“Rəvan”ı “Osasuna”ya bənzətdilər
12 yanvar 2013 17:45 (UTC +04:00)

“Rəvan”ı “Osasuna”ya bənzətdilər

Bakının "Rəvan” klubu 2013-cü ildə ilk futbolçu transferlərini həyata keçirib. Lent.az-ın məlumatına görə, paytaxt komandası Emin Mustafayev və Ramil Həşimzadə ilə 1,5 illik müqavilə bağlayıb.

 

"Qarabağ”dan alınan Emin Mustafayev yarımmüdafiəçidir. Əsasən dayaq yarımmüdafiəçisi mövqeyində oynayan 23 yaşlı futbolçu "Qarabağ”ın yetirməsi sayılır. Ötən il "Sumqayıt”da icarə əsasında çıxış etmiş Mustafayev həm də Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının şərəfini qoruyub. Mustafayev keçidi belə dəyərləndirib: "Qarabağ”da oyun praktikası sarıdan əziyyət çəkirdim. Daim oynamaq istədiyimdən, dəyişikliyə ehtiyac gördüm. Mənimlə 3-4 klub maraqlanırdı, amma "Rəvan”a üstünlük verdim. Çünki klubun oyun tərzi çox xoşuma gəlir. Hətta "Rəvan”ı İspaniya "Osasuna”sına da bənzədərdim. Daimi oyun təcrübəsi qazanmaqla əsas milliyə də dəvət alacağıma ümid edirəm. Aşağı yaş qruplarından ibarət komandaların demək olar hamısında oynamışam. İndi də arzum əsas millidir. Məhz "Rəvan”dakı çıxışımla buna nail olmaq istəyirəm”.

 

Ramil Həşimzadə isə "Sumqayıt”dan transfer edilib. Martda 22 yaşı tamam olacaq cinah yarımmüdafiəçisi "Rəvan”a qısa yox, uzun müddətə gəlib. Bunu onun fikirləri də təsdiqləyir: "Qarşıma konkret hədəf qoyan insanam. Bu üzdən konkret təkliflə müraciət edib konkret layihədən danışan "Rəvan” rəhbərliyinin təklifini müsbət dəyərləndirdim. Komandanın heyətində özümü göstərib daha böyük məqsədlərimə çatmaq istəyirəm. Məsələn, əsas millidə forma geyməyi çox arzulayıram. "Rəvan”da məni ciddi rəqabətin gözlədiyini bilirəm. Ancaq bu məni çəkindirmir. Əksinə, üzərimdə daha səylə çalışıb daha artığına nail olmaq istəyirəm. Kluba qısa müddətə oynamaq üçün yox, uzunmüddətli perspektiv naminə gəlmişəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908
avatar

Oxşar yazılar