“Mançester Yunayted”in hücumçusu Markus Reşford 160 km/saat sürət həddinə çatdırdığına görə altı ay müddətinə avtomobil idarə etməkdən kənarlaşdırılıb.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, Reşford özünün “Rolls-Royce Cullinan Blue Shadow” avtomobilinin sükanı arxasında olub. Futbolçu nişanı olmayan patrul avtomobilini görüb və onu ötmək üçün sürətlənib. Reşford daha sonra məhkəmədə onu izləmək barədə düşündüyünü, buna görə də bu qədər sürətlə getdiyini bildirib.
Patrul avtomobilini idarə edən polis futbolçunun arxasınca gedib və Reşfordun maşını şossedən çıxanda onu saxlayıb. “Mançester Yunayted”in hücumçusu polis əməkdaşına onun arxasınca ağ avtomobil gəldiyini düşündüyünü deyib.
Daha sonra video müşahidə kameralarına baxdıqdan sonra polis əməkdaşları Reşfordun izləndiyini görməyiblər.
İyulun 18-də Reşford Mançester və Salford maqistrats məhkəməsində çıxış edib. Bölgə hakimi Lyusi Hoqart ona altı ay müddətinə avtomobil idarə etmək qadağası qoyub və 1666 funt sterlinq cərimələyib. Futbolçu, həmçinin, əvvəllər sürət həddini aşmaqda günahkar olduğunu etiraf etdikdən sonra 666 funt sterlinq və 120 funt sterlinq ödəməli olub.
26 yaşlı Reşford 2016-cı ildən "Mançester Yunayted"də çıxış edir. Futbolçu İngiltərə klubunda 402 oyun keçirib, 131 qol vurub və 66 məhsuldar ötürmə edib.