Azərbaycanlı dünya çempionu: “Səfəryan üzərində yaddaqalan qələbə qazandım”
10 avqust 2009 10:15 (UTC +04:00)

Azərbaycanlı dünya çempionu: “Səfəryan üzərində yaddaqalan qələbə qazandım”

Türkiyənin paytaxtı Ankarada keçirilən dünya çempionatında çıxış etmiş Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandası bu gün Vətənə dönüb. Lent.az-ın məlumatına görə, millimizin baş məşqçisi Arif Abdullayev Heydər Əliyev Beynəlxalq Hava Limanında verdiyi açıqlamada yetirmələrinin çıxışından razı qaldığını vurğulayıb.

Abdullayevin sözlərinə görə, sərbəst güləşçilərimiz 2 qızıl medal da qazana bilərdilər. Onun fikrincə, 96 kq çəkidə çıxış edən Camaləddin Maqomedov iranlı Erfan Əmiri ilə final qarşılaşmasında qələbəyə daha yaxın olub. Amma hakimlərin 3 xallıq fəndi qeydə almaması üzündən Maqomedov qızıl medaldan məhrum olub.

Bununla belə, baş məşqçi lazımi ehtiyat qüvvəyə malik olduqlarını bildirib: “Dünya birinciliyinə apardığım güləşçilərdən yalnız 3-ü 30 iyun – 5 iyulda Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş Avropa çempionatında iştirak edib. Qalanları başqa pəhləvanlar idi. Qitə çempionatında 1 qızıl, 2 gümüş, 5 bürünc medal qazanmışdıqsa, dünya birinciliyində 1 qızıl, 3 gümüş, 2 bürünc medal əldə etdik. Bu isə o deməkdir ki, istənilən yarışda iştirak etməyə qadir olan kifayət qədər pəhləvanımız var”.

31 mart – 5 apreldə Litvanın paytaxtı Vilnüsdə keçirilmiş böyüklər arasında Avropa çempionatında gümüş medal qazanmış Cəbrayıl Həsənov (66 kq) gənclər arasında dünya çempionu olub. Həsənov finalda erməni əsilli Rusiya güləşçisini təmiz qələbə ilə məğlub edib. Ankaradakı görüşlərinin çətin alındığını deyən pəhləvanımız həlledici qarşılaşmasının daha yaddaqalan olduğunu bildirib: “Devid Səfəryanla final görüşüm gərgin alındı. Əvvəlcə mən, sonra isə rəqibim qalib gəldi. Üçüncü hissədə isə rəqibin kürəyini yerə sıxaraq, təmiz qələbə qazandım. Şəxsi məşqçim Aslan Ağayev məni erməni rəqib üzərində yaddaqalan qələbəyə kökləmişdi. Prinsipial qarşılaşma olduğu üçün Səfəryanın kürəyini döşəyə sıxmaq istəyirdim. Buna da nail olduğum üçün çox şadam”.

Qeyd edək ki, sərbəst güləş millimiz dünya çempionatında ümumi komanda hesabında Rusiyadan sonra 2-ci olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar