Bu gün barəsində həbs qətimkan tədbiri seçilmiş Xədicə İsmayılın mənzilində axtarış aparılıb.
Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, prokurorluq nümayəndələri evdən yalnız müxtəlif vizitkalar götürüblər.
X.İsmayılın anası Elmira İsmayılova qeyd edib ki, evdəki axtarışa səbəb kimi Tural Mustafayevlə Xədicə İsmayıl arasında olan yazışmaları ortaya çıxarmaq göstərilib.
Axtarış prosesində prokurorluq əməkdaşları ilə yanaşı Xədicə İsmayılovanın qardaşı, anası, vəkil Elton Quliyev və 4-5 nəfər hal şahidi iştirak edib.
Qeyd edək ki, dünən Səbail Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə jurnalist Xədicə İsmayılova barəsində 2 aylıq həbs- qətimkan tədbiri seçilib. Xədicə İsmayılovaya qarşı CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə ittiham irəli sürülüb.
Baş Prokurorluğun bu gün yaydığı rəsmi açıqlamada X. İsmayılovanın T.Mustafayevin Baş Prokurorluğa müraciəti əsasında aparılmış araşdırmadan sonra cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edildiyi qeyd olunub.