Dodo Çoqovadze gürcü aktrisasıdır. Cəmi üç filmdə çəkilib. Biz onu “Ələddinin sehrli çırağı” nağıl filmindən şahzadə Budur rolu ilə tanıyırıq. Niyə görəsən, o filmdən sonra bu aktrisanın üzünə kinonun qapıları həmişəlik bağlanıb? İndi Dodo hardadır?
Lent.az-ın oxucuları üçün araşdırdıq.
Bu gözəl gürcü qızı 1951-ci ilin fevralında Tiflisdə dünyaya gəlib. Anası rus, atası gürcü olub. Uşaqlıqdan çox zərif olduğundan, həm də incəsənət qabiliyyətinə, marağına görə anası onu xoreoqrafiya məktəbinə yazdırıb. Bununla da qızın gələcək taleyi həll edilib.
Tez-tez aktrisa seçmək üçün Xoreoqrafiya məktəbinə gələn gürcü kinematoqrafçıları budəfəki gəlişlərində Dodonu seçirlər. 10 yaşlı Dodo beləcə “Balaca cəngavərlər” filminin çəkilişlərinə düşüb.
1963-cü ildə Dodo həmin filmdə Nana roluna çəkilib. Bu filmin çəkilişləri ilə paralel onu Lermontovun əsəri əsasında çəkilən eyniadlı “Zəmanəmizin qəhrəmanı” filmində Bella roluna dəvət edirlər.
Onda Dodonun cəmi 13 yaşı vardı. Qız sınaqdan keçib. Çəkilişlərə az qalmış rejissor eşidib ki, qızın yaşı azdır. Bunu eşidəndə qəti surətdə məhəbbət səhnələri olan filmdə azyaşlını çəkməkdən imtina edib.
Bundan dərs alan aktrisa “Ələddinin sehrli çırağı” filminə dəvət olunanda öz yaşının üstünə iki yaş artırıb, “15 yaşım var” deyir.
Çəkilişlər ona çox rahat və asan gəlirdi. Aktrisa hətta çəkilişlər zamanı filmin operatoruna vurulub. Çəkiliş prosesində aktyorlardan biri ona vurulub və hətta evlilik təklifi edib. Evli aktyor, Dodo razılıq verdiyi halda, ailəsindən boşanacağını da vəd edib. Dodo razılaşmayıb. Çəkiliş qrupu Dodoya çox nəzakətli, az qala ailənin kiçik övladı kimi rəftar edirmiş. Səhnələrdən birinin çəkilişlərində qızın ayağı ciddi zədə alıb. Çəkiliş qrupu onu ayağı sağalıncaya qədər gözləməli olub. Baş rolun ifaçısı Boris Bıstrov hətta Dodonu çəkilişə özü gətirib-aparırmış.
Film sovet ölkəsində çox yayıldı və sevildi. Filmin sitatları indiyə qədər də ona baxanların dilindədir. “Bağdadda sakitlikdir”, “Bizim Budur qızımız...” və sair.
Film o qədər populyarlıq qazanmışdı ki, Almaniyada aktrisa Dodonun Budur obrazında şəkilləri açıqcaların üstünə vurulub, satışa çıxarılmışdı.
Həmin şəkil o vaxtın çox tanınmış “Sovet ekranı” jurnalının üz qabığında əks olunmuşdu.
Məktəbə qayıdanda yoldaşları Dodoya “Hollivud ulduzu” deyə müraciət edirmişlər.
Sonra aktrisa doğma Tiflisə qayıdıb, Teatr İnstitutunu bitirib. Bir dəfə qastrollardan birində 23 yaşlı Dodo məşhur musiqiçi David Şuşaninlə tanış olub. Çox keçmədən ailə qurublar. Nino adlı bir qızları olandan sonra ayrılmalı olublar. Onu yalnız ev qadını kimi görmək istəyən David, özünü reallaşdırmaq üçün mübarizəyə başlayan Dodonun xoşuna gəlməyib.
Hər tamaşadan sonra David Dodonu ona xəyanətdə günahlandırır, onu yalnız ev qadını kimi görmək istədiyini deyirmiş.
Bir dəfə “Hamlet” tamaşasından sonra Ofeliya rolunu oynayan Dodo əri tərəfindən Hamletlə kulisdə də münasibətdə olmaqda günahlandırılıb.
Aktrisa artıq dözməyib və 10 illik ailə həyatını ayrılıqla başa vurub.
Ayrıldıqdan sonra da David Şuşanin onu rahat qoymayıb, həmişə nəzarətdə saxlayıb.
Onunla ailə qurmaq istəyənlərin qarşısına keçib. Dodo özü də onunla evlənmək istəyənlərin çoxluğuna baxmayaraq, razılıq verə bilməyib. Ehtiyat edib ki, yenə qul, kölə həyatı başlayar, bir kişinin qarşısında həm işləyər, həm də təqib olunar. Ailə həyatı onun təsəvvüründə belə qalıb.
İndi aktrisanın yeganə həyat sevinci qızıdır. Doğma institutunda ritm dərsləri deyir, Hərdən reklam çarxlarında çəkilir.
Ondan uzun müddət sonra - bir də 30 yaşında “Səmada gecə cadugərləri” filmində çəkilib. Bununla da onun karyerası başa çatıb.
Taledir, yoxsa şeytan əməli – olan budur. Ömürlük Budur kimi yaddaşlarda qalmalı olub...