“Polis İdarəsindən zəng vurdular ki, gəl...”
22 oktyabr 2012 15:00 (UTC +04:00)

“Polis İdarəsindən zəng vurdular ki, gəl...”

“Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov uzun müddət cəzalı olduğu halda, Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”la keçirdikləri Topaz Premyer Liqasının IX tur matçında iştirakına aydınlıq gətirib. Paytaxt klubunun rəsmisi Lent.az-a açıqlamasında stadiona çağırış əsasında gəldiyini bildirib. Seyidov deyib: “Mənim evim stadionun yaxınlığındadır. Cəzalı olduğumdan, oyunu evimdə izləyirdim. Matçdan sonra Bakının Nərimanov rayon Polis İdarəsinin təhlükəsizlik xidmətinin rəsmisi mənə zəng vurdu və stadiona gəlməyimi xahiş etdi. Səbəbini soruşduqda bildirdi ki, hakimliyə görə “Bakı”nın narazılığı var. Bir klub nümayəndəsi kimi problemi yoluna qoymağımı istədi. Mən də stadiona yollandım”.


1:1 hesabı ilə başa çatan görüşdə “Qarabağ” hesabı penalti zərbəsi ilə bərabərləşdirib. “Bakı” baş hakim Əliyar Ağayevin qərarından narazı qalıb. Oyundan sonra naməlum şəxs Ağayevi vurub. İcraçı direktor bu barədə fikir bildirməkdən imtina edib: “Mən stadiona sonradan gəldiyimdən, Ağayevin döyüldüyünü görməmişəm”.


Qeyd edək ki, Yaşar Seyidov 2011-2012-ci il mövsümünün sonlarında 15 yaşadək futbolçuların Azərbaycan çempionatında “Neftçi” və “Bakı” komandaları arasında keçirilmiş oyundan sonra kütləvi davada iştirakı ilə əlaqədar bütün liqalardan 12 oyunluq diskvalifikasiya olunub. Seyidovun təkcə texniki ərazidə deyil, hətta stadionda olmasına qadağa qoyulub.

Elşən MƏMMƏDOV
# 1858

Oxşar yazılar