“15 yaşında Kasparovu udmaq lazımdır, Kasparovun klubunda oynamaq yox” – MÜSAHİBƏ
04 oktyabr 2010 18:52 (UTC +04:00)

“15 yaşında Kasparovu udmaq lazımdır, Kasparovun klubunda oynamaq yox” – MÜSAHİBƏ

- Şahmatçılarımızın Ümumdünya Şahmat Olimpiadasındakı çıxışını necə dəyərləndirərdiniz?

- Qadınların çıxışını ümumiyyətlə, fantastik, qeyri-adi sayıram. Heç kim bu nəticəni gözləmirdi. Prinsipcə, qadın millimiz Zeynəb Məmmədyarova və onun rəfiqələrinin komandasıdır. Çünki Zeynəb komanda daxilində gözəl münasibətlər yarada bilir və federasiyamız da bunu dəstəkləyir. Vyetnamı udduğumuz gün həm də Zeynəbin ad günü ilə üst-üstə düşürdü. Bu, ikiqat bayramdır. Rəfiqələrin komandası növbəti dəfə öz boyundan hündürə tullandı, öz imkanlarını qat-qat üstələdilər, bacarıqlarını maksimum sərf etdilər. Həm uğur bizim tərəfimizdə oldu, həm də qadın şahmatçılarımızın ustalığı, qətiyyəti, əzmkarlığı üst-üstə düşdü. 3 – 8-ci yerləri bölüşdürmək, açığı, fantastik bir şeydir.

- Bəs kapitan Fikrət Sideifzadənin rolu nə qədər oldu?

- Sideifzadə təcrübəli kapitandır. Qızları gözəl tanıyır. Düzdür, bir ara eksperiment etdik. Qadın millimizin kapitanı Anar Allahverdiyev oldu. Bu, pis nəticə vermədi. Lakin hazırda Sideifzadə keçmiş-yeni rolunda komanda ilə çox gözəl işləyir. Digər tərəfdən, onun yükü çox ağır idi. Çünki Zurab Azmayparaşvili Beynəlxalq Şahmat Federasiyası rəhbərliyinə keçirilən seçkilərdə iştirakı ilə əlaqədar kişilərdən ibarət yığmamıza tam qüvvə ilə kapitanlıq edə bilmirdi. Olimpiada öncəsi bizə bu barədə xəbərdar etmişdi. Federasiyamızın prezidenti Elman Rüstəmov da bunu bilirdi. Hamımız situasiyanı başa düşürdük ki, Azmayparaşviliyə doğrudan da vaxt sərbəstliyi lazımdır. Onun seçkidə uğursuzluğu, FİDE-nin vitse-prezidenti seçilə bilməməsi başqa söhbətin mövzusudur. Qızlar gözəl çıxış etdilər. Son görüşdə Vyetnama ilk partiyada uduzurduq, amma Zeynəb Məmmədyarova ilə Gülnar Məmmədova taxta üzərində nə möcüzə yaratdılarsa, hələ də anlaya bilmirəm. Yəni, fikrimiz belədir ki, qızlar çox gözəl oynadılar. İndiyədək belə uğur olmamışdı. 3 – 8-ci yerləri heç vaxt bölüşdürməmişdik. Ümumiyyətlə, 3-cü yerin ucundan yapışmaq belə heç vaxt olmamışdı. Bu, çox gözəl haldır. Məncə, Elman Rüstəmov başda olmaqla, federasiyamız bunu nəzərə alacaq.

- Bəs kişilərdən ibarət yığmamızın çıxışını necə dəyərləndirirsiniz?

- İlk 2 taxta öz liderliklərini bir daha sübut etdilər. Çox gözəl oynadılar. Şəhriyar Məmmədyarovun oyunlarının nisbəti müsbət 4, Teymur Rəcəbovunku isə müsbət 3 oldu. Həm də Teymur oynadığı 9 partiyadan 6-da qara fiqurlarla çıxış etdi. O, növbəti dəfə göstərdi ki, ümumiyyətlə, komanda maraqları gələndə rənglərə fikir vermir, rəng dalınca qaçmır. Hərçənd şahmatçılar üçün “ağ-qara” söhbəti çox həssas mövzudur. Həm Şəhriyar, həm də Teymur öz reytinqini qaldırdı. 3-4-cü taxtalarda isə dəyişkən uğur oldu. Sabit oynamadılar. Baxmayaraq ki, onların da göstəricisi müsbət oldu. Rauf Məmmədov son partiyada Rublyovskini udmalı idi, yenə bilmədi. Bunu oyundan sonra özü də etiraf etdi. Bundan iki tur öncə isə Məmmədov oyununu hücumda qurub qalib gəldi. Təəssüf ki, Qədir Hüseynov sona bir tur qalmış italiyalı rəqibinə uduzdu. Amma uduzmamalı idi. Ermənistanla qarşılaşmada isə Hüseynov gözəl oyun sərgilədi və matçın taleyini bizim xeyrimizə həll etdi. Eltac İtaliya ilə oyunu xilas etdi. Hərçənd, İtaliyanı asanlıqla yenə biləcəyimizi düşünürdük. Çünki çoxları bu rəqibə barmaqarası baxırdı. Əslində belə deyilmiş. Alınmadı. 3-4-cü taxtalarda qeyri-sabitlik bizi ilk “3-lük”dən məhrum etdi. Hardasa uğur olsaydı, minimum ilk “5-liy”ə çıxmalı idik.

