İyulun 6-da Rusiyanın Kazan şəhərində keçiriləcək XXVII Yay Universiadasında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib.
Ölkəmizin nümayəndə heyətinin üzvü Aydın Məmmədovun Lent.az-a verdiyi məlumata görə, bu, ağırlıqqaldıranımız Nicat Rəhimovdur.
Rəhimov Universiadada 69 kq çəki dərəcəsində təmsilçimiz olacaq. 20 yaşlı idmançımız yeniyetmələr arasında Avropa və olimpiya çempionu, gənclər arasında dünya çempionatının gümüş mükafatçısı olub.
Qeyd edək ki, XXVII Yay Universiadasında Azərbaycan şahmat, boks, ağırlıqqaldırma, idman gimnastikası, atletika, qılıncoynatma, sambo, cüdo, güləş (sərbəst, yunan-Roma və qadın güləşi, kəmər güləşi) növlərində 79 idmançı ilə təmsil olunacaq. İdmançılarımız iyulun 17-dək davam edəcək yarışa ayrı-ayrı qruplarla yollanacaqlar.