“Bakcell” “Mançester Yunayted”in rəsmi tərəfdaşı oldu
15 oktyabr 2012 17:00 (UTC +04:00)

“Bakcell” “Mançester Yunayted”in rəsmi tərəfdaşı oldu

Azərbaycanın ilk mobil operatoru “Bakcell” dünyanın ən məşhur futbol klublarından olan İngiltərə “Mançester Yunayted”i ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Lent.az-ın məlumatına görə, bu məqsədlə Bakı Biznes Mərkəzində mətbuat konfransı keçirilib.

Tədbirdə məlumat verilib ki, 3 illik tərəfdaşlıq müqaviləsi çərçivəsində “Bakcell” MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olacaq. Şirkət komandanın Azərbaycandakı azarkeşlərinə və 2,6 milyondan artıq “Bakcell” abunəçilərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək. Məşhur futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkəti “Bakcell”in rəsmi “Mançester Yunayted” mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların videogörüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edəcəklər. Şirkət, həmçinin klubun rəsmi “MUTV” televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olacaq, azarkeşlərə futbolçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanı verəcək.

“Bakcell” və “Mançester Yunayted” arasında əməkdaşlığa həsr olunmuş xüsusi “wap-portal” fəaliyyət göstərəcək. Həmin portal vasitəsilə abunəçilərə klubla bağlı xəbərlər, videolar, canlı nəticələr, divar kağızları, rinqtonlar, çağırış siqnalları və s. kimi müxtəlif xidmətlər təklif olunacaq, tədbirləri və s. haqqında məlumat yerləşdiriləcək.

Mətbuat konfransı zamanı “Mançester Yunayted”in hazırkı futbolçuları Rio Ferdinand, Rayan Giqqz, Patris Evra, eləcə də komandanın əfsanəvi futbolçusu Bobbi Çarltonun iştirakı ilə çəkilmiş “Bakcell”in yeni reklam çarxı nümayiş etdirilib. Klubun əlaqələr üzrə direktoru Nik Hemfris Azərbaycanın ilk mobil operatoru ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib: “Yeni müqaviləmiz “Mançester Yunayted” üçün bir ilkdir. Çünki bu, Azərbaycanla yeganə əməkdaşlığımdır. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, “Bakcell”lə işbirliyimiz azarkeşlərimizin sevdikləri kluba daha yaxın olmasına imkan yaradacaq”.

Hemfris bütün azarkeşlərə innovativ xəbərlər təqdim etməyə çalışacaqlarını da söyləyib. O, məhz “Bakcell”i seçmələrinin səbəbinə isə belə aydınlıq gətirib: “Bu şirkət həmişə ilkə imza atmaq arzusunu nümayiş etdirib. “Bakcell” həm də Azərbaycanda 17 yaşadək futbolçu qızlar arasında keçirilmiş dünya çempionatının dəstəkçiləri sırasında yer alıb. Şirkət nümayəndələri ilə danışıqlar zamanı onların klubumuzla tərəfdaşlıqda nə dərəcədə qərarlı olduqlarını gördük. Ona görə də əməkdaşlığa razılıq verdik”.

“Mançester Yunayted” rəsmisi Lent.az-ın “26 ildir klubunuzda baş məşqçi kimi çalışan Aleks Ferqyusonla əməkdaşlığınız daha çox olacaq, yoxsa “Bakcell”lə?” sualını isə belə cavablandırıb: “Ser Aleks qədər “Bakcell” də uğurlu olsa, bu şirkətlə də əməkdaşlığımız uzunmüddətli olacaq”.

“Bakcell”in baş icraçı direktoru Riçard Şirer isə “Mançester Yunayted”lə uzunmüddətli əməkdaşlığa başladıqlarını söyləyib. Daim ilklər şirkəti olduqlarını deyən Şirer dünyanın bir nömrəli futbol brendi ilə əməkdaşlığı daha bir əyani sübut adlandırıb: “Bu gün iki böyük brend birləşərək, yeni imkanlar açır. Şüarımız da dəyişib: “Futbola daha yaxın olaq!”

Tədbirdə iştirak edən “Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmeyxel isə hamını “Bakcell”ə qoşulmağa çağırıb: “Həmişə azarkeşlərimizlə əlaqə saxlamaq bizim üçün çox önəmlidir və bunu yüksək qiymətləndirirəm. İnanıram ki, bu tərəfdaşlıq klubdakı çıxışlarım zamanı keçirdiyim hissləri azərbaycanlı azarkeşlərə də yaşadacaq”.

Sonda “Bakcell” adından Nik Hemfrisə üzərində “Mançester Yunayted”in loqosu əks olunmuş xalça, Peter Şmeyxelə isə arxasında şirkətin adının yazıldığı klub forması hədiyyə edilib.

Elşən MƏMMƏDOV
# 1714

Oxşar yazılar