- Konkret olaraq, kişilərdən ibarət yığmamızın çıxışını necə qiymətləndirirsiniz?

- Pis yox, kafi.

- Qeyri-sabit çıxışdan danışdınız. Sizcə, Vüqar Həşimov komandada yer alsaydı, sabitlik yarana bilərdi?

- Əgər o, ötən il Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatındakı Vüqar Həşimov olsaydı, əlbəttə, sabitlikdən danışa bilərdik. Əgər yanvarda Türkiyənin Bursa şəhərində təşkil olunmuş dünya çempionatındakı Vüqar Həşimovdan danışırıqsa, o, əksinə, komandaya daha da qeyri-sabitlik gətirəcəkdi. Baxır hansı Vüqar Həşimova. Biz Həşimovu Bursayadək tamamilə başqa şahmatçı kimi tanıyırdıq. Amma Bursada bir neçə anlaşılmaz addımlar oldu. Biz indiyədək də gözləyirik ki, Vüqar özü addımlarına qiymət verəcək. Əfsuslar olsun ki, hələ də o qiymət yoxdur. Bununla belə, heç kim yığmanın qapılarını Vüqarın üzünə bağlamayıb. O komandaya qoşulmamaqla, özü-özünü kənarlaşdırdı. Həşimovu son məqamadək gözləyirdik. Sentyabrın 2-də təlim-məşq toplantısı başlayanadək gözləyirdik. Əlbəttə, tanıdığımız-bildiyimiz Vüqar olsaydı, yeni güc, yeni qüvvə ilə komanda yoldaşlarını qəbul etsəydi, məncə, uğurumuz daha gözəçarpan olardı.

- Lakin Həşimovun özü heç bir yarışa və təlim-məşq toplantısına çağırılmadığını deyir...

- Bu, ən azı düzgün fikir deyil. Doğrudan da bu söhbəti bağlamaq lazımdır. Gənclər və idman naziri Azad Rəhimov da, federasiyamızın prezidenti Elman Rüstəmov da yalan danışmazlar. Onlar bilirlər ki, Vüqar çağırılıb. Mən də çağırışların şahidi olmuşam. Onu dəfələrlə çağırmışıq. Prezident Kuboku öncəsi gözlədik, dəvətnamə göndərdik. Gəlmədi, oynamadı. Bir ildir ki, “SOCAR-Azərbaycan” klubu hazırlanır. Bu klubdan dəvət gözləmək əvəzinə Harri Kasparovun klubunu üstün tutdu. Olimpiada öncəsi təlim-məşq toplantısına gələcəyini gözlədik, lakin birmənalı olaraq, həm özü, həm də yaxınları xəbər göndərdilər ki, gəlməyəcək. Yəni, günah özündədir. Elman Rüstəmovu, Azad Rəhimovu və digərlərini ittiham etmək düzgün deyil, minimum etikaya uyğun deyil.

- Zurab Azmayparaşvili artıq yığmamızın baş məşqçi postundan istefa verdiyini açıqlayıb...

- AŞF olaraq, Azmayparaşvilinin istefasına hələ baxmamışıq. Onun özü olimpiada dövründə stres keçirdi. Seçkidə uğursuzluqlar oldu. Komandaya yaxından kömək edə bilmədi. Yığmanın nisbi uğursuzluğunda günahı özündə görür. Ola bilsin, emosiyalarının təsiri altında belə bir açıqlama verib. Amma bununla məsuliyyətli yoldaş olduğunu nümayiş etdirib. Onun istefasını qəbul etməyəcəyimizi deyə bilmərəm. Elman Rüstəmovun rəhbərliyi altında yığışıb, baxacağıq. Azmayparaşvilinin özü də iştirak edəcək. Dostyana danışıb, bir qərar qəbul edəcəyik.

- Azmayparaşvilinin özü də bildirib ki, Vüqar Həşimov komandaya lazım idi, Həşimov olsaydı, nəticə belə alınmazdı.

- Bəli, olsaydı. Olmağını mən də istəyirdim də. Harri Kasparov, Emil Sutovski Azərbaycandan getməsəydi, Dağlıq Qarabağ uğrunda Azərbaycan – Ermənistan müharibəsi olmasaydı... Gəlin arxaya çox baxmayaq. Bunlar artıq tarixdə qalıblar. Bu adam tarixdən nəticə çıxarıb düzgün addımlar atmalıdır. Vəssalam! Heç kim ona güldən ağır söz deməyib. Hamı deyib ki, səhv etmisən, gəl etiraf elə, komandaya daxil ol. Dostların, yoldaşların, federasiya gözləyir. Biz öz addımlarımızı atmışıq.

- Yəni, millimizin qapıları yenə onun üzünə açıqdır?

- Əlbəttə. Gəlib, səhvini etiraf edir və komandaya daxil olur. Federasiyamız gözləyir. O, uşaq deyil. Məsələn, 15-16 yaşı olsaydı, deyərdik ki, çox cavandır. Artıq 23-24 yaşında püxtələşmiş gənc və peşəkar şahmatçıdır.

- Maraqlı məqam orasındadır ki, Zurab Azmayparaşvili olimpiada öncəsi komanda ilə görüşdə Vüqar Həşimovu komandadan məhz özünün uzaqlaşdırdığını dedi. Məsuliyyəti öz üzərinə götürdü. Amma indi Həşimovun milliyə lazım olduğunu deyir...

- Mən bu qiymətləndirmə ilə razı deyiləm. Vüqarın addımlarına qiyməti Azad Rəhimov verdi, Elman Rüstəmov verdi, biz verdik.

- Vüqar Həşimovun komandadan uzaqlaşdırılmasında Zurab Azmayparaşvilinin rolu olmayıb?

- Onu heç kim uzaqlaşdırmayıb. Biz hamımız Bursada olmuşuq. Dünya çempionatındakı bütün hadisələri yaşamışıq. Komandanın maraqları nöqteyi-nəzərindən Azmayparaşvilinin addımları olub. Heç kim Həşimovu uzaqlaşdırmayıb. Vüqar ultimatum qoydu ki, Azmayparaşvili komandadan getməsə, oynamayacağam. Biz güc-bəla ilə, üç gün yatmadan onu komandaya qaytardıq. Lakin son turda həmin hadisə yenə təkrarlandı. Belə olmaz!

- Amma indi Azmayparaşvili Həşimovun müdafiəsinə qalxır...

- Mən bilmirəm ki, o nə dərəcədə Həşimovun müdafiəsinə qalxır. Ancaq hamımız Vüqarın müdafiəsindəyik. Məgər kim Vüqarın yaxşılığını, parlaq gələcəyini istəmir. İstəyirik ki, o, Azərbaycana xeyir versin. Daha gedib, digər ölkələrin federasiyaları ilə danışıqlar aparmasın.

- Sanki Həşimovun komandadan ayrı düşməsində onun rolu olmayıb...

- Vüqarın komandadan özünü kənarda qoyması, ola bilsin, incikliyi ilə əlaqədar olub. Biz federasiya kimi, yanvardan sentyabrda komanda ilə görüşümüzədək 9 ay fasilə götürmüşdük. Vüqarın və onun özünün fikirlərinə hörmətlə yanaşdığı şəxslərin analiz üçün kifayət qədər vaxtı var idi. Biz öz tərəfimizdən addımlar atırdıq. Həşimovu Prezident Kuboku, Ümumdünya Şahmat Olimpiadasına dəvət edirdik. Ona demirdik ki, get, digər klublarla İspaniya çempionatında oyna. Ona deyirdik ki, gəl, Prezident Kubokunda oyna, Azərbaycan klubunda, Azərbaycan yığmasında oyna.

- Vüqar Həşimov birbaşa deməsə də, üstüörtülü formada fikirlərindən, yaxın çevrəsinin danışdıqlarından elə hiss olunur ki, sanki AŞF rəhbərliyi səviyyəsində Teymur Rəcəbova qarşı sevimli şahmatçı kimi yanaşılır...

- Rusların çox gözəl misalı var: “Beyin yatanda cürbəcür əjdahalar təsəvvürünə gətirməyə başlayır”. Teymur Rəcəbov bizim ən uğurlu şahmatçımız olub, üç dəfə Avropa klub çempionluğunu qazanıb, dünya çempionatında 3-cü yerə çıxıb, 15 yaşında Harri Kasparovu udub, şahmat olimpiadalarında 10 ildir, son illərdə isə Şəhriyar Məmmədyarovla birgə liderdir, axırıncı olimpiadada qara fiqurlarla ağlara nəzərən 2 dəfə artıq oynayıb. Dövlət başçıları həmişə Teymur Rəcəbovu nümunə göstəriblər. Çünki doğrudan da birincimiz budur. Uzun illər ondan başqa ümidimiz olmayıb. Vüqar Həşimov səhhətindəki problemlərlə əlaqədar 2-3 il şahmatdan uzaq olub. Sonra şahmata qayıdıb və ona yenidən dövlət qayğısı göstərilib. Elə sağalmasında da dövlət qayğısı olub. Həm Vüqar Həşimov, həm Teymur Rəcəbov, həm də Şəhriyar Məmmədyarovun iştirak etdikləri bütün yarışlar dövlət tərəfindən maliyyələşdirilib. Dövlət onların hamısına mənzil verib. Hətta bəzi ailələr iki mənzil alıblar. Belə insafsızlığa yol vermək olmaz. Bu sözü deyənlər çox, həddən artıq insafsız danışırlar. Dövlətə qarşı qeyri-obyektiv mövqedə dayanırlar. Vüqar Həşimov və komanda yoldaşları ötən il Avropa çempionu olarkən, federasiyamız onların hər birinə 50 min manat mükafat verdi. Bu ilki olimpiadada çempionluq üçün hər bir şahmatçıya 100 min manat mükafat təyin olunmuşdu. Halbuki Rusiya Şahmat Federasiyası analoji uğur üçün 50 min dollar mükafat söz vermişdi. Bu qayğı heç yerdə yoxdur. Hansı ölkədə dövlət başçısı şahmatçıya hər il mənzil verir? Hansı ölkədə şahmatçının müalicəsini dövlət başçısı sərəncamla maliyyələşdirir. Harda var belə bir şey? Bütün yarışları maliyyələşdirilir. Bizdə mühasibat sənədləri var, əvvəlki və indiki gənclər və idman nazirləri Əbülfəs Qarayevlə Azad Rəhimov, federasiyamızın prezidenti Elman Rüstəmov nə qədər köməklik göstərib. Şəxsən özümün ötən illərdə bir biznesmen kimi şahmata çəkdiyim xərc digər dövlət qurumlarının xərcləri ilə müqayisə oluna bilər. Tamamilə qeyri-obyektiv və dövlətə qarşı qərəzli mövqedir. Birmənalı.

- Belə söz-söhbətlər gəzir ki, Teymur Rəcəbovun komanda yoldaşları arasında xüsusi statusu var. Xaricdə keçirilən nüfuzlu yarışlarda yığmamızın digər üzvlərindən ayrıca lüks oteldə qalır...

- 15 yaşında Kasparovu udmaq lazımdır, Kasparovun klubunda oynamaq yox. Fərqi hiss edirsiniz?

- Lakin Həşimov iddia edir ki, vaxtilə həmin komandada Rəcəbovun özü də oynayıb. Həm də erməni şahmatçı Vladimir Akopyanla birgə.

- Kasparovun komandasında oynamayıb. Rəcəbov Akopyanla tamamilə başqa komandada çıxış edib. Bosniya və Herseqovinanın “Sarayevo”, o cümlədən “Ural” komandaları olub. Mən demirəm ki, o komandada oynamaq olmaz. Amma kimi gedib Kasparovun klubunda oynayır, kimi də Kasparovu udur. Birmənalı deyirəm ki, Rəcəbov heç vaxt Kasparovun komandasında oynamayıb.

- Vüqar Həşimov Harri Kasparovun klubunda ötən il də çıxış edib. Artıq ikinci ildir ki, həmin komandada oynayır...

- İstəyir lap 22-ci ildir oynasın. Özü bilər. Hər kəs öz yolunu özü seçir. Məgər ardıcıl ikinci il oynayanda əl çalmalıyıq? Biz isə gözləyirik. Doğrudan gözləyirik. Qeyri-obyektiv danışmaq lazım deyil. Belə bir söz var: “Bu meydan, bu şeytan”.

- Bəlkə Teymur Rəcəbovla Vüqar Həşimov arasında görüş keçirəsiniz?

- Bunlar düşmən deyillər ki... Bilirəm ki, Teymur da, Şəhriyar da hamıya qarşı gözəl münasibətdədirlər. Eləcə də digər uşaqlar bir-birilərinə qarşı. Yenə deyirəm: “Beyin yatanda, yuxuya əjdahalar gəlir”. İntriqa aparana demək lazımdır ki, dur gəl, digər ölkələrlə danışıqlar aparma, doğma Azərbaycana qoşul.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679

Oxşar yazılar