Sensasion qələbənin memarı danışdı
22 oktyabr 2012 12:05 (UTC +04:00)

Sensasion qələbənin memarı danışdı

Tovuzun “Turan” futbol komandasının baş məşqçi postunda debüt edən Əfqan Talıbov Topaz Premyer Liqasının IX turunda Bakının AZAL klubu üzərində qazandıqları qələbənin sirrini açıqlayıb. Sensasion qələbənin memarı Lent.az-a açıqlamasında liderlər qrupundakı rəqiblə qarşılaşmada bəzi taktiki dəyişikliklərə əl atdığını söyləyib.

Talıbov qapını ötən tur “Neftçi”yə qarşı forma geyinmiş İvan Qarbovaça yox, Andrey Popoviçə etibar edib, ilk yarıda isə 3 – 5 -2 taktikasından yararlanıb. Gənc mütəxəssis bu taktiki dəyişikliklərin özünü doğrultduğunu söyləyib: “Popoviç oyun ərzində etibarlı oyunu ilə diqqət çəkdi. Xüsusən, o, son dəqiqələrdə AZAL-ın hücumçusu ilə təkbətəkdən qalib ayrıldı. Digər tərəfdən, rəqibin heyətində Franko Nildo və Zohair Benuahi kimi təhlükəli hücumçuların oynadığını nəzərə alaraq, meydana 3 mərkəz müdafiəçisi və 5 yarımmüdafiəçi buraxdım. Nəticədə qapımıza doğru hücumların qarşısını almaqla yanaşı, erkən qol vurduq. Fasilədən sonra isə 4 – 4 – 2 taktiki düzülüşünə keçdim. Oyunçularımın da əzmkarlığı sayəsində qələbə hesabını sonadək qoruya bildik”.


Baş məşqçi bu qələbənin “Turan”a gələcək oyunlar üçün böyük ruh yüksəkliyi bəxş etdiyini də vurğulayıb. Lakin o, növbəti turda müdafiəçi Mikayıl Rəhimovun “Qəbələ” ilə səfər matçını buraxacağından təəssüfünü gizlətməyib: “Baş hakim Rəhim Həsənov AZAL-la oyunda 6 futbolçumuza sarı vərəqə göstərdi. Onlardan Mikayıl Rəhimov limiti doldurduğu üçün növbəti oyunumuzu buraxacaq. Bununla belə, çalışacağıq ki, azarkeşlərimizin də dəstəyi ilə yaxaladığımız müsbət ab-havanı “Qəbələ” önündə də meydanda əks etdirək”.

Təqribən 10 gün öncə “Turan”a baş məşqçi təyin olunmuş Talıbov, həmçinin bildirib ki, köməkçilərindən ikisini artıq müəyyənləşdirib. Bunlar Nizami Ocaqverdiyev, Sakit Alıyev və Eldəniz Hüseynovdur: “Ocaqverdiyevlə hələ “Şəmkir”də futbol oynadığım vaxt komanda yoldaşı olmuşdum. “Turan”a gəlişimədək o, Tovuz komandasında əvəzedici heyətin baş məşqçisi idi. Alıyevi metodiki məsələlər üzrə köməkçi götürmüşük. Hüseynov isə qapıçılarla işləyəcək. Qarşıdakı günlərdə daha bir köməkçi-məşqçi ilə anlaşmaq fikrindəyik”.

Qeyd edək ki, “Turan” AZAL-ı 13-cü dəqiqədə Ender Günlünün vurduğu qolla məğlub edib – 1:0. Bu qələbə sayəsində “Turan” turnir cədvəlində 10 xalla 7-ci pilləyə yüksəlib.

Elşən MƏMMƏDOV
# 2113

Oxşar yazılar