“Qarabağ” “Legiya”nın futbolçusu Yakub Rjejniçakla anlaşıb. Apasport.az-ın məlumatına görə, bu barədə Polşa mətbuatı xəbər yayıb.
“Legia.net” saytında gedən informasiyada bildirilib ki, Varşava klubunun kapitanı sabah ağdamlılar üçün tibbi baxışdan keçəcək. Ardınca isə klubun düşərgəsinə qoşulacaq müdafiəçi ilə 2 illik anlaşma imzalanacaq.
Müqavilənin müddətini və oyunçu ilə anlaşdıqlarını təsdiqləyən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov isə Rjejniçakın komandaya nə vaxt qoşulacağının hələ bəlli olmadığını bildirib. Klub rəsmisi sabah qeyri-iş günü olduğunu, bu səbəbdən tibbi baxışın baş tutmaq ehtimalının mümkün olmadığını vurğulamaqla yanaşı, komandanın hazırlıq matçı üçün məskunlaşdıqları Tirol bölgəsindən Zalsburqa hərəkət edəcəyi üçün hansısa oyunçunun düşərgəyə qoşulmasının praktiki mümkün olmadığını bildirdi.
Qeyd edək ki, ölkəsində “Qəssab” ləqəbi ilə tanınan Rjejniçak 13 ildir ki, “Legiya”nın şərəfini qoruyur. O, Varşava təmsilçisinin heyətində 376 oyuna çıxıb 15 dəfə rəqib qapıçıları məyus edib.