Mustafa Cəmilovun oğlu adam öldürdü
03 iyun 2013 11:48 (UTC +04:00)

Mustafa Cəmilovun oğlu adam öldürdü

Krım Tatarları Məclisinin sədri, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilovun oğlu həbs edilib. Azərbaycanda da yaxşı tanınan M.Cəmilovun oğlu Xayser Cəmilov qəsdən adam öldürmək ittihamı ilə həbs olunub. Lent.az-ın “Yeni Müsavat” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə may ayının 27-də M.Cəmilovun Krımda yaşadığı Baxçasaraydakı evində baş verib. M.Cəmilovun oğlunun öldürdüyü isə ailənin mühafizə xidmətində işləyən 40 yaşlı Fevzi Edemovdur. Qətlə yetirilən M.Cəmilovun müavini Axtem Çiyqizovun həm də yaxın qohumudur. Maraqlıdır ki, öldürülən şəxs M.Cəmilovun oğlu ilə həm də yaxın dost imiş.

M.Cəmilovun həyat yoldaşı deyib ki, oğlu ilə Fevzi arasında hər hansı konflikt olmayıb. “Onlar hadisədən bir neçə dəqiqə əvvəl bostandan birgə pomidor yığırdılar. Sonra necə olubsa oğlum evə keçib və atasından icazəsiz onun tüfəngini götürərək pəncərədən atəş açıb”. 
Ukrayna mənbələrindən əldə etdiyimiz digər bir xəbərdə deyilir ki, hadisə Krımda geniş əks-səda doğurub. Hadisə baş verən evə Simferopol vilayətinin hüquq-mühafizə orqanların rəhbərləri gəlib. M.Cəmilov hadisənin təsadüfən baş verdiyini və 32 yaşlı oğlunun psixi xəstə olduğunu deyib. İstintaq isə Xayser Cəmilovun narkotik asılılıqdan əziyyət çəkdiyini iddia edir və araşdırma hazırda həm də bu istiqamətdə gedir. Çünki qətlin M.Cəmilovun oğlunun əlindən olan tüfəngin təsadüfən açılması səbəbindən baş verdiyi deyilsə də, məhkəmə-tibbi ekspertizası mərhumun bədənindən üç güllə çıxarıb. Güllələrdə biri onun baş nahiyəsindən dəyib. 
Dəfndə iştirak edən M.Cəmilov mərhumun yaxınlarına başsağlığı verib və oğlunun əməlinə görə üzr istəyib. Məhkəmə isə X.Cəmilov barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.
Mərhumun yaxınları isə X.Cəmilovun anlaqlı olduğunu iddia edərək onun məhkəmə qarşısına çıxarılmasını və ən ağır cəza verilməsini tələb edib. Onun vəkili isə deyib ki, X.Cəmilovun hadisədən sonra qaçıb gizlənməməsi, qətlin ehtiyatsızlıqdan baş verməsini deməsi yüngülləşdirici hal kimi nəzərə alınmalı və məhkəmənin onun barəsində son qərarına təsir etməlidir. X.Cəmilov özü isə məhkəmənin həbs qərarını soyuqqanlı qarşılayıb. Yeri gəlmişkən, günahı sübuta yetiriləcəyi təqdirdə onu 15 ilədək həbs cəzası gözləyir. 
Məlumatlara görə, M.Cəmilovun oğlunun adı 2010-cu ildə də ciddi qalmaqalda hallanıb. Belə ki, o, Baxçasaray qoruq kompleksində kafe açmaq niyyətində olub. Yalnız yerli KİV-lərin və ictimaiyyətin ciddi təpkisindən sonra o, niyyətdən vaz keçib. İddialar var ki, Baxçasaraydakı bir sıra iaşə və mehmanxana kompleksləri ona məxsusdur. 
Bu talesiz hadisə dərhal siyasi çalar alıb və Krım tatarlarının şəriksiz lideri olan M.Cəmilova qarşı yönəlib. Xatırladaq ki, Mustafa Cəmilov 1944-cü ildə deportasiyaya məruz qalan Krım tatarlarının öz doğma yurdlarına qayıtmaları uğrunda mübarizə aparan ən barışmaz sovet dissidentlərindən biri olub. 1943-cü ildə Krımda doğulan M.Cəmilov 1959-cu ildə Özbəkistanda orta məktəbi bitirdikdən sonra Daşkənd şəhərində Orta Asiya Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmaq istəsə də, Krım tatarı olduğu üçün onun sənədlərini qəbul etməyiblər. 1962-ci ildə Daşkənddə İrriqasiya İnstitutuna daxil olan M.Cəmilov milli və antisovet görüşlərinə görə 1965-ci ildə oradan da xaric edilib.
1966-cı ildə sovet ordusunda xidmətdən imtina etdiyinə görə ona il yarım həbs cəzası verilib. Ümumiyyətlə, M.Cəmilov 6 dəfə məhkum olunub, üst-üstə 17 il keçmiş SSRİ-nin ən ciddi rejimli həbs düşərgələrində məhbus həyatı yaşayıb.
1991-ci ildə keçirilən qurultayında Krım tatarlarının yeganə nümayəndəli orqanı olan Xalq Məclisinin sədri seçilən M.Cəmilov, bir neçə dəfə Ukrayna parlamentinin(Rada) deputatı da olub. 2011-ci ildə onun Nobel sülh mükafatına namizəd irəli sürülüb. 
Hazırda da Ukrayna parlamentinin deputatı olan M.Cəmilova bu hadisədən sonra ciddi təzyiqlər başlayıb. Artıq Ukraynanın siyasi dairələrində oğlunun adam öldürməsinə görə istintaqa təzyiq etməmək üçün onu mandatından imtina etməsi ilə bağlı çağırışlar səslənir. M.Cəