İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirildi
02 fevral 2011 14:09 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirildi

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci il yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı fevralın 1-də İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilib.

Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayev deyib ki, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, qabaqcıl texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla müasir tələblərə cavab verən müəssisələrin yaradılması, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Kollegiya iclasında vurğulanıb ki, korrupsiyaya qarşı mübarizə Azərbaycan hökumətinin başlıca strateji məqsədlərindən biridir. Bu sahədə görülmüş ciddi tədbirlər nəticəsində qanunvericilik bazası təkmilləşdirilmiş, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya (2007-2011-ci illər)” və Fəaliyyət Planı təsdiq edilib, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi və digər müvafiq qurumlar yaradılıb, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş bir sıra sənədlər qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin “İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə”, “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında”, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanları bu baxımdan xüsusilə əhəmiyyətlidir.

Qeyd olunub ki, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasına dair nazirliyin 2011-ci il üzrə Tədbirlər Planının icrası təmin edilməli, nazirliyin sahibkarlarla bilavasitə işləyən qurumları öz vəzifə öhdəliklərini icra edərkən şəffaflığın tam təmin edilməsinə nail olmalı, onların üzləşdiyi problemlərə həssaslıqla yanaşmalı, sahibkarların maraqlarının təmin olunması istiqamətində fəaliyyətlərini gücləndirməlidir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti inhisarçılıq və süni qiymət artırılması meyllərinin qarşısını qətiyyətlə almalı, azad rəqabət mühitinin inkişaf etdirilməsi tədbirlərini genişləndirməli, istehlakçıların hüquqlarının tam qorunmasını təmin etməli, neqativ halların baş verməməsi üçün nəzarəti gücləndirməlidir. Sahibkarlıq subyektlərində digər dövlət qurumları tərəfindən həyata keçirilən yoxlamalar zamanı İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı formal xarakter daşımamalı, nazirlik əməkdaşları sahibkarların hüquqlarının müdafiəsinə xidmət etməlidir.

Xüsusi razılıqların (lisenziya), mənşə sertifikatlarının verilməsinin, idxal-ixrac əməliyyatları üzrə müqavilələrin qeydiyyatının qanunvericiliklə müəyyən olunmuş müddətdə və qaydada həyata keçirilməsinə nəzarət gücləndirməlidir. Digər dövlət qurumları tərəfindən verilən lisenziyalar barədə məlumatlar müntəzəm olaraq təhlil edilməli və aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı təkliflər hazırlanmalıdır. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflıq daha da artırılmalı, sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlavə tədbirlər görülməli, bu sahədə yeni təkliflər hazırlanmalıdır. Nazirliyin həyata keçirdiyi satınalmalar qanunvericiliyin tələblərinə uyğun olaraq tam şəffaf şəkildə həyata keçirilməli, digər qurumlar tərəfindən keçirilən tenderlərdə nazirliyin əməkdaşlarının iştirakı formal xarakter daşımamalıdır. İctimai nəzarətin gücləndirilməsi məqsədilə sahibkarların, istehlakçıların maarifləndirilməsi, hüquqi biliklərinin artırılması istiqamətində müvafiq tədbirlər daha da genişləndirilməli, özəl sektor üçün korrupsiya riskləri və onların aradan qaldırılmasına dair maarifləndirmə proqramları davamlı şəkildə həyata keçirilməli, nazirliyin fəaliyyəti ilə bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə çatdırılmalıdır. Vətəndaşlardan daxil olan ərizə və şikayətlər operativ və hərtərəfli araşdırılmalı, pozulmuş hüquqların tam bərpa olunması istiqamətində nazirliyin səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirlər görülməli, nazirliyin internet saytı və 195-2 Telefon Məlumat Mərkəzi vasitəsilə vətəndaşlardan daxil olan sorğular dolğun cavablandırılmalıdır.

Nazirliyin bütün struktur bölmələrində və tabeliyində fəaliyyət göstərən qurumlarda analoji müzakirələrin aparılması təşkil edilməlidir.

Kollegiya iclasında biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığı inkişafı, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə təkliflərin hazırlanması tapşırılıb:
- sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi;
- dövlət nəzarəti tədbirləri, ilk növbədə yoxlamalar zamanı sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması;
- xüsusi razılıqların (lisenziya) verilməsi prosedurunun təkmilləşdirilməsi;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan icazəverici sənədlərin, onların verilmə prosedurlarını tənzimləyən qanunvericiliyin inventarlaşdırılması, bu sahədə mövcud olan paralelliyin aradan qaldırılması, icazələrin verilməsi reqlamentlərinin hazırlanması;
- sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin, o cümlədən sənaye zonalarının və biznes inkubatorların yaradılması;
- kiçik və orta sahibkarlığın inkişafını təmin etmək məqsədilə beynəlxalq təcrübə nəzərə alınmaqla müvafiq meyarların hazırlanması, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi;
- səhmdar cəmiyyətlərin, dövlət şirkətlərinin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması məqsədilə yeni korporativ standartların tətbiq edilməsi;
- gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, o cümlədən onların maarifləndirilməsi, yenidənhazırlama, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi;
- dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi, xüsusi razılıqların (lisenziya) və icazələrin verilməsi zamanı, dövlət qurumları ilə sahibkarlar arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının geniş tətbiq olunması
İqtisadi inkişaf naziri kollegiya iclasına yekun vuraraq müəyyən edilmiş tədbirlərin icrasının qısa müddətdə və keyfiyyətlə təmin edilməsi, müzakirə edilmiş məsələlərin ciddi nəzarətdə saxlanılmasına dair konkret tapşırıqlar verib.
# 671

Oxşar yazılar