Yenə 1:0 - REPORTAJ
25 oktyabr 2012 23:06 (UTC +04:00)

Yenə 1:0 - REPORTAJ

Oktyabrın 25-də “Neftçi” klubu futbol üzrə Avropa Liqasında növbəti oyuna çıxıb. Flaqman Rusiyanın Kazan şəhərində “Rubin”in qonağı olub. Lent.az-ın Kazanın mərkəzi stadionunda matçı canlı izləyən əməkdaşının verdiyi məlumata görə, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev İtaliya “İnter”i ilə ötən oyuna nəzərən start heyətində 2 dəyişiklik edib. Mərkəz müdafiəçisi mövqeyində təcrübəli İqor Mitreskinin yanında Elvin Yunuszadə yox, Tərlan Quliyev, yeganə mərkəz hücumçusu Nikolas Kanalesin arxasında isə Mirhüseyn Seyidov yer alıb. Digər oyunçulara gəldikdə, qapını Saşa Stamenkoviç qoruyub. Müdafiənin solunda Bruno Bertuççi, sağında Mahir Şükürov yer alıb. Dayaq yarımmüdafiəçiləri funksiyasını Erik Ramos və kapitan Rəşad Sadiqov yerinə yetirib. Yarımmüdafiənin solunda Flavinyo, sağında Culius Vobay çıxış edib. Oyuna elə də böyük maraq olmayıb. 25 mindən çox tamaşaçı tutumuna malik stadionda matçı cəmi 5 minədək tamaşaçı izləyib. Azarkeşlər arasında “Neftçi”nin 200-dək tərəfdarı da olub.

Meydan sahibləri oyuna fəal başlayıblar. Ardıcıl hücumlar 17-ci dəqiqədə bəhrəsini verib. Bruno Bertuççi topu itirib və nəticədə “Rubin”in yarımmüdafiəçisi Alan Kasayev zərbə mövqeyinə çıxıb. Kasayevin iti bucaq altından endirdiyi zərbə tora daxil olub. Qoldan sonra da kazanlılar meydanda dominantlıq ediblər. “Neftçi”nin oyunçuları isə hücumlar qurmaqda çətinlik çəkib. Yalnız fasilədən sonra flaqman arabir təhlükəli vəziyyətlər yaratmağa müvəffəq olub. Bu isə 50-ci dəqiqədə Mirhüseyn Seyidovu Araz Abdullayevi əvəzləməsindən sonra baş verib. Az sonra məhz Abdullayev “Neftçi”nin ilk təhlükəli hücumunu yaradıb. Lakin onun qapı qarşısına ötürməsinə Kanales toxuna bilməyib. Bununla belə, meydan sahiblərinin fərqlənmək üçün daha çox imkanı olub. Lakin ikinci hissədə tərəflərdən heç biri fərqlənə bilməyib. Beləliklə, “Neftçi” “İnter”in ardından ikinci məğlubiyyətlə üzləşib. “Rubin” isə xallarını 7-yə çatdıraraq, növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edib.

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev oyun öncəsi hücum futbolu sərgiləyəcəklərinə söz vermişdi. Düzdür, komandamız Azərbaycan yığması kimi 90 dəqiqə ərzində müdafiədə oturmayıb. Amma hər halda, Rusiya və Azərbaycan millilərinin oktyabrın 16-da keçirilmiş 2014-cü il dünya çempionatının oyununda olduğu kimi, meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 988

Oxşar yazılar