Ekoloqlar kollegiyada nədən danışıblar?
26 avqust 2010 11:57 (UTC +04:00)

Ekoloqlar kollegiyada nədən danışıblar?

Bu ilin 6 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1204 akt və 397 protokol tərtib olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən, 497 icrası məcburi olan göstərişlər verilib.

Lent.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dünən keçirilən kollegiya iclasından bildirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ilin birinci yarısında ekoloji qanun pozuntuları ilə bağlı tədbir görülməsi üçün 65 iş hüquq-mühafizə orqanlarına, 109 iş məhkəmələrə, 249 iş isə Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçılarına göndərilib. Həmin işlərin müvafiq olaraq 17-nə, 21-nə və 30-na baxılaraq müəyyən tədbirlər görülüb.

Kollegiya iclasında bildirilib ki, ilin 6 ayı ərzində 1371 hektar sahədə meşə əkini və səpini işlər görülüb. Meşə əkinlərinin becərilməsi məqsədilə 14459 hektar sahədə xidmət, 11970 hektar sahədə suvarma işlərinin aparılıb, müxtəlif ağac və kol cinslərindən 10099 kiloqram toxum tədarük edilib.

Ölkə ərazisində ilk dəfə olaraq ceyranların tarixi ərazilərinə reintroduksiya edilməsi məqsədilə layihə ilə əlaqədar təşkilati işlərin də artıq başa çatdırılıb. İlin sonunadək ceyranların bir hissəsinin reintroduksiya ərazilərinə köçürülməsi planlaşdırılır.

İclasda görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və problemlərdən danışılıb. Həmçinin nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qüsurların aradan qaldırılması üçün departament və onların qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Kollegiyada çıxış edən nazir Hüseynqulu Bağırov deyib ki, ölkə başçısının təşəbbüsü ilə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi bu sahənin Azərbaycanda prioritet məsələlər sırasına qaldırılmasına parlaq nümunədir.

Elxan SALAHOV
# 737

Oxşar yazılar