Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” Hesabatı illik əsasda yayımlanır və hər il 31 oktyabr tarixində dərc olunur. İlk dəfə 2002-ci ildən hazırlanmağa başlanmış və ilk hesabat 2003-cü ildə dərc edilmişdir.
“Doing Business”-in ilk hesabatında 133 ölkə, 2017, 2018 və 2019-cu illərdə isə 190 ölkə qiymətləndirilmişdir. Hesabat müxtəlif ölkələrdə biznesin tənzimlənmə mühitini müəyyən zaman kəsiyində müqayisə etmək məqsədi ilə hərtərəfli məlumatlar toplayıb təhlil edərək ölkələri daha effektiv tənzimləmə istiqamətində rəqabətə təşviq edir. Bundan əlavə, islahatlar üçün ölçülə bilən meyarlar təklif edir, həmçinin, alimlər, özəl sektor nümayəndələri, jurnalistlər və bizneslə maraqlanan digər şəxslər üçün məlumat qaynağı rolunu oynayır.
Amma bu günlərdə “Reuters” agentliyi “Beynalxalq Valyuta Fondunun rəhbəri Dünya Bankında çalışarkən Çinin xeyrinə saxtakarlıq edib” başlığı ilə məqalə yayımlayıb. Məqalənin məğzi budur ki, hazırda Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru olan Kristalina Georgieva əvvəllər Dünya Bankında (DB) icraçı direktor vəzifəsində çalışarkən, DB tərəfindən hazırlanan "Doing Business" hesabatının saxtalaşdırılmasında iştirak edib. Araşdırmalar nəticəsində müəyyən edilib ki, Georgieva hesabatda "Çinin nəfinə xüsusi dəyişikliklər edilməsi", Çinin adının yüksək reytinqli göstərilməsi üçün sövdələşməyə gedib. Məsləhətçi Simeon Cankovun yardımından faydalanaraq əməkdaşlara təzyiq göstərib, nəticədə məqsədinə çatıb.
Dünya Bankının 2020-ci il üzrə hesabatında saxtakarlıq edilərək, Çinin adı 7 pillə önə çəkilib, 85 -ci yerdən 78 -ci yerə yüksəldilib. Saxtakarlığn motivi kimi Çin götürülsə də, başqa bir neçə dövlətin adı üzərində də çalışmalar edilib. Məsələn, Səudiyyə Ərəbistanıın adı sünii şəkildə 1 pillə irəlilədilərək, 63 -cü yerdən 62-yə dəyişdirilib.
Budur, Dünya Bankı “Doing Business” hesabatlarının nəşrini tamami ilə dayandırmağa qərar veribr. Reytinqlərinin tərtib edilməsini və nəşrini rəsmən dayandıran “Doing Business” hesabatının reytinq sıralaması ölkələrdə biznes və investisya mühitinin əlverişliliyi, o cümlədən, dünya iqtisadiyyatındakı mövcud vəziyyətin müəyyənləşdirilməsində böyük rol oynayırdı.
Amma təəssüf ki, 2020-ci ilin reytinq hesabatının hazırlanmasında qərəzlilik və maraqlara xidmət müşahidə olundu. Daha öncə, 2020-ci il 27 avqust tarixində açıqlanmış press-relizdə hesabatda nəticələrin saxtalaşdırıldığı əsas gətirilərək hesabatın nəşri təxirə salındı. Hesabatlardakı yalnışlıqların aradan qaldırılması məqsədi ilə qurum tərəfindən kənar audit şirkəti (WilmerHale şirkəti) cəlb edildi və son 5 ilin sistematik qiymətləndirilməsi aparıldı. Dünya mətbuatı aparılan diaqnostik qiymətləndirmələr zamanı bank rəhbərliyinin bəzi ölkələrin (burada Çin nəzərdə tutulur) xeyrinə nəticələrin süni formada yüksəldilməsi göstərişi verdiyini qeyd edir. Aparıcı dünya mətbu orqanları Azərbaycanda aparılan islahatların “Doing Business” hesabatlarında qərəzli şəkildə nəzərə alınmadığından yazır. Burada xüsusi ilə qeyd etmək lazımdır ki, məlumatların doğru əks olunmadığı bildirilən 4 ölkə (Səudiyyə Ərəbistanı, BƏƏ, Çin və Azərbaycan) arasında yeganə olaraq Azərbaycanın göstəricilərinin süni olaraq qurum tərəfindən azaldıldığı, aparılan bir sıra islahatların hesabat üzrə qiymətləndirmələrdə üzə çıxmadığı məlum olmuşdur.
Azərbaycana qarşı qərəzli münasibətin və ölkənin reytinqinin süni formada azaldılmasında hesabatın yaradıcılarından Simeon Dyankovun xüsusi neqativ rolu olduğu qeyd olunur. Aparılan araşdırmalar onu göstərmişdir ki, əgər Dünya Bankı tərəfindən 2020-ci il üzrə hesabatda nəticələr saxtalaşdırılmasaydı Çin 7 pillə, Səudiyyə Ərəbistanı 1 pillə geri mövqedə, BƏƏ olduğu mövqedə, Azərbaycan isə 6 pillə daha ön reytinqdə qərarlaşacaqdı. Aparılan audit yoxlamalarının nəticəsi olaraq hazırlanmış hesabatda düzəlişlər edildikdən sonra Azərbaycanın göstəricisi 6 pillə artmaqla 34-dən 28-ci mövqeyə yüksəldi. Yeri gəlmişkən, “Doing Business”in bəzi ölkələrə qərəzli yanaşması barədə dünya mətbuatında daha öncə də məqalələr əks olunmuşdu.