11 kiloqram 710 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr qanunsuz dövriyyədən çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, fevralın 8-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diqqəti cəlb edib.
Şübhəli şəxs yolun kənarında gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb. Saxlanılan şəxsin öz hərəkətlərini maskalamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunub.
Saxlanılan şəxsin Qazax rayon sakini 39 yaşlı Məmmədov Xəyyam Camal oğlu olması müəyyənləşdirilib. Əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələraşkar olunaraq götürülüb.
Həmin gün Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağlanılmış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasitəyə oxşar maddələr aşkarlanaraq götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.