əvvəl götürdüyüm alışqanın baş hissəsi qırıq olub. Vəfanı öldürmək kimi bir niyyətim olsaydı, özümlə gətirdiyim bıçaqla onu həyatdan məhrum edərdim. Ona bıçaqla nəsə etməmişəm. Qızım və qaynanam müqavimət göstərə biləcək qədər qüvvələri olmayıb, bu səbəbdən də əgər bıçaq tətbiq etmiş olsaydım asanlıqla Vəfanı öldürə bilərdim”.
Zərərçəkmiş şəxs qismində dindirilən V.Soltanova isə ifadəsində bildirib ki, boşanmaqlarına baxmayaraq Ə.Soltanov ondan əl çəkməyib:
“O mənə işlədiyim yerdə əxlaqsızlıq etdiyimi iddia edirdi və öldürməklə hədələyirdi. Mən onu spirtli içki və narkotik vasitə qəbul etdiyi üçün qəbul etmirdim.
Hadisə günü də evdə yatmışdım. Birdə qapının qırıldığını gördüm. Əziz əlində 5 litrlik plastik qab, digər əlində isə alışqanla otağıma daxil oldu. Daha sonra benzini üzərimə tökdü. Bu zaman uşağım anam səs-küyə yuxarı qalxdı. O benzini tökən zaman məni küçə sözləri ilə təhqir edərək yandırıb öldürəcəyini deyirdi. Həmin vaxt qorxudan donub qalmışdım. Həm də benzin gözümə düşmüşdü. Gözüm toranlaşmışdı, heç nə görmürdüm. Qorxumdan yatağın altına girdim. Əziz əli ilə məni oradan dartıb çıxardı və bir əlində alışqan var idi. Alışqanı yandırmaq istəyən zaman qızım ona mane oldu. Həmin vaxt alışqanın başı qırıldı. Bu da qorxub geri qaçdı. Bıçaq çıxardığını gördüm. O çıxmaq istəyərkən bıçaqla məni vurmağa çalışdı. Lakin bıçaq mənə dəymədi”.
Məhkəmənin hökmü ilə Əziz Soltanov 11 il 6 ay azadlıqdan məhrum edilib.