Mahir Şükürov: “Anji” mənə qat-qat artıq pul təklif edir” – MÜSAHİBƏ
08 yanvar 2010 10:00 (UTC +04:00)

Mahir Şükürov: “Anji” mənə qat-qat artıq pul təklif edir” – MÜSAHİBƏ

“Buradan Mahaçqalaya öz avtomobilimlə gedib-gələcəyəm”

Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun Lent.az-a müsahibəsi

- Rusiyanın “Anji” klubunun düşərgəsinə nə vaxt yollanacaqsan?

- “Anji” yanvarın 5-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısındadır. Mən də sabah Antalyaya yollanaraq, komandaya qoşulacağam.

- Birbaşa müqavilə bağlamağa gedəcəksən?

- Bəli. Amma öncə şəxsi müqaviləmin detallarını da müzakirə edəcəyik. Prinsipcə, komandanın şərtləri məni qane edir. Bir-iki məsələni yoluna qoymaq qalır. Yəqin ki, bu məsələdə də problem yaranmayacaq.

- Bəs komandanın əsas heyətinə düşməkdə problemlə üzləşəcəyini düşünmürsən?

- Təbii ki, əsas heyətə düşmək üçün səylə çalışmaq lazımdır. Rusiya Premyer Liqasında növbəti mövsümün başlamasına hələ iki ayadək vaxt var. Bu müddətdə keçiriləcək təlim-məşq toplantılarında gərək əsas heyətə düşməyə layiq olduğumu sübuta yetirim.

- “Anji”yə keçidin necə alındı?

- Komandanın baş məşqçisi Omari Tetradze bir neçə oyunumu izləyib. O, Azərbaycan yığmasının heyətində Bakıda Rusiya, Lənkəranda isə Finlandiya ilə keçirdiyimiz dünya çempionatının seçmə matçlarının canlı şahidi olub. Bundan sonra “Anji” və müqavilə ilə məxsus olduğum “İnter” klubları arasında danışıqlar aparılaraq, razılığa gəlinib. İndi də mənimlə “Anji” arasında 2 illik müqavilənin imzalanması gündəmdədir. Əgər Tetradze danışıqlar aparmağa çağırırsa, demək, mənə inanır. Çalışacağam ki, bu etimadı doğruldum.

- Azərbaycanlı futbolçuların əksəriyyəti sanki xaricə çıxmağa can atmırlar. Bunu çıxış etdikləri yerli klublarda maddi cəhətdən onları hər şeyin təmin etməsi və ailələrindən kənarda oynamağın çətinliyi ilə əlaqələndirirlər. Səndə belə bir problem olmadı?

- Mən subayam, hələ ailə qurmamışam. Valideynlərim ölkədən kənarda çıxış etməyimdən narahat idilər. Onu da yoluna qoydum. Qaldı ki, gəlin, real danışaq. Hazırda ölkədən kənarda mənimlə Vaqif Cavadovun çıxış edəcəyi məlumdur. Qalanlarına da sərfəli təkliflər olsaydı, yəqin ki, gedərdilər. Çox vaxt əcnəbi klublar çempionatımızın dünyada 97-ci pillədə olduğunu gördükdən sonra Azərbaycanda çıxış edən futbolçunu almaq istəmirlər. Ona görə də futbolçularımız legioner həyatı yaşaya bilmirlər.

- Bəs maddi şərtlər?

- Sözsüz ki, əcnəbi klubların maddi şəraitləri bizimkindən yaxşıdır. Konkret məbləği açıqlaya bilmərəm, amma “Anji” mənə burada istənilən klubun verdiyi əməkhaqqıdan qat-qat artıq pul təklif edir. Yəqin ki, Vaqif Cavadovu almaq istəyən “Tvente”də də, digər səviyyəli komandalarda da şərait yüksəkdir.

- Futbolçu karyeranda ikinci dəfə legioner həyatı yaşayacaqsan. Türkiyənin “Antalyaspor” klubu ilə “Anji” arasında hansı fərqi görürsən?

- Türkiyədə Rusiyaya nəzərən qonaqpərvərlik aşağı səviyyədədir. “Antalyaspor”da çıxış etdiyim vaxt yerli futbolçular legionerlər üçün o qədər də alışıb-yanmırdılar. Adicə məşqdən sonra birgə şəhər gəzintisinə çıxmaq da istəmirdilər. Hamı evinə dağılışırdı. Ona görə də Antalyada darıxırdım və bir gün qaçıb öz Vətənimə gəldim. Amma Rusiyada, xüsusən, Dağıstanda vəziyyət fərqlidir. Mahaçqala və bizim əhali bir-birini yaxşı anlayır. Həm də Mahaçqaladan yaşadığım Sumqayıt şəhərinə maşınla 4-5 saatlıq yol var. Oradan evimə öz avtomobilimlə gedib-gələcəyəm. “Anji”ni seçməyimdə bu amil də rol oynadı.

- Həm də “Anji”nin oyunlarına azarkeş marağı yüksəkdir...

- Əlbəttə. “Anji” yenidən yüksək liqaya vəsiqə qazanıb. Hamı komandadan yeni uğurlar gözləyir. Klubun hər oyununa 30 minədək tamaşaçının gəldiyini deyirlər. Əlbəttə, belə komandada oynamaq əlverişli olardı.

Elşən Məmmədov
# 850

Oxşar yazılar