““Neftçi” artıq Avropa futbolu ailəsinin üzvüdür” - MÜSAHİBƏ
16 yanvar 2013 17:39 (UTC +04:00)

““Neftçi” artıq Avropa futbolu ailəsinin üzvüdür” - MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Nikolas Kanales klubun rəsmi saytına müsahibə verib. Lent.az-ın məlumatına görə, çilili hücumçu Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesi və digər məsələlər barədə danışıb...

 

- Mövsümün ilk yarısı heyətdə ən çox oyun keçirənlərdən biri də sən oldun. İstirahət müddətində dincələ bildinmi?

 

- İstirahət müddətində ailəmlə birlikdə idim. Yaxınlarımla şəhəri gəzməyə çıxırdıq amma daha çox dənizə gedirdik. Uşaqlıqdan dənizi çox sevirəm. Dəniz yorğunluğu aradan qaldırmaqla yanaşı həm də sakitləşdirir. Hə, bir də Bakıda bişirilən kabab çox xoşuma gəldiyindən orda da oxşar bir şey hazırlamağa çalışdıq. Deyə bilərəm ki pis də alınmadı.

 

- Komandada hər kəs səni mütaliə etməyi sevməyinlə də tanıyır.

 

- Elə bu da istirahətin bir növüdür. Futbol oynamaqla yanaşı kitab oxumağı da sevirəm. Məncə hər insan bacardığı qədər mütaliə etməlidir. Hazırda “Varlı adamla kasıb adam” romanını oxuyuram. Çox maraqlıdır. Bəzi insanlar sosial şəbəkələrə daha çox üstünlük verir. Məncə bu insanı həm yükləyir, həm də vaxtını alır. Ona görə də kitaba üstünlük verirəm.

 

- Hazırda Azərbaycan çempionatının ən sərrast futbolçususan. Üstəlik Avropa Liqasında vacib qollara imza atmısan. Maraqlıdır Çili mətbuatı bu barədə nə yazır?

 

- Çilidə olduğum müddətdə mətbuat mənimlə mütəmadi əlaqə saxlayırdı. İstər televiziya, istərsə də qəzetlər buradakı oyunumu diqqətdə saxlayırlar.

 

- Bahodir Nasimov son müsahibəsində səninlə eyni vaxtda meydanda daha faydalı ola biləcəyini deyib. Sənin buna münasibətin necədir?

 

- Bahodir çox güclü və səviyyəli futbolçudur. O keçən mövsüm çempionatın bombardiri olub. Bahodirlə eyni vaxtda meydanda olmağı çox istərdim. Birlikdə hücum xəttini daha da gücləndirə bilərik. Mənim nə qədər qol vurduğum önəmli deyil. Əsas komandanın uğurudur və hədəfimiz çempionluqdur. Yalnız qızıl medalları qazandıqdan sonra çox qol vurduğuma görə sevinəcəm. “Neftçi” artıq Avropa futbolu ailəsinə daxil olub. Biz bu ailənin daimi üzvü olmaq niyyətindəyik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar