Şimal-qərb bölgəsində zəlzələnin fəsadları aradan qaldırılır - REPORTAJ – FOTOLENT – VİDEO
23 noyabr 2012 13:39 (UTC +04:00)

Şimal-qərb bölgəsində zəlzələnin fəsadları aradan qaldırılır - REPORTAJ – FOTOLENT – VİDEO

APA-nın əməkdaşı Zaqatalada zəlzələnin ziyan vurduğu kəndlərdə olub, aparılan tikinti işləri ilə bir başa yerində tanış olub.

Zəlzələdən ən çox ziyan çəkən kəndlərdən biri Zaqatalanın Gözbarax kəndidir. Bu kəndə daxil olanda ilk baxışdan yenidən qurulan kənd təəssüratı yaranır. Kənddə dağılan evlərin tikintisini həyata keçirmək “Gilan” İnşaat MMC-yə həvalə olunub.

Şirkətin iş icraçısı Elxan Məmmədov APA-nın əməkdaşına bildirib ki, “Gilan” MMC tərəfindən Gözbarax kəndində qəzalı vəziyyətə düşmüş 191 ev sökülərək yenidən tikilir. Şirkət rayonda ümumilikdə 235 evin tikintisini aparır. Bunlardan 191-i Gözbaraxda, qalan 44-ü isə Əlibayramlı, Muğanlı və Dombabinə kəndlərində tikilir. Bu günə olan məlumatlara görə, Gözbarax kəndində artıq 6 ev tam tikilib təhvil verilib, 30 evdə işlər yekunlaşıb və həmin evlərdə artıq yaşayış var. Daha 85 evin üstü örtülüb. Elxan Məmmədovun dediyinə görə, dekabrın 20-dək kənddə tikintisinə başlanan bütün evlər təhvil veriləcək, ailələr evlərinə köçəcək.

Kənd sakinləri də aparılan işlərdən razılıqlarını bildiriblər. Onlar rayonda zəlzələ baş verəndən bu günədək dövlətin göstərdiyi diqqət və qayğını daim hiss etdiklərini, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tez-tez rayona səfər etdiyini, bütün işlərin ölkə başçısı İlham Əliyevin göstərişlərinə uyğun həyata keçirildiyini qeyd ediblər.

Gözbarax kənd sakini Tərlan Yusifov APA-ya bildirib ki, zəlzələ nəticəsində dağılmış evinin yerində üç otaqlı yeni ev inşa edilib: “Hazırda ailəmlə birgə yeni tikilmiş evdə yaşayıram. Yeni tikilən ev köhnə evimizdən qat-qat təhlükəsiz və rahatdır”.

Digər sakin Sona Qurbanova da zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evinin yenidən dövlət tərəfindən tikildiyini deyib: “Dünyanın heç bir yerində dövlət təbii fəlakətdən zərərçəkən vətəndaşlarına belə yardım göstərmir. Zəlzələdən dərhal sonra bizi çadırlarla, yeməklə təmin elədilər, gündəlik ehtiyaclarımızı qarşıladılar. İndi də evlərimizi tikib bizə təhvil verdilər”.

Kənddə tikinti işlərini aparan usta və fəhlələrlə də söhbət etdik. Usta Asif Məmmədov APA-nın əməkdaşına bildirib ki, Sabirabad rayonundan gəlib Zaqatalada usta işləyir: “Rayonda işsiz idim. “Gilan” şirkəti ilə danışdım, burda işləməyə qərar verdim. Bu kənddə yerli ustalar da var. Hamıya eyni şəraiti yaradıblar. Hər şey qaydasındadır. Pulumuzu da vaxtında ödəyirlər. Narazılığımız yoxdur”.

Zaqatalada zəlzələdən zərər çəkən kəndlərdən biri də Muxax kəndidir. Zəlzələ nəticəsində bu kənddə 294 fərdi yaşayış evi qəzalı vəziyyətə düşdüyü üçün sökülüb.

Hazırda həmin evlərdən 262-si yenidən tikilir. Kənd sakinləri tikinti işlərindən şikayətlənməyiblər. Lakin onlar havaların soyumasını nəzərə alaraq, işlərin daha da sürətləndirilməsinin vacib olduğunu qeyd ediblər. Kənd sakini Əhməd Novruzov APA-nın əməkdaşına bildirib ki, dağılan evinin yerində 3 otaqlı ev tikilib. Artıq evə köçdüyünü deyən Ə. Novruzov mənzildə son tamamlanma işlərinin həyata keçirildiyini qeyd edib.

