Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rezidenturaya ərizə qəbulu fevralın 11-dən 20-dək aparılıb. Bu müddət ərzində ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə 1412 nəfər sənəd verib. Bunlardan 1216 nəfəri Azərbaycan, 196 nəfəri isə rus bölməsinin payına düşür.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bakı şəhərində imtahan 3 binada - Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda- saat 11:00-da başlanacaq. Bakıda 1336, Naxçıvanda isə 20 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 23 imtahan rəhbəri, 149 zal nəzarətçisi ayrılıb.
Rezidenturaya qəbul qaydalarına əsasən, qəbul imtahanı ötən illərdə olduğu kimi, yenə də iki mərhələdə test üsulu ilə keçiriləcək. İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İkinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər keçəcəklər. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.
İmtahanda iştirak edəcək namizədlər martın 19-dan etibarən TQDK-nın rəsmi internet saytına daxil olaraq iş nömrəsi və şifrdən istifadə etməklə “İmtahana buraxılış vərəqi”ni çap etməlidirlər.
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi iyulun 27-də, ixtisaslaşma seçimi isə iyulun 29-31-də aparılacaq.