Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinov ölkəmizə daha bir müsbət jest edib. Bu barədə Lent.az-a Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, İllümjinov noyabrın 24-də Türkiyənin Antalya şəhərində keçiriləcək komandalararası dünya çempionatına Azərbaycan yığmasının da qatılmasına dair qərar qəbul edib.
Kişi şahmatçılar arasında keçiriləcək nüfuzlu yarışa 10 ölkə qatılacaq. Onlardan 9-u 2012-ci il Şahmat Olimpiadasında yüksək yer tutan Rusiya, Ukrayna və Hollandiya, 2011-ci il dünya çempionatının qalibi Ermənistan, qitə çempionları Almaniya, ABŞ, Çin və Misir, təşkilatçı ölkə qismində Türkiyə olacaq. Qaydalara əsasən, 10-cu ölkənin adını FİDE prezidenti açıqlamalı idi.
Məmmədov bildirib ki, İllümjinov Azərbaycanda son illər şahmata ayrılan diqqəti nəzərə alaraq, belə qərar qəbul edib. 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası məhz Bakıda keçiriləcək.
Qeyd edək ki, dünya çempionatı dekabrın 6-dək davam edəcək.