“8 km stadionu” niyə “Bakcell Arena” oldu?
12 yanvar 2013 11:48 (UTC +04:00)

“8 km stadionu” niyə “Bakcell Arena” oldu?

Bakının Nizami rayonu ərazisində yerləşən “8 km stadionu” “Bakcell Arena” adlanacaq. Lent.az-ın məlumatına görə, Bakcell və AFFA stadionun adının dəyişdirilməsi ilə bağlı razılığa gəliblər.

 

Müqavilənin maliyyə tərəfi açıqlanmayıb. Səbəb kimi anlaşmanın kommersiya sirri olması göstərilib.

 

Federasiyanın rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, son illər Azərbaycanda futbolun inkişafını dəstəkləyən Bakcell şirkəti 2012-ci ildə FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012 çərçivəsində AFFA ilə yaxından əməkdaşlıq edib. MDB məkanında “Mançester Yunayted” klubunun ilk və yeganə tərəfdaşı olan şirkət Azərbaycanda futbolun inkişafına dəstək göstərmək məqsədilə AFFA ilə əməkdaşlığa böyük maraq göstərib.

 

“Azərbaycanın futbol azarkeşləri Bakcell-in futbolun inkişafına göstərdiyi qayğı və diqqəti hər zaman hiss edir. Biz ölkədə futbolun inkişafı üçün səylər göstəririk. Ötən il biz bu istiqamətdə AFFA ilə sıx əməkdaşlığa başlamışıq. Sponsorluq və adlandırma vasitəsilə stadionların imkanlarının gücləndirilməsi və inkişafı bütün dünyada geniş yayılmış bir ənənədir. Biz Azərbaycanda AFFA-nı və futbolu dəstəkləməkdən məmnunuq. “Bakcell Arena” böyük bir brenddi, böyük bir oyunu və böyük bir stadionu bir araya gətirən unikal bir layihədir. Bir çox başqa sahələrdə olduğu kimi, biz bu sahədə də birinci olmaqdan çox məmnunuq”, - deyə Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib.

 

AFFA-nın baş katibi Elxan Məmmədov isə fikrini belə izah edib: "AFFA tərəfindən stadionun adının satılması ilə bağlı tenderdə iştirak etdiyinə və qalib gəldiyinə görə Bakcell şirkətinin kollektivini təbrik edir və birgə əməkdaşlıq yolunda uğurlar arzulayıram. FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin milli tərəfdaşlarından biri olan şirkət çempionatın keçirilməsinə öz dəstəyini göstərib. Bununla yanaşı, qeyd etmək istərdim ki, Bakcell stadionun adını almaqla bir kommersiya şirkəti olaraq bu sahədə ölkəmizdə ilkə imza atdı. Bu onu göstərir ki, ölkəmizdə futbolun inkişafı naminə həyata keçirilən kompleks tədbirlər ondan reklam və sosial məsuliyyət sahəsində də istifadə olunmasına geniş zəmin yaradır”.

 

“Bakcell Arena”nın brendinq prosesinə yaxın vaxtlarda start veriləcək. Stadionun girişindən tutmuş tribunalara və soyunma-geyinmə otaqlarına qədər hər yer xüsusi brendinq planına uyğun olaraq yüksək səviyyədə tərtib olunacaq.

 

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell-in də milli tərəfdaşı olduğu FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin bir çox oyunu burada keçirilib. 11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Tribunada ailə baxış və 17 skayboks VİP, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunma-geyinmə, məşqçilər, hakimlər, həkimlər, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 400 avtomobil tutan dayanacağı var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376
avatar

Oxşar yazılar