Braziliyadakı dünya çempionatı vaxtı azərbaycanlı azarkeşlər yatmayacaq
28 sentyabr 2012 12:34 (UTC +04:00)

Braziliyadakı dünya çempionatı vaxtı azərbaycanlı azarkeşlər yatmayacaq

Lent.az-ın məlumatına görə, bu barədə FİFA-nın İsveçrənin Sürix şəhərindəki İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Açılış oyunu iyunun 12-də San-Paulu şəhərində yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 13 iyul, gecə saat 1:00-da) başlanacaq. Mundialda qrup mərhələsinin matçları yerli vaxtla saat 13:00, 16:00, 17:00, 18:00, 19.00 və 21:00-da start götürəcək. Bu isə o deməkdir ki, azərbaycanlı azarkeşlər mundial qarşılaşmalarını izləmək üçün gecə oyaq qalmalı olacaqlar. “Pley-off” matçları saat 13:00 və 17:00-da, yarımfinal və 3-cü yer uğrunda görüş saat 17:00-da başlanacaq. Final matçı isə Rio-de-Janeyroda keçiriləcək və iyulun 13-də yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 24:00-da) start götürəcək.

ABŞ-da təşkil olunmuş 1994-cü il dünya çempionatından sonra ilk dəfə oyunlar müxtəlif saat qurşaqlarında keçiriləcək. Kuyaba və Manaus şəhərlərində saatlar digər şəhərlərdəkindən - Belu-Orizonti, Brazilia, Kuritiba, Fortaleza, Natal, Portu-Aleqri, Resifi, Rio-de-Janeyro, Salvador, San-Pauludan fərqlənir. Bakı və Braziliyanın əksər şəhərinin saatları arasındakı fərq +8 olsa da, Kuyaba və Manaus +9 saat geridədir.

Dünya çempionatı ilə əlaqədar bütün milli çempionatlar, o cümlədən Azərbaycan Premyer Liqası 2014-cü il mayın 19-dək yekunlaşmalıdır. Həmin gündən mayın 25-dək futbolçulara istirahət veriləcək, sonra isə onlar öz yığmalarının düşərgəsinə yollanacaqlar. Yalnız Çempionlar Liqasının finalında çıxış edəcək oyunçular istisnadır.

Qeyd edək ki, 2014-cü il dünya çempionatının final mərhələsinin püşkü 2013-cü il dekabrın 6-da Kosta-du-Sauipada atılacaq.
# 6204

Oxşar yazılar