İran hakimiyyəti ABŞ-la oyundan əvvəl  millinin futbolçularını   HƏDƏLƏDİ
29 noyabr 2022 15:29 (UTC +04:00)

İran hakimiyyəti ABŞ-la oyundan əvvəl millinin futbolçularını HƏDƏLƏDİ

İran milli komandasının futbolçularının yaxınları dünya çempionatının qrup mərhələsində ABŞ ilə keçiriləcək oyundan əvvəl təhdidlər almağa başlayıblar. Futbolçulara bildirilib ki, əgər prinsipial rəqibə qarşı oyunda “ləyaqətli davranmasalar”, onların yaxınları həbs olunacaq və onlara işgəncə veriləcək. 

Lent.az bildirir ki, bu barədə CNN mənbəyə istinadən məlumat yayıb.

Noyabrın 21-də İranın milli futbol komandası 2022-ci il dünya çempionatının qrup mərhələsinin ilk turunun İngiltərə komandası ilə oyunu öncəsi dövlət himnini oxumaqdan imtina edib. Dövlət himninin səsləndirilməsi zamanı İran komandasının oyunçuları sükutla dayanıblar. Dohadakı “Xəlifə” stadionunun tribunalarındakı azarkeşlər futbolçuların qərarını alqışlarla qarşılayıblar.

CNN-in məlumatına görə, dövlət himnini oxumaqdan imtina etdikdən sonra oyunçular İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri ilə görüşə çağırılıb. Görüşdə futbolçuların təhdidlər almağa başladığı iddia edilir.

Xüsusilə onlara söz verilib ki, əgər oyunçular himni oxumaqdan yenidən imtina etsələr və ya hazırda İslam Respublikasında fəal şəkildə baş verən siyasi etiraz və aksiyaları dəstəkləsələr, onların ailə üzvləri zorakılıq və işgəncələrə məruz qalacaqlar. Bundan sonra iranlı futbolçular Uelslə növbəti oyunda dövlət himnini oxuyublar.

CNN-ə təhlükəsizlik xidmətindəki mənbə bildirib ki, iranlı futbolçuları izləyən onlarla SEPAH zabiti Qətərə gəlib. Futbolçulara milli komandadan kənar hər kəslə ünsiyyət qurmaq və əcnəbilərlə görüşmək qadağandır. Komandanın baş məşqçisi portuqaliyalı Karluş Keyroş da SEPA zabitləri ilə görüşüb, lakin onların söhbətinin məzmunu CNN-ə məlum deyil.

Bundan əlavə, CNN-in məlumatına görə, İran hakimiyyəti İngiltərə ilə ilk oyundan əvvəl futbolçulara “hədiyyələr və maşınlar” vəd edib. Lakin milli futbolçuların etiraz jestindən sonra ritorika dəyişib. Üstəlik, Tehran “fanatlara yalançı dəstək və rəğbət hissi bəxş etmək üçün” yüzlərlə fanat aktyorunu Qətərə göndərib. ABŞ-la qarşıdakı oyuna minə yaxın saxta iranlı azarkeşin göndərilməsi planlaşdırılır.

# 2886
avatar

Oxşar yazılar