Əmlak bazarı: sərfəli və rahat mənzilləri harada axtarmalı? - MÜSAHİBƏ
28 mart 2011 18:07 (UTC +04:00)

Əmlak bazarı: sərfəli və rahat mənzilləri harada axtarmalı? - MÜSAHİBƏ

Bakıda mənzil, qaraj, torpaq və digər növ əmlak axtaranlar üçün yeni sayt yaradılıb. Bu saytın xidmətlərindən həm də əmlakını satmaq istəyənlər bəhrələnə bilər. Yeni yaradılan www.mulk.az saytı məhz daşınmaz əmlak bazarı ilə maraqlananlara xidmət göstərmək missiyasını öz üzərinə götürüb.

Saytın rəhbəri Elçin İsmayılov Lent.az-a müsahibəsində bildirib ki, Azərbaycanda, xüsusən də paytaxt Bakıda mənzilə tələbatın böyük olduğu bir dövrdə bu missiyanı necə yerinə yetirə biləcəklərindən danışıb:

- Əmlak bazarında mülk axtaran, yaxud da öz mülkünü satmaq istəyən hər kəs, o cümlədən şirkətlər bizə müraciət edə bilər. Müraciətlər həm yazılı, həm də şifahi formada qəbul olunur. Bundan başqa, agentlər və fərdi istifadəçilər Mulk.az login əldə edərək daşınmaz əmlakın satışı və kirayəyə verilməsi ilə bağlı elanları heç bir ödəniş etmədən özləri yerləşdirə bilərlər. Amma həmin elanlarda mənzilin və ya digər daşınmaz əmlakların fotoşəkili, yerləşdiyi ünvan, (xəritədə əmlakın yerləşdiyi ərazini dəqiqliyi ilə göstərməklə) qiymətlər, əmlakın üstün cəhətləri barədə məlumatlar da əks olunur. Həmçinin tikinti şirkətləri də öz elanlarını və reklamlarını həm fotoşəkil, həm də videogörüntülərini mulk.az saytında yerləşdirə bilər.

- Mulk.az saytı hansı zərurətdən yarandı?

- Bizim saytın yaradılması zərurəti dövrün tələblərdən irəli gəlir. Əvvəllər əmlakın alqı-satqısı üzrə elanlar daha çox yazılı mətbuatda – qəzet və jurnallarda verilirdi. İndi isə internet informasiya texnologiyaları daha çox inkişaf edib və bu, əmlak bazarında da yeni növ xidmətlərin yaradılmasına təkan verib. İndi bazarda mənzillərin qiyməti ilə maraqlananlar, yaxud da əmlakını satmaq istəyənlərin hansısa qəzetləri axtarmasına ehtiyac qalmır. Hər kəs evdə, ofisdə hətta mobil telefonu vasitəsilə mənzil bazarına dair axtardığı məlumatları mulk.az saytından əldə edə biləcək. Reklam və elan verənlər satmaq və ya almaq istədikləri mənzillərə dair məlumatları heç yerə müraciət etmədən bizim saytda heç bir ödəniş olmadan özləri yerləşdirə bilər. Məhz bu imkanlarına və üstünlüklərinə görə seçilən mulk.az satının yeni yarandığı 2 ay ərzində ziyarətçilərinin sayı 100 mini ötür və bu, getdikcə artmaqdadır.

- Sizin bazanızda informasiyalar ən çox hansı əmlak növlərinə aiddir?

- Bizim yaratdığımız bu virtual əmlak bazarında mənzillərlə yanaşı avtomobil qarajı, ticarət obyekti, torpaq və digər daşınmaz əmlak növlərinin satışı və ya icarəsi ilə bağlı istənilən məlumatları tapmaq olar. Üstəlik mulk.az öz müştərilərinə pulsuz məsləhət xidməti də göstərir. Məhz bu rahat və əlverişli xidmətin sahəsində indiyədək mulk.az-ın həm alqı-satqı və icarə, həm də təmir üzrə xidmətlərindən yüzlərlə müştəri yararlanıb. Şirkətimizin indiyədək satdığı evlərin böyük əksəriyyəti Bakının mərkəzi ərazilərinin payına düşür. Hətta bəzi hallarda müştərilərə az da olsa, müəyyən güzəştlər etmək mümkündür. Çünki sadə adamlardan fərqli olaraq, bizim əmlak bazarı və tikinti şirkətləri ilə sıx əlaqələrimiz var. Bəzən şirkətlər bizə satdıqları mənzillərin qiymətlərində müəyyən güzəştlər edir. Biz isə həmin güzəştləri müştərilərimizə edirik. Bu güzəştlər bazar qiymətlərindən çox fərqli olur. Hazırda mulk.az saytında 1500-dən çox əmlak barədə informasiyalar var. Amma hər gün bu məlumatlar yenilənir, satışa çıxarılan və ya icarəyə verilən əmlaklarla bağlı yeni elanlar əlavə olunur.

