Azərbaycan millisi qələbəni İlham Əliyevə həsr etdi
11 oktyabr 2013 10:33 (UTC +04:00)

Azərbaycan millisi qələbəni İlham Əliyevə həsr etdi

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası 2015-ci il Avropa çempionatının seçmə qrup matçında Norveç üzərində 3:1 hesablı səfər qələbəsini yenidən prezident seçilən İlham Əliyevə həsr edib. Lent.az-ın  məlumatına görə, bu barədə yığmamızın baş məşqçisi Bernhard Lippert görüşdən sonra “affa.az” saytına açıqlamasında deyib.  

 

Drammen şəhərindəki “Marienlist” stadionunda keçirilmiş oyunda bütün qollar ikinci hissədə vurulub. Hesabı 54-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Etzaz Hussain açıb. Bundan 2 dəqiqə sonra Tuğrul Erat bərabərliyi təmin edib. 69-cu dəqiqədə Ağabala Ramazanov komandamızın ikinci, 5-ci uzatma dəqiqəsində isə Erat özünün ikinci, millimizin üçüncü qolunu vurub. İlk yarıda isə hesab 0:0 olarkən Andriy Popoviç 28-ci dəqiqədə penalti zərbəsini dəf edib.

 

Qarşılaşmanın ardından Lippert bildirib ki, birinci hissədə Norveç millisinin güclü təzyiqi olsa da, rəqibin həmlələrinin öhdəsindən əzmkarlıq və qapıçımızın məharətli oyunu sayəsində gəlmək mümkün olub. Fasilədən sonra isə komandamız daha yaxşı oynamağa başlayıb: “Bunun nəticəsində bir neçə qol epizodu yarada bildik. Layiqli qələbə qazandığımızı düşünürəm. Bu qələbəni dünən keçirilmiş prezident seçkisində qələbə qazanmış dövlət başçısına həsr edirik”.

 

Qeyd edək ki, bu qələbə sayəsində Azərbaycan millisi qrupda liderliyi ələ alıb. 3 oyundan sonra yığmamızın aktivində 4 xal var. Digər komandaların isə ehtiyatda ən azı 1 matçı qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376

Oxşar yazılar