“Əsrin müqaviləsi”nin 18 ili
20 sentyabr 2012 01:00 (UTC +04:00)

“Əsrin müqaviləsi”nin 18 ili

“Əsrin müqaviləsi”nin imzalanmasından 18 il keçir.

Lent.az-ın verdiyi məlumata görə, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalanıb.

Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı alıb. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edir. “Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradılıb və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlanıb. “Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına başlanıb. 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarılıb. Ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.

Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün isə kəmərlər lazım idi. Dəmir yolu ilə nəzərdə tutulan nəhəng həcmdə nefti daşımaq mümkün deyildi. Beləliklə, şimal istiqamətindəki uzunluğu 231 km, diametri 720 mm olan Bakı-Novorossiysk neft kəmərinin Azərbaycan hissəsi bərpa, inşa edilib və ilk dəfə 25 oktyabr 1997-ci ildə Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyasına) nəql olunub. Qərb istiqamətində uzunluğu 837 km, diametri 530 mm Bakı-Supsa boru kəməri inşa edilərək, 17 aprel 1999-cu ildə işə salınıb. Ancaq bu kəmərlər də Azərbaycanın nəhəng neft resurslarını Avropa və dünya bazarlarına çıxarmaq üçün yetərli deyildi. Yuxarıda qeyd olunan kəmərlərin ötürmə qabiliyyəti yetərli deyildi, digər tərəfdən, bu kəmərlər Azərbaycan neftini yalnız Qara dənizdəki terminallara ötürürdü. Oradan isə neft tankerlərlə Bosfor və Dardanell boğazlarından keçməklə əsas bazara çıxarılır. Ancaq boğazlardan keçən tankerlərin sayının il-ildən artması da gerçəklik idi. Aralıq dənizinə birbaşa çıxış faktiki Azərbaycanın Avropa və dünyanın əsas bazarlarına maneəsiz yolunu açırdı. Ən əsası böyük güclərin maraqlarının toqquşduğu, geostrateji cəhətdən əlverişli bir məkanda yerləşən Azərbaycanın şaxələnmiş marşrutlarla iqtisadi təhlükəsizliyini gücləndirməsi ilə bərabər, onun üçün bir növ təhlükəsizlik kəməri rolunu oynayan bir layihənin həyata keçməsi zəruri idi.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tiflis-Ceyhan “Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanıb. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lideri Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Ceyhan ixrac neft kəmərinin təməli qoyulub və tikintisinə başlanıb. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutub. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəmərinin təntənəli açılış mərasimi keçirilib. BTC tarixi addımın, “Əsrin müqaviləsi”-nin məntiqi davamıdır.

Onu da qeyd edək ki, “Əsrin müqaviləsi” son nəticədə xarici şirkətlərin sürətlə ölkəmizə axışmasına, yeni neft və qaz sazişlərinin imzalanmasına, ölkədə sabitliyinin möhkəmlənməsinə, Azərbaycanın iqtisadi müstəqilliyinin artmasına yol açıb. Məsələn, “Əsrin müqaviləsi"ndən sonrakı müddətdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox saziş imzalanıb. 57,6 milyard dolar sərmayə dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib.
# 3240

Oxşar yazılar