Yarımçıq yarı və ya yarı-yarımçıq - ŞƏRH
26 dekabr 2012 12:32 (UTC +04:00)

Yarımçıq yarı və ya yarı-yarımçıq - ŞƏRH

Futbol üzrə Topaz Premyer Liqasında qış fasiləsi yaranıb. Lent.az-ın məlumatına görə, 2012-ci ilin son oyunu dekabrın 25-də Bakının “İnter” və “Neftçi” komandaları arasında keçirilib.

 

Əslində bu qarşılaşma sentyabrın sonlarında baş tutmalı idi. Lakin həmin ərəfədə “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki oyunları ilə əlaqədar görüş təxirə salınmışdı. Dünən “Şəfa” stadionunda keçirilmiş oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Beləliklə, “Neftçi” “Bakı” ilə matçın ardından daha bir təxirə salınmış oyunda 1 xalla kifayətlənib. Amma flaqmanın ertələnmiş oyunları bununla bitməyib. Son belə görüş 2013-cü il fevralın 13-də AZAL-a qarşı olacaq. Bu matç isə IV turdan təxirə salınıb. Həmin gün daha bir ertələnmiş qarşılaşma Tovuzda təşkil ediləcək. Həmin şəhərdə “Turan” “Bakı”nı sınağa çəkəcək. Bu oyun XVI turda keçirilməli olsa da, Tovuz şəhər stadionunda yanğının baş verməsi üzündən baş tutmayıb. Beləliklə, mövsümün ilk yarısı tamamlanmayıb. 

 

Qış fasiləsinədək isə 18 tur arxada qalıb. “İnter” “Neftçi” ilə heç-heçədən sonra xallarını 34-ə çatdıraraq, mövsümün ilk yarısını lider kimi tamamlayıb. 2-ci pillədə 33 xala malik “Simurq” qərarlaşıb. 31 xalı olan “Qarabağ” 3-cüdür. Amma hazırda 29 xalı olan “Neftçi” təxirə salınmış oyunda AZAL-a qalib gəlsə, 32 xalla 3-cü pilləyə yüksələcək. “Qəbələ” 28 xalla 5-ci, “Xəzər Lənkəran” 24 xalla 6-cı pillədə qərarlaşıb. AZAL hazırda 22 xalla 7-ci pillədə olsa da, ehtiyatda bir oyunu var. “Sumqayıt” 20 xalla 8-cidir. “Turan” 20 xalla 9-cu, “Bakı” 19 xalla 10-cudur. Lakin hər iki komandanın ehtiyatında öz aralarındakı oyun qalır. “Rəvan” isə 11-ci pillədədir. Qalan 4 turda 11 komandanın hamısının ilk “6-lıq” uğrunda mübarizə şansları qalır. Yalnız 9 xalla son pillədə olan “Kəpəz” belə bir şansdan məhrum olub. Amma hələ heç bir klub ilk “6-lıq”da yerini rəsmən təmin etməyib. Hərçənd, “İnter” və “Simurq”un bu vəsiqələrə xeyli yaxın olduğu görünür.

 

Qeyd edək ki, XIX turun oyunları gələn il 9 – 11 fevralda olacaq. Komandalar isə mövsümün ikinci yarısına hazırlığı yanvarın əvvəllərində bərpa edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar