Aran rayonlarında elektrik enerjisinə tələbat artıb
23 avqust 2011 13:39 (UTC +04:00)

Aran rayonlarında elektrik enerjisinə tələbat artıb

“Mingəçevir REŞ” MMC-nin tabeliyindəki paylayıcı şəbəkələrin xidmət etdikləri aran rayonlarında, Mingəçevir və Naftalan şəhərlərində elektrik enerjisinə olan tələbat çoxalıb. Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunun bir səbəbi respublika əhalisinin rifah halının yaxşılaşması ilə bağlı elektrik enerjisi ilə işləyən məişət cihazlarına üstünlük verilməsi, digər səbəbi isə kənd təsərrüfatının suya olan tələbatı ilə bağlıdır.

Bərdə, Yevlax, Ağdam, Goranboy, Tərtər rayonlarında meliorasiya idarələrinin su nasosları, qurğu və avadanlıqları, o cümlədən artezian quyuları cari ilin iyul ayında daha çox elektrik enerjisi işlədiblər. İstehlakın artmasına baxmayaraq, iyul ayında ödəniş göstəriciləri ötən ilin müvafiq dövrünün göstəricilərini üstələyir. Məsələn, Mingəçevir Elektrik Şəbəkəsi ötən ilin iyul ayına nisbətən bu ilin iyulunda mütləq 17 faizdən çox artım əldə edərək, aylıq istehlak edilmiş elektrik enerjisinin dəyərinin tamamilə ödənişi ilə yanaşı ötən ayların da debitor borcunun müəyyən qisminin ödənişinə nail olub. Yevlax rayonunun energetikləri ötən ilin iyulunda 81,2 faiz, cari ilin eyni dövründə isə 92,6 faiz ödənişə nail olublar. Ağdaş və Ucar şəbəkələrində də artım müşahidə olunub.

Enerji təsərrüfatının yenidən qurulması, smart-kart tipli sayğaclara keçilməsi və digər profilaktik tədbirlər sayəsində isə Naftalan şəhərində enerji haqlarının ödənişi ötən ilin iyul ayı ilə müqayisədə bu ilin iyulunda mütləq 82 faizə yaxın artaraq 96,5 faizə yüksəlib.
# 636

Oxşar yazılar