Özbəkistan millisi də İrəvana getməkdən imtina etdi
03 fevral 2010 10:00 (UTC +04:00)

Özbəkistan millisi də İrəvana getməkdən imtina etdi

Ermənistanda keçiriləcək Dünya Kubokunda 8-ci komanda Skandinaviya ölkələrinin yığması olacaq


Özbəkistanın yunan-Roma güləşi üzrə milli komandası da Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Dünya Kubokuna qatılmaqdan imtina edib. Lent.az-ın məlumatına görə, bu haqda “Novosti-Armeniya”ya turnirdə mətbuatla iş üzrə məsul şəxs sayılan Eduard Kələntəryan açıqlama verib.


O bildirib ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) Dünya Kubokunda 8-ci komandanın Skandinaviya ölkələrinin yığması olacağı haqda təşkilat komitəsini məlumatlandırıb: “Norveçdə güclü güləşçilərinin olmadığını nəzərə alsaq, Skandinaviya yığması Danimarka və İsveç yığmalarından ibarət olacaq”.


Qeyd edək ki, 13-14 fevralda keçiriləcək Dünya Kubokunda Ermənistan, Türkiyə, İran, Rusiya, Gürcüstan, Kuba və Macarıstan milliləri də mübarizə aparacaq. Azərbaycan yığması da yarışa dəvət alsa da, 13 – 18 apreldə Bakıda keçiriləcək Avropa çempionatına daha yaxşı hazırlaşmaq istəyini səbəb göstərərək, İrəvana yollanmaqdan imtina edib.
# 1063

Oxşar yazılar