Azərbaycan idmançısı: “Ətrafımda qızlar olmayanda darıxıram”
18 yanvar 2013 14:58 (UTC +04:00)

Azərbaycan idmançısı: “Ətrafımda qızlar olmayanda darıxıram”

2012-ci il London Yay Olimpiya Oyunlarında finaladək irəliləyərək, özündən söz etdirməyi bacaran Azərbaycanın istedadlı idmançısı Aleksandr Aleksandrov Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) rəsmi saytına müsahibə verib. Lent.az-ın məlumatına görə, “Azərbaycanlı Aleksandr Aleksandrovla cəld 5 dəqiqə” adlı söhbətdə əvvəlcə 23 yaşlı akademik avarçəkənimizin idmana gəlişindən bəhs olunur.

 

Yazıda 15 yaşında ikən Bolqarıstanın yeniyetmələrdən ibarət yığmasına cəlb olunan Aleksandrovun cəmi 2 il sonra 1 nəfərlik qayıqla yürüşdə dünya çempionu adını qazandığı vurğulanır. London olimpiadasında isə onun 5-ci ən cəld avarçəkən olduğu xatırladılır.

 

23 yaşlı akademik avarçəkənimiz müsahibəsində bəzi məqamlara aydınlıq gətirib:

 

“Mənim idman qəhrəmanım...” - Maykl Felps və akademik avarçəkənlər Meyh Drizdeyl, Olaf Tufte, Alan Kempbell və İvo Yanakiyevdir.

 

“Mən ona görə avar çəkirəm ki...” – 14 yaşımda ikən hazırkı məşqçim Yuliana Stoyeva məktəbimizə gəldi və mənə özümü avarçəkmə növündə sınaqdan çıxarmağı təklif etdi. Həmin vaxt basketboldan xoşum gəlirdi və o, məni məhz məktəbimizin basketbol meydançasında tapdı. Suda ilk məşqdəcə sözün əsl mənasında avarçəkməyə vuruldum. İlk dəqiqələrdən su və qayıq məni məftun etdi. Elə o vaxtdan 9 ildir ki, avarçəkmədəyəm.

 

“Mənim avarçəkmədə hədəfim...” – olimpiya medalıdır. Bəlkə də qızıl medal.

 

“Mən o zaman daha çox rahatlaşıram ki...” – Hər şey yaxşı alınır, xüsusən də yürüşüm uğurlu olur. Sevimli musiqimi dinləyəndən sonra və ya komanda yoldaşlarımla birgə olanda daha çox rahatlaşıram.  

 

“Mənim daha az istədiyim məşqim...” – Xizək sürməyi xoşlamıram. Bundansa 20 km məsafəyə qaçış daha yaxşıdır. Lakin məşqçim məni xizək sürməyə vadar edir.

 

“Mənim indiyədək çətin yürüşüm”...” – London olimpiadasının finalıdır. Mən olimpiadaya təsadüfən vəsiqə qazanmadığımı, burada olmaq üçün çox gərgin çalışdığımı hamıya göstərmək üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirdim. Habelə, final yürüşündə arzumu reallığa çevirən, əməyi keçən hər kəsə - Azərbaycan Milli Avarçəkmə Federasiyasına, federasiyamızın bütün əməkdaşlarına, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə, Mingəçevirdəki olimpiya bazamızın bütün əməkdaşlarına, həkimlər və masajçılara, həmişə idmançıların kölgəsində qalanlara təşəkkür etmək niyyətində idim.

 

“Məni həvəsləndirən...” – məşqçimdir. O, yürüş öncəsi məni əsəbiləşdirməyi sevir və bu, mənə motivasiya verir (gülür). Bundan başqa, indi hər kəs məni həvəsləndirir. Uduzmağı sevmirəm. Qalib gəldikdə isə mənə kömək edən hər kəsi xoşbəxt edirəm.

 

“Adi günüm elədir ki...” – Səhər 7-də oyanıram. İlk məşqim 10 km məsafəyə suda yürüş və quruda qaçış olur. Sonrakı məşğələm avar çəkməkdir. Sonra günorta yeməyi və saat 16:00-dək istirahət. Növbəti məşqim 16:30-da başlanır və 20:00-da yekunlaşır. Məşq müddətində biz hərdən 8 saatdan çox çalışırıq. Hazırlıq prosesləri arasında isə yüngül məşğələlərimiz olur. Boş vaxtımızda isə dostlarımız və ya rəfiqələrimizlə görüşürük.

 

“O vaxt özümdən çıxıram ki...” – Xüsusən, insanlar özlərini yüksək aparanda mənə pis təsir edir. Əslində onların qürur duyulası bir şeyi yoxdur. Ətrafımda qızlar olmayanda isə darıxıram.

 

“Sevimli kitabım...” – Uşaqlıq illərində “Üç müşketyor” idi. İndi isə filmlərə baxmağı sevirəm.

 

“Sevimli veb-saytım...” – “You Tube”dir. Mən orada musiqi, oyunlar, filmlər, bir sözlə, istədiyim hər şeyi tapa bilərəm.

 

“Konseptlə 2 km, yoxsa 5 km...?” – Mən 6 km məsafəni üstün tuturam.

 

Qeyd edək ki, FİSA-nın rəsmi saytı bu yaxınlarda Aleksandr Aleksandrovu “Azərbaycanın parlayan ulduzu” kimi qələmə verib.

 

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1439
avatar

Oxşar yazılar