Tokay Əlizadə: “AGBank müştərisi keyfiyyətə görə pul ödəyir, keyfiyyətli xidmət də almalıdır” - MÜSAHİBƏ
29 mart 2011 11:14 (UTC +04:00)

Tokay Əlizadə: “AGBank müştərisi keyfiyyətə görə pul ödəyir, keyfiyyətli xidmət də almalıdır” - MÜSAHİBƏ

- Tokay müəllim, hələ ötən əsrin sonlarından vətəndaşlarımızın həyatına daxil olmağa başlayan plastik kartlar, bu gün hər birimiz üçün artıq zərurətə çevrilib. Bəs AGBank-ın plastik kartlar bazarındakı yeri haqda nə deyə bilərsiniz?

- Hər şeydən əvvəl onu qeyd edim ki, doğrudan da Azərbaycan əhalisi üçün plastik kartlardan istifadə artıq adi haldır. Lakin müasir dünyamızda plastik kartlardan yalnız bankomatlardan pul çıxarmaq və mal ya da xidmətlərə görə ödəniş etmək üçün istifadə olunmur. Sistem günü-gündən təkmilləşdiyindən, rəqabət şəraitində banklar öz müştərilərinə bir-birindən maraqlı məhsullar təklif etməkdədirlər. Məsələn, elektron ticarəti yada salaq. AGBank-ın plastik kartlar bazarındakı yerinə gəldikdə isə hesab edirəm ki, daim müştərilərinin rahatlığını və təhlükəsizliyini düşünən bankımız plastik kart seqmentində də aparıcı mövqeyə malik olan bank kimi tanınır.

Amma icazənizlə, mən bizim müştərilərimiz haqda bir neçə söz demək istərdim. AGBank müştərisini, bankımızın məhsullarından istifadə edən hədəf auditoriyanı orta və yuxarı təbəqəyə aid etmək olar. Orta təbəqə dedikdə stabil aylıq gəliri olan, özəl və dövlət şirkətlərində işləyənləri nəzərdə tuturam. Bizim bütün məhsul çeşidimiz də məhz bu seqmentlərə hesablanıb. Düzdür, bizim müştəri qrupu arasında tələbələr də önəmli yerlərdən birini tutur. Lakin bu günün tələbəsi sabahın zəngin insanıdır. Biz buna inanırıq və bu səbəbdən AGBank brendini indidən tanımalarını, bu adı sevmələrini təmin edirik.

- Elə isə sualı belə qoyaq: AGBank-ın təqdim etdiyi plastik kartların üstünlükləri, fərqli cəhətləri hansılardır?

- Əslinə qalsa, biz müştərilərimizə kart yox, xidmətlər toplusu təklif edirik. Bu xidmətlər toplusu müştərilərimizin həyatını asanlaşdırmağa, onların dəyərli zamanlarına qənaət etməyə hesablanıb. Biz istəmirik ki, bizim müştərilərimiz uzun növbələrdə qiymətli vaxtlarını itirsinlər. Bu səbəbdən də, biz riteyl bank deyilik. AGBank müştərisi keyfiyyətə görə pul ödəyir, keyfiyyətli xidmət də almalıdır. Biz, yüksək həyat tərzi olan insanlara bu həyat tərzinə uyğun komfortu və xidmətlər toplusunu təklif edirik.

Kartlarımıza gəldikdə isə, bizim kartlarımız digər bankların kartları ilə təkcə müxtəlifliyi ilə seçilmirlər. Biz həmçinin müştərilərimizə paket təqdim edirik. Söhbət, bir hesaba bağlanmış iki ödəniş kartından gedir. Məlum olduğu kimi, dünyada ən geniş yayılmış ödəniş sistemləri MasterCard və VISA sistemləridir. Bu ödəniş sistemləri vasitəsilə dünyanın bütün ölkələrində (İran, İraq, Əfqanıstan və Kuba istisna olmaqla) nağd pul almaq, xidmət və malları ödəmək olar. Yəni, biz müştərilərimizi bir hesaba bağlı olan və hər iki ödəniş sisteminə aid kartlarla təmin edirik. Əgər sistemlərdən biri ilə probleminiz yaranarsa, siz yenə də öz hesabınıza rahatca daxil ola biləcəksiniz.

- Bu necə baş verir?

- Tutaq ki, siz Azərbaycandan kənardasınız və kartınızı itirirsiniz. Ya da kartınız zədələnir. Belə olan halda siz, bank hesabınıza daxil ola bilməyəcəksiniz. Lakin bizim paketlə əldə etdiyiniz kartlardan biri itirildiyi halda, siz sadəcə olaraq itirilmiş kartı bağlayırsınız və ikinci kartla vəsaitlərinizdən istifadə edirsiniz.

Paketin malik olduğu üstünlüklər bununla da məhdud deyil. Bankımızın təqdim etdiyi kart paketinin ən böyük üstünlüyü, bura səyahət sığortasının və AGClub diskont kartının da daxil olmasıdır. Səyahət zamanı, sizi bədbəxt hadisələrdən sığortalayan, tərkibində 19 sığorta növü olan sığorta paketini əldə etməklə, siz hər şeydən əvvəl vaxtınıza və pulunuza qənaət edirsiniz. Əlavə sığorta şirkətinə müraciət etmək, artıq ödənişlər etmək kimi qayğılardan uzaq olursunuz. AGBank bütün bunları sizin yerinizə edir.

AGClub diskont kartına gəldikdə isə, bu kartla siz, 300-dən artıq mağaza, restoran, otel və istirahət yerlərində güzəştlər əldə edə bilərsiniz. Onu da qeyd edim ki, bu kartı heç yerdən almaq mümkün deyil və heç bir başqa bankda belə bir xidmət yoxdur. Bu kartın mənası həm də odur ki, müştərilərimiz alış-veriş zamanı pullarına qənaət edir və bizim xidmətlərimizə görə ödədikləri pulları bir növ geri qazanırlar.

- AGBank-ın daha hansı eksklüziv xidmətlərindən danışa bilərsiniz?

- Bank xidmətləri bazarında novator təşəbbüsləri ilə tanınan AGBank-ın, unikal məhsulları kifayət qədər çoxdur. Lakin mən, bu məqamda hörmətli oxucuların diqqətini, ən çox rəğbət görən iki məhsula yönəltmək istərdim. Bu məhsullardan birincisi, heç şübhəsiz öz qeyri-adiliyi ilə seçilən MasterCard World Signia kartıdır.

Zəngin həyat tərzinə malik müştərilərimiz üçün nəzərdə tutulmuş bu unikal kart, öz sahibinə eksklüziv xidmət imkanı verir. Onun istənilən problemlərin həllində yardımçı olur. Məsələn, kartın üzərindəki telefon nömrəsinə zəng vurmaqla sizin şəxsi yardımçınız elit restoranda masanın sifarişindən və dünyanın istənilən ölkəsində istənilən tədbirə biletlərin alınmasından başlayaraq yaxtaların icarəsi və hədiyyələrin çatdırılmasınadək - bütün işlərinizi görəcək. Özü də həftənin 7 günü, 24 saat ərzində.

- Söhbət konsyerj xidmətindən gedir?

- Bəli, bu kartın ən böyük üstünlüyü bənzərsiz konsyerj xidmətidir. Amma üstünlüklər konseyrjlə də bitmir. Bu kartı əldə edən şəxs, istənilən zaman onu təcili dəyişdirə bilər. Kartın itməsi və ya oğurlanması zamanı nağd pul əldə edə bilər. Alınmış malın itməsi və ya oğurlanması halında, onun dəyərini geri ala bilər. Əlbəttə ki, söhbət kart vasitəsilə alınmış malın oğurlanmasından, təsadüfi zədələnməsindən gedir. Kartla alınmış malların zəmanət müddətlərinin uzadılması da mümkündür.

