“Liverpul”un lider üçlüyü 2025-ci ilin yayında Səudiyyə Ərəbistanı klublarına keçə bilər. Söhbət Məhəmməd Salah, Vircil van Deyk və Alison Bekkerdən gedir.
Lent.az xarici mediaya istinadla bildirir ki, 32 yaşlı misirli cinah oyunçusu Salah gələn mövsüm hansı klubda oynayacağını bilmədiyini əvvəldən açıqlayıb. Onun mersisaydlılarla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Liverpul”un yaxın bir neçə ayda Salahla yeni müqavilə ilə bağlı danışıqlara başlayacağı barədə məlumatlar vardı.
Klubla müqaviləsi gələn ilin yayında başa çatacaq 33 yaşlı hollandiyalı müdafiəçi Vircil van Deyk də komandadan ayrıla bilər. Qeyd olunur ki, ingilis klubu artıq van Deykin əvəzlənməsi variantı kimi "Yuventus"un müdafiəçisi Qleison Bremeri nəzərdən keçirir.
Bu yay mersisaydlılar "Valensiya"nın qapıçısı Giorgi Mamardaşvilini alıb və onu mövsüm üçün İspaniya klubuna icarəyə verib. Onun gələn il əsas oyunçuya çevriləcəyi gözlənilir. Buna görə də klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər olan 31 yaşlı braziliyalı Alison Beker də klubu tərk edə bilər. İyun ayında insayder Nikolo Skira “Əl-Nəsr”in qapıçı ilə maraqlandığını yazıb.