- Əmlak bazarına bələd olan mütəxəssis kimi, Bakının mənzil bazarındakı vəziyyəti necə dəyərləndirirsiniz?

- Təxminən son bir il yarımda Bakıda mənzillərin qiyməti 30 faizə qədər aşağı düşüb. Amma son bir neçə ayda artıq bazarda aktivlik müşahidə olunur. Bu aktivlik özünü həm də alıcı qüvvəsinin genişlənməsində göstərir. Yeni binalardakı mənzillərin mülkiyyət sənədlərinə gəlincə, bu məsələdə vəziyyət bir qədər fərqlidir. Çünki belə binaların əksəriyyətində mənzilləri satarkən tikinti şirkəti alıcılar ilə müqavilə əsasında evləri satırlar. Alıcının isə mülkiyyət hüququna dair heç bir sənədi olmur və heç bir dövlət idarəsində “mənzil alıcıya aiddir” deyə qeydiyyata düşmür. Təəssüflər olsun ki, bəzi fırıldaqçı “tikinti şirkətləri” bundan istifadə edib bir mənzili bir neçə vətəndaşa satırlar. Alıcıların isə bundan xeyli vaxt keçdikdən sonra xəbər tutur. Bu isə çox böyük narazılıqlara səbəb olur. Ona görə də mən tövsiyə edərdim ki, belə hallara rast gəlməmək üçün dövlət tərəfindən tikinti şirkətlərinin mənzilləri necə satmasına ciddi nəzarət olunsun. Məsələn, tikinti halında olan binalardakı mənzillərə əmlaka görə dövlət qurumu tərəfindən qeydiyyata alınıb hər hansı sertifikatın verilməsi. Yeri gəlmişkən, bir az da tikintisi yarımçıq qalmış binalar haqqında danışmaq istəyirəm. Təəssüf ki, belə binalar da var. İnsanlar mənzillərin dəyərini tam və ya qismən ödəyiblər. Müqavilədə isə tikinti şirkəti mənzilləri tutaq ki, 3 ilə təhvil verməlidir. Amma pulunu ödəyən vətəndaş 3 il əvəzinə 5 il oturub gözləyir, mənzil hələ də hazır deyil. Nəzərə alsaq ki, bu evləri alanların biri toy etməlidir, digəri kirayədə yaşadığı mənzildən çıxmaq istəyir, onda vaxtın bu qədər uzanmasından alıcılar əziyyət çəkir. Tikinti isə dayanıb, iş getmir, nə vaxt başlanacağı, nə vaxt bitəcəyi də sual altındadır. Belə hallar əsasən də tikinti firmasının maliyyə çatışmazlığı üzündən baş verir. Hesab edirəm ki, bunun da bir məcburi sığortası olsa, yaxşı olar. Amma hələlik mövcud vəziyyəti nəzərə alaraq alıcılara tövsiyə edirəm ki, mülkiyyət hüquqları təsdiqlənmiş binalardan mənzil alsınlar. Son vaxtlar Bakıda bir neçə tikinti şirkətlərinin öz müştərilərini aldatmasından sonra tikinti şirkətlərinə inam bir qədər də azalıb.

- Mulk.az saytı olaraq, sizin virtual əmlak bazarında müştərilərə yönəlik ən böyük üstünlüyünüz nədədir?

- Bizim üstünlüklərimiz çoxdur, Ən əsası odur ki, vətəndaş heç bir yerə getmədən, əziyyət çəkmədən bizim sayta daxil olub bazardakı vəziyyəti öyrənə bilər. Ən böyük üstünlüyümüz isə ondadır ki, biz müştərilərimizi bəzi riskli problemlərdən qoruya bilirik. Yəni mulk.az-da əmlak barədə yerləşdirilən bütün informasiyalar tam dəqiqləşdirilmiş olur. Üstəlik bazardakı vəziyyətə dərindən bələdçilik, tikinti şirkətləri ilə sınaqdan keçmiş uzunmüddətli əməkdaşlıq bu sayt vasitəsilə satışa çıxarılan əmlakların yeni sahiblərinin aldadıla biləcəyi riskini minimuma endirir. Görünür, elə bunun nəticəsidir ki, indiyədək mulk.az saytı vasitəsilə satışa çıxarılan əmlaklarda mülkiyyət sənədləri ilə bağlı hansısa problem ortaya çıxmayıb.

Elxan SALAHOV
# 2614

Oxşar yazılar