Azərbaycan çempionatında gözlənilməz məğlubiyyət
09 yanvar 2013 14:01 (UTC +04:00)

Azərbaycan çempionatında gözlənilməz məğlubiyyət

“Sərhədçi” İdman Olimpiya Mərkəzində davam edən boks üzrə böyüklər arasında Azərbaycan çempionatının ikinci yarış günündə 49, 52, 60, 64, 69 və 81 kq çəkili boksçular rinqə çıxıb. Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Elnur Şəfizadə (49 kq) gözlənilmədən məğlubiyyətlə üzləşib.

 

O, “Qızıl Əlcək” klubunun üzvü Araz İmaməliyevə uduzub.

 

52 kq çəki dərəcəsində favoritlərdən hesab olunan Tural Əhmədov da növbəti mərhələyə vəsiqə qazanıb. Millimizin üzvü tam üstünlüklə Ağdam boksçusu Xətai Əliheydərovu məğlub edib. 2011-ci il tələbələr arasında Avropa çempionatının bürünc mükafatçısı Kamran Məlikov (52 kq) Əfsun Həsənovla döyüşdən qalib ayrılıb.

Kamran Baxşəliyev də (60 kq) ölkə çempionatında ilk görüşünü qələbə ilə başa vurub. O, Aqil Quliyev üzərində qələbə qazanıb. Bu çəki dərəcəsinin favoritlərindən hesab olunan Şaban Şahpələngov ilk mərhələni çətinlik çəkmədən keçib. Gənclər arasında dünya birinciliyinin qalibi Mingəçevir nümayəndəsi Emin Binnətəliyevi tam üstünlüklə məğlub edib.

 

Avropa çempionatının bürünc mükafatçısı, 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) ikinci döyüşünü də qələbə ilə başa vurub. Millimizin lideri Nurlan Məmmədov üzərində tam üstünlüklə qalibiyyət əldə edib. Hacəliyevin bu çəkidəki əsas rəqiblərindən olan Romal Amanov ikinci mərhələni uğurla başa vurub. 2005-ci ilin dünya çempionatının gümüş mükafatçısı “Rabitə” İdman Cəmiyyətinin üzvü Salman İbrahimovu yarışdan kənarlaşdırıb. Tapdıq Bayramov da ikinci döyüşünü qələbə ilə yekunlaşdırıb. O, “Baku Fires” klubunun üzvü Məhəmmədəli Ukayevi məğlub edib. “Baku Fires” klubunun bu çəkidəki digər təmsilçisi İsa İsayev isə növbəti mərhələyə yüksəlib.

69 kq çəki dərəcəsində qələbəyə namizədlərdən hesab olunan Qismət Eynullayev Tamerlan Məmmədov üzərində qələbə qazanıb.

 

Bu gün Azərbaycan çempionatında növbəti döyüşlər keçiriləcək. Yarışlar saat 14:00-da başlayacaq. Ölkə çempionatına yanvarın 12-də yekun vurulacaq. Final döyüşləri saat 12:00-da başlayacaq.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1124
avatar

Oxşar yazılar