Açığı, World Signia-nın üstünlüklərini sadalamaqla bitirmək mümkün deyil. Bu kartın təmin etdiyi komfortu hiss etmək üçün, yalnız kartın özünü əldə etmək lazımdır.

- Bəs haqqında danışacağınız ikinci məhsul hansıdır?

- Nüfuzlu və rəğbət görən ikinci məhsulumuz isə, Azərbaycan bazarında ilk dəfə AGBank-ın təqdim etdiyi, səfər xərclərini xeyli dərəcədə azaldan Hotel Express kartıdır. Hotel Express diskont kartı dünya üzrə 9000-dən çox oteldə 50%-lik güzəşt imkanını verir.

Tutaq ki, siz səyahətə, işgüzar səfərə, ezamiyyətə və yaxud sadəcə olaraq dincəlməyə getməyə hazırlaşırsınız. Əgər sizin Hotel Express kartınız varsa, www.hotel-express.com saytına daxil olaraq oteli seçirsiniz, üzvlük kartınızın nömrəsini daxil edirsiniz və Novotel, Hilton, Radisson, Holiday Inn, Sheraton, Renaissanse, Kempinski kimi otellərin istənilən səviyyəli otaqlarını pulsuz bronlaşdırırsınız. Oteldən təsdiq aldıqdan sonra, siz otağın standart dəyərinin yalnız yarısını ödəyirsiniz. Yeri gəlmişkən, diskont kart avtomobilin icarəsi və digər xidmətlərə güzəştlər də tanıyır.

Qısa müddət ərzində kartı artıq yüzlərlə şəxs əldə edib və onlardan bəziləri hətta bu unikal kartın imkanlarından yararlanaraq otellərdə kifayət qədər böyük məbləğdə vəsaitə qənaət ediblər.

- Söhbətimizin əvvəlində elektron ticarət haqqında danışmışdınız. AGBank-ın e-ticarət sahəsində təqdim etdiyi məhsullar haqqında nə deyə bilərsiniz?

AGBank-ın e-ticarət sahəsində öz müştərilərinə təqdim etdiyi xüsusi kart paketi AGClub Virtual adlanır. Olduqca əlverişli və bir çox üstünlüklərə malik AGClub Virtual paketinə MasterCard Virtual, ya da Visa Virtual kartları və əlbəttə ki, bütün kart paketlərimizdə olduğu kimi, AGClub diskont kartı daxildir.

Virtual kartın üstünlüyü isə, müştərinin kart üzərindəki hesaba özünün nəzarət etməsi, daha dəqiq desəm, online ödənişlər üçün istədiyi qədər vəsaitin karta qoyulmasıdır. Bunun üstünlüyü odur ki, internetdə kredit kartınızla ödəniş edəndə, kart məlumatlarının oğurlanmaq ehtimalı var. Virtual kart isə, sizi bu cür xoşagəlməz hallardan sığortalayır. Tutaq ki, əsas istifadə etdiyiniz plastik kart hesabında üç min manat var və siz internetdə əlli manatlıq alış-veriş etmək istəyirsiniz. Bu zaman əsas kartdan istifadə etmək təhlükəli olduğuna görə, siz Virtual kartınızdan istifadə edirsiniz. Yəni internet üzərindən edəcəyiniz ödənişlərin təxmini məbləğini özünüz əvvəlcədən təyin edir, bu hesabda sizə lazım olan məbləğdən artıq pulun qalmamasına nəzarət edirsiniz.

Onu da qeyd edim ki, virtual karta vəsait yerləşdirmək üçün, banka gəlmək də şərt deyil. Tutaq ki, Virtual kartınızda vəsait çatışmır, ora pul qoymaq istəyirsiniz. Burada da Card to card sistemi köməyinizə gəlir. Mobil telefonunuzdan kartdan karta pul köçürə bilərsiniz. Özü də bir dəqiqə ərzində. Mobil banking sisteminə qoşulmaq üçün bizim banka müraciət etmək kifayətdir və bu prosedura çox vaxt almır.

Yeri gəlmişkən, kartlarınıza kənar müdaxilənin qarşısını almağın ən effektiv üsullarından biri də SMS-notification sisteminə qoşulmaqdır. Bu xidmətə görə, hər kart üçün aylıq sadəcə bir manat ödəyirsiniz, lakin əvəzində çox dəyərli bir xidmət əldə edirsiniz. Bu sistemə qoşulmaqla, kartınıza ediləcək istənilən müdaxiləni həmin andaca telefonunuza gələn sms-lə öyrənəcək, kartınıza harada və nə vaxt müdaxilə edildiyini biləcəksiniz.

- AGBank müştəriləri, öz kartları vasitəsilə bankın korporativ saytı üzərindən hər hansı ödəməni həyata keçirə bilirlərmi?

- Əvvəla, onu deyim ki, bizim müştərilərimiz nəinki banka gəlmədən, heç saytımıza da daxil olmadan kommunal ödənişlər edə bilərlər. Bunun ən rahat yolu Mobil Bank-dır. Bu sistem vasitəsilə, harada olsanız ödənişlərinizi edə bilərsiniz. Həmçinin də, AGBank-ın Visa, Visa Electron, MasterCard və Maestro plastik kart sahibləri nəinki bankın saytından ödəmə edə bilərlər, hətta bunun üçün şəxsi kabinetlərini də yarada bilərlər. Müştərilərimiz bu kabinet vasitəsilə özlərinin və yaxınlarının kommunal, rabitə, internet kimi xidmətlərinin (gələcəkdə bunların çeşidinin artması da gözlənilir) ödənişini həyata keçirə bilərlər. Bir çoxlarımız elektrik, telefon, internet və s. borclarımızı ödəməkdən ötrü bank filiallarına, əlaqədar qurumların ofislərinə üz tutur, növbələrdə dayanır, nağd pulla ödənişlər edirik. Artıq buna ehtiyac qalmayacaq.

Bu kabineti yaratmaqdan ötrü www.agbank.az saytına daxil olub şəxsi ödəniş kabinetini yaratmaq və bütün ödəmələri bu kabinetdən həyata keçirmək lazımdır. Qeydiyyat olduqca asan və anlaşıqlı proseduradır. Kabinetdə qeydiyyatdan keçdikdən sonra, sizin bütün ödəmələrinizin tarixçəsi, şəxsi kabinetin yaddaşında saxlanılacaq. Bu isə o deməkdir ki, sistemdə şəxsi kabinet yaratmış kart sahibindən, abonent kodlarını, telefon nömrələrini, müqavilə nömrələrini hər dəfə yenidən daxil etmək tələb olunmayacaq.

Gələcəkdə isə, kart məlumatlarının da yaddaşda qalması nəzərdə tutulur. Bu funksiya, istifadəçilərə öz ödəmələrini avtomatik olaraq həyata keçirmələrinə şərait yaradacaq. Bu funksiya sayəsində, AGBank müştəriləri öz ödənişlərinin qrafikini sistemdə təyin etməklə, borclarının avtomatik olaraq kart üzərindən ödənilməsinə nail olacaq, bununla da hər dəfə sayta daxil olmaq və borclarını yoxlayaraq ödəniş etmək kimi əlavə zəhmətdən azad olacaqlar. Kifayətdir ki, müştərimiz kartında daima vəsaitin olmasını təmin etsin, qalan işi isə AGBank öz öhdəsinə götürəcək.

Xatırladım ki, bu sistemdən istifadə etməyin üstünlükləri arasında, müştərilərə təqdim etdiyimiz bonuslar da var. Müştərilərimiz bu sistemdən nə qədər aktiv istifadə etsələr, bankımızdan hədiyyə qazanmaq şansları da bir o qədər artacaq.
# 1105

Oxşar yazılar