Digər sakin İslam Məmmədov isə havaların soyumasına görə narahatlıq keçirdiyini deyib: “Qəzalı vəziyyətə düşən evimin yerində 4 otaqlı ev tikilir. Ev yekunlaşmaq üzrədir. Havaların soyuq keçməsi bizi narahat edir. Zaqatalaya qış tez gəlir. Artıq soyuqlar düşüb. Çətin də olsa, hələlik başımızı dolandırırıq. Düşünürük ki, hava sərtləşənə qədər evimiz hazır olacaq, yaxın günlərdə yeni evimizə köçəcəyik”.

Kənd sakini Ramiz Muradov isə yeni evinin tikintisinin başa çatmasını ikiqat sevinclə qarşılayıb. Belə ki, R. Muradov bu günlərdə yeni istifadəyə verilən evinə köçməklə yanaşı, oğluna toy edib: “Bu, mənim üçün çox əlamətdar oldu. Həm yeni evə köçdüm, həm də yeni evimizə gəlin gəlir. Allah dövlətimizdən razı olsun”.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Muxax kəndi üzrə icra nümayəndəliyindən APA-ya bildirilib ki, kənddə tikinti işləri normal aparılır. Artıq qəzalə vəziyyətə düşən evlərdən 58-nin tikintisi başa çatıb, ailələr yeni evlərə köçürülüb. Noyabrın sonunadək Muxax kəndində daha 200 evin tikintisinin başa çatdırılacağı gözlənilir.

APA-nın əməkdaşı adıçəkilən kəndlərdən başqa, Zaqatalanın Əlibayramlı, Muğanlı, Dombabinə, Aşağı Tala, Qımır və Çobankol kəndlərində də olub, aparılan tikinti işləri ilə yerində tanış olub. Bütün kəndlərdə tikinti işləri və infrastrukturun qurulması prosesi davam edir. Yerli sakinləri ən çox narahat edən havaların soyuması olub. Onlar tikinti işlərini aparan şirkətlərdən işləri sürətləndirməyi xahiş ediblər. Sakinlər şaxtalar düşənəcən yeni evlərinə köçmək istəyirlər.

Qeyd edək ki, bu il mayın 7-də episentri Zaqatala rayonu ərazisində olmaqla Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Azərbaycan prezidentinin göstərişinə əsasən, Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli 117s nömrəli sərəncamı ilə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb.

FHN-in rəsmi məlumatında bildirilir ki, bu il noyabrın 1-nə olan statistikaya görə, 28 680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çoxmənzilli yaşayış binasının sökülüb yenidən tikilməsi, 4099 fərdi yaşayış evinin, 9 kommunal çoxmənzilli yaşayış binasının bərpasına qərar verilib. Hazırda evlərə və sosial obyektlərə texniki baxışlar davam edir.

Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 olmaqla, cəmi 3545 fərdi yaşayış evinin və 3 kommunal çoxmənzilli yaşayış evlərinin tikintisinə başlanılıb. Bu ilin 15 noyabrına kimi 682 fərdi yaşayış evi tikilib sakinlərin istifadəsinə verilib. Bu evlərdən 557-si Zaqatalada, 119-u Qaxda, 6-sı Balakən rayonundadır.

Bölgədə 35 məktəb tikilib ki, bunlardan da 20-si Zaqatalada, 10-u Qaxda, 3-ü Şəkidə, 2-si isə Balakən rayonundadır. 15 noyabra kimi 2820 şagird yerlik 9 məktəb binası, 55 yerlik 1 uşaq bağçası tikilib istifadəyə verilib. Belə ki, 2540 şagird yerlik 7 məktəb və 55 yerlik 1 ədəd uşaq bağçası Zaqatala rayonunda, 80 şagird yerlik 1 məktəb Balakən və 200 şagird yerlik 1 məktəb binası Qax rayonunda tikilib istifadəyə verilmişdir. Bu il dekabrın birinə qədər Zaqatalada 4, Qaxda 6, Şəki şəhərində 2 məktəb binasının tikilib istifadəyə verilməsi də planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742

Oxşar yazılar