Qaradağın icra başçısı AİBA İcraiyyə Komitəsinə namizədliyini verib
28 oktyabr 2010 16:18 (UTC +04:00)

Qaradağın icra başçısı AİBA İcraiyyə Komitəsinə namizədliyini verib

Noyabrın 1-də Qazaxıstanın paytaxtı Almatıda işinə başlayacaq Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) Konqresinə yollanacaq Azərbaycan nümayəndə heyətinin tərkibi müəyyənləşib. Bu haqda Lent.az-a Azərbaycan Boks Federasiyasının (ABF) I vitse-prezidenti Ağacan Abiyev məlumat verib.

İki gün davam edəcək toplantıda ölkəmizi Abiyevin özü, eləcə də ABF-in vitse-prezidenti Süleyman Mikayılov və baş katib Nağı Səfərov təmsil edəcək. 2010-cu ildə dünyanın ən yaxşı gənc boksçusu adına layiq görülən Şaban Şahpələngov da mükafatını almaq üçün Almatıya gedəcək.

Konqresdə AİBA prezidenti, vitse-prezidentləri və İcraiyyə Komitəsinin (İK) üzvləri də seçiləcəklər. Qurumun rəhbəri postuna yeganə namizəd hazırkı prezident Çinq-Kuo Vudur. İK üzvlüyünə Avropa qitəsi üzrə 18 namizəd siyahısında isə Süleyman Mikayılovun da adı var.

Ağacan Abiyev oktyabrın 3-də elə Qazaxıstan paytaxtında keçiriləcək Avropa Həvəskar Boks Assosiasiyasının (EABA) konqresində də iştirak edəcək. Abiyev Lent.az-a açıqlamasında EABA-nın vitse-prezidenti postuna namizədliyini irəli sürəcəyini bildirib. O, seçiləcəyi halda, üçüncü müddətə qurumun vitse-prezidenti vəzifəsində çalışacaq.

Qeyd edək ki, Ağacan Abiyev həm də Milli Olimpiya Komitəsinin baş katibidir. Süleyman Mikayılov isə Bakının Qaradağ rayonunun icra başçısıdır.

Elşən MƏMMƏDOV
# 535

Oxşar yazılar