Xəzər İsayev: “Qadın Futbolu Federasiyasının prezidentliyinə hazıram”
22 yanvar 2010 10:00 (UTC +04:00)

Xəzər İsayev: “Qadın Futbolu Federasiyasının prezidentliyinə hazıram”

Yenidən formalaşdırılan qadın futbolu üzrə Azərbaycan yığma komandasının 20 üzvü “Gömrükçü” klubunun yetirmələridir. Bu haqda Lent.az-a klubun prezidenti, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev məlumat verib.

Onun sözlərinə görə, həmin futbolçular AFFA-nın baş katibi Elxan Məmmədovun təklifi ilə yığmamıza çağırılıblar. İsayev 19 yaşadək futbolçulardan ibarət millimizin heyətində “lipa”ların tapılması ilə əlaqədar komandamızın 2011-ci ilədək Avropa çempionatlarından kənarlaşdırıldığını xatırladıb. Klub prezidenti bildirib ki, cəza müddəti bitdikdən sonra yığmamızın heyətində layiqli çıxış etmək üçün “Gömrükçü”nün futbolçuları indidən ciddi hazırlıq keçməlidirlər: “Qarşıdakı iki il ərzində yığmamız formalaşdırılmalı, komandaya qızlarla işləməyi bacaran mütəxəssislər cəlb olunmalıdır”.

Yığmamızın yeni futbolçuları arasında “lipa”ların yer almadığını vurğulayan İsayev onların hamısının azərbaycanlı olduqlarını bildirib: “Yalnız Natalya Tkaçenko 8 il öncə Rusiyadan gəlib və o vaxtdan Bakıda yaşayır. Onların hamısının şəxsiyyətlərini təsdiq edən sənədlər var, lazım olsa, yoxlaya bilərlər. Futbolçuların yaşlarının süni şəkildə azaldılmasına münasibətim çox pisdir. Həm də Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri olduğumdan, belə hallara biganə qala bilmərəm. Amma qadın futbolçulardan ibarət yığma AFFA-nın nəzarətindədir. Ona görə cəza tədbirini də AFFA-nın özü görməlidir”.

İsayev hazırda boş olan Qadın Futbolu Federasiyasının prezidenti vəzifəsini tutmağa hazır olduğunu da açıqlayıb. Onun sözlərinə görə, belə bir təklif gəlsə, qəbul edə bilər.
# 774

Oxşar yazılar