Alimentə görə bıçağı arvadının ürəyinə sancdı  - Gözəllik salonunda bitən AİLƏ DRAMI
06 yanvar 2025 20:15 (UTC +04:00)

Alimentə görə bıçağı arvadının ürəyinə sancdı - Gözəllik salonunda bitən AİLƏ DRAMI

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il aprelin 13-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Belə ki, 1980-ci il təvəllüdlü Bakı şəhər sakini İsrafil Yusifov rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə gələrək arvadı Aygün Yusifovanı öldürməsi barədə məlumat verib. 
 
Məlumatla əlaqədar, polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Məlum olur ki, cinayət hadisəsi 5-ci Binəqədi küçəsi, 2 ünvanında yerləşən “Stil Beauty” gözəllik salonunda baş verib. Giriş qapısının qarşısında, döşəmədə qadın meyiti, ətrafinda damcı və yayılmış halda qan ləkələri aşkar edilib. Meyitin bədən səthində çoxsaylı xəsarət izləri olması müşahidə olunub, ürəyə yaxın hissəyə bir ədəd gümüşü rəngli qatlanmayan bıçaq sancılaraq qalıb. Salonun tavanında video-müşahidə kamerası quraşdırıldığı məlum olub. 
 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, 2023-cü il martın 27-də Binəqədi rayon məhkəməsinin “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsinə əsasən İsrafil və Aygün Yusifovların aralarında bağlanmış nikah pozulub. 2006-cı, 2008-ci və 2016-cı il təvəllüdlü övladlarının analarının yanında qalması və uşaqların yetkinlik yaşına çatanadək İsrafil Yusifovun cavabdeh olaraq, aylıq qazancının yarısı miqdarında alimentin tutularaq Aygün Yusifovaya verilməsi haqda qərar qəbul edilib. Aprelin 5-də adına olan əmək haqqı ödənişi kartına 529 manat pul köçdüyünü, həmin məbləğin 300 manatını yalnız Lənkəran şəhərində müvəqqəti yaşadığı evin kirayəsinə ödəməli olduğunu və yerdə qalan pulun ayın sonunadək kifayət etməyəcəyəni görən İsrafil Aygünə zəng edib, özündə qalan pul vəsaiti ilə dolana bilməyəcəyini deyib. Bakıda yaşadıqları M.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi, 13 ünvanında yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinin kirayəsindən aldığı 250 manat pulu ona göndərməsini tələb edəndə keçmiş arvadı buna etiraz edib.

Bundan əsəbiləşən İsrafil həmin kirayə pulunu gələcəkdə özü almaqdan ötrü Aygünü tamah niyyəti ilə öldürmək qərarına gəlib. Bu məqsədlə aprelin 13-də səhər Bakıya gələrək, Binəqədi rayonun Svetlana Məmmədova küçəsi, 68 ünvanında yerləşən “Rahat market” mağazasından məişət təyinatlı bıçaq alıb və saat 11:30-da 5-ci Binəqədi küçəsi, 2 ünvanındakı “Stil beauty" gözəllik salonuna gedib. Orada işləyən Aygünə bir daha əmək haqqı kartına köçürülən pulla dolana bilməyəcəyini bildirərək, evin kirayəsindən hər ay aldığı 250 manat pulu verməsini tələb etdikdə qadın bundan imtina edib.

Buna görə cibindən bıçağı çıxarıb, ona xəsarətlər yetirib. Bıçaq zərbələrinin təsiri nəticəsində müqavimət göstərə bilməyən qadın yerdə sürünərək, ondan uzaqlaşmağa çalışıb. Onu öldürməməsi barədə aman diləməsinə məhəl qoymayıb, rəhmsizliklə ümumilikdə qadının bədəninə 8 dəfə zərbə endirib. Axırıncı zərbəni Aygünün ürəyinə vurub və bıçağı həmin nahiyədə sancılmış vəziyyətdə saxlayaraq hadisə yerindən uzaqlaşıb. Bu hərəkəti ilə, İsrafil Yusifov keçmiş arvadını öldürüb.


 
İş üzrə dindirilmiş İsrafil Yusifov bildirib ki, 2012-ci ildən supermarketdə çalışıb. 2015-2017-ci illərdə Xaçmaz rayonunda yerləşən filialda menecer, 2021-ci ildən Lənkəran rayonunda yerləşən filialda müdir vəzifəsində işləyib:

“1700 manat əmək haqqı alırdım. Lənkəran rayonun Liman qəsəbəsində kirayədə qalırdım. Hər ayın əvvəlində 2-3 günlük Bakıya, Rəsulzadə qəsəbəsində yaşayan ailəmin yanına gəlirdim. Həmin evdə bir həyətdə yerləşən ayrı-ayrı evlərdə valideynlərim, 2 qardaşım, arvadım və uşaqlarım yaşayırdılar. Aygün evin 1-ci mərtəbəsini mənim razılığımla kirayəyə vermişdi. Arvadım 2020-ci ildən gözəllik salonunda işləməyə başladı. 2015-ci ildə Xaçmazda bir qadınla münasibətdə olmağımdan xəbər tutan Aygün mənimlə mübahisə etdi. İşimlə əlaqədar Lənkəranda yaşamağa başlayandan sonra, Vüsalə adlı qadınla tanış oldum. Onunla qeyri-rəsmi münasibətdə idik. Buna görə, Aygünlə aramızda soyuqluq yarandı. Bakıya gəldiyim vaxtlarda adətən uşaqlarımla vaxt keçirirdim, evə ancaq yatmağa gedirdim.

2023-cü ilin yanvar ayında söhbət zaman arvadım boşanacağını dedi. Aygünün məndən boşanma məsələsini qohum olduğumuzdan ciddi qəbul etmədim. Mart ayında məhkəmənin işçisi zəng edib boşanma ilə bağlı axırıncı iclasın ayın 27-nə təyin olunduğunu bildirdim. Özüm ümumiyyətlə Aygündən boşanmaq istəmirdim. Aprelin 5-də maaş kartıma 529 manat pul köçdüyünü görəndə başa düşdüm ki, arvadım həqiqətən məndən boşanıb və buna görə də əmək haqqının çoxu alimentə çıxıb. Buna görə zəng edib yoldaşıma dedim ki, maaşımdan çox tutublar, heç olmasa evin kirayə pulunu mənə göndər. Çünki 529 manatın 300 manatını Lənkəranda yaşadığım evin kirayəsinə verirdim və ayın sonuna gədər pulumun çatmayacağını düşünürdüm. Əvvəl arvadım mənimlə razılaşdı. 3-4 gündən sonra yenidən əlaqə saxlayıb niyə pul göndərmədiyini soruşanda, Aygün dedi ki, hələ alimentin pulunu almayıb, alanda kirayə pulunu göndərəcək”.

İsrafil Yusifov boşanmasının səbəbini soruşmaq üçün arvadı ilə üzbəüz danışmaq istəyib. Aprelin 13-də iş yerindən istirahət götürüb, istifadəsində olan “Chevrolet Aveo” markalı avtomobillə Bakıya gəlib:

“6-cı mikrorayon dairəsində yerləşən supermarketə girib mətbəx bıçağı aldım və Aygünün işlədiyi gözəllik salonuna yollandım. İçəri daxil olub arvadımla söhbətim olduğunu söyləyərək, qadınlardan çölə çıxmalarını xahiş etdim. Bu zaman Aygün mətbəxdən çıxıb qadınlara bizə bir neçə dəqiqə icazə vermələrini və çöldə gözləmələrini istədi. Niyə gəldiyimi soruşanda, arvadıma 5 dəqiqə danışıb, gedəcəyimi söylədim. Evin kirayə haqqını heç olmasa mənə ver, maaşım karta az oturub, bu pulla dolana bilməyəcəm deyəndə, Aygün sənə heçnə verə bilmərəm, uzağı 150 manat, çünki qalanı komunal xidmətlərə çıxır dedi. Bununla razılaşmayanda, yoldaşım əsəbləşərək ümumiyyətlə mənə heç nə göndərməyəcəyini dedi. Bu vaxt salondan çölə çıxan qadınlardan biri qapını açıb, söhbətimizi evdə etməyimizi və müştərinin gözlədiyini bildirdi. Aygün ona söhbətimizin bitdiyini söyləyəndə, hiddətləndim və gödəkçəmin cibindən çıxardığım bıçaqla ona ilk zərbəni vurdum. Qadın qışqıraraq arxası üstə yerə yıxıldı. Çöldə olan qadınlar içəri daxil oldular. Aygün yerdə dartınıb üzüüstə çevrildi. Xəsarətlər yetirməkdə davam etdim. Axırıncı zərbəni sinəsinə vurdum. Bıçaq ürək nahiyyəsinə sancılmış vəziyyətdə qaldı. Salondan çıxıb yaşadığım evə getdim. Orada avtomobilimi qoyandan sonra 4-cü polis şöbəsinə yollandım”.

İsrafil Yusifov əlavə edib ki, narkotik vasitələrdən istifadə etmir, nadir hallarda spirtli içki içir. Aygünün hər hansı şəxslə sevgi münasibətində və cinsi əlaqədə olması, kiminləsə danışması barədə heçnə eşitməyib və görməyib. Lənkəranda qeyri-rəsmi yaşadığı Vüsaləyə arvadının yanına gedəcəyini deməyib. Ümumiyyətlə elə söhbətlərdən xoşu gəlmədiyi üçün Vüsalə ilə Aygün barədə söhbət etməyib.


 
Şahid Elnarə Süleymanova ifadəsində göstərib ki, 4-5 ildir ki gözəlik salonunda saç ustası işləyir. Aygün Yusifovanı 2020-ci ildən tanıyıb:

“Aygün sakit, mehriban, öz işini görən qadın idi. Aygün həmişə ərindən narazılıq edirdi. Deyirdi ki, əvvəllər yoldaşı ilə münasibəti yaxşı olub, lakin sonradan İsrafil ona bir neçə dəfə başqa qadınlarla xəyanət edib. Buna görə də, aralarında münasibətləri soyuyub. Ailəsinə qarşı laqeyd münasibət göstərdiyindən ondan boşanıb. İşdən gec çıxanda, evi yaxın olsa belə Aygün böyük oğlunu çağırırdı və evə onunla birgə gedirdi. Həmçinin günorta saatlarında evə gedib uşaqlarına yemək verib qayıdırdı. Bəzən bir yerdə harasa istirahət edib, yemək yeməyə getdiyimiz vaxtlarda da övladlarını da özü ilə götürürdü. Boşandıqdan sonra mənə danışmışdı ki, alimentə görə aralarında narazılıq yaranıb. Aprelin 13-də işə gələndə, Aygünün və daimi müştərimiz Solmaz Təhməzovanın salonda olduqlarını gördüm. Bir qədər söhbət edəndən sonra Aygün çay dəmləmək üçün mətbəxə keçdi. Elə həmin vaxt bir kişi salona girib Aygünü soruşdu. Özünü qadının əri İsrafil kimi təqdim etdi. Aygün İsrafilə evdə danışarıq desə də, İsrafil  5 dəqiqə danışıb, gedəcəyini söylədi. Aygün bizdən xahiş etdiyi üçün Solmazla birgə çölə çıxdıq. 4-5 dəqiqə sonra Solmaz salonun qapısını açıb müştəri olduğunu və küçədə dayanmaq istmədiyini dedi və qapını örtdü. Bu zaman qadının qışqırdığını eşitdik. Hər ikimiz dərhal içəri girdik. İsrafilin Aygünü yerə yıxıb ona dayanmadan zərbələr vurduğunu gördük. Solmaz qorxub qapıya tərəf getdi, mən isə küncə sıxılıb dayandım.

Aygün yoldaşının əlindən çıxıb uzaqlaşmaq istəyəndə İsrafil paltarından tutub yenə zərbələr vurmaqda davam edirdi. Sonra salondan çıxıb getdi. Mən çölə çıxaraq ətrafdakı insanlardan təcili yardım çağırmaqlarını xahiş etdim”.
 
Məhkəmə iclasında İsrafil Yusifov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi Nicat Həsənov bildirib ki, hadisə pula görə baş verib. O, bacısını öldürən şəxsə qanun çərçivəsində cəza verilməsini xahiş edib.
 
Məhkəmə hesab edib ki, İsrafil Yusifovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə İsrafil Yusifov 19 il müddətinə azadlıqdan məhrum olunub.
 
Bakı Apellaysiya Məhkəməsinin qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Yusifovun cəzası 17 ilə endirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10080
avatar

Oxşar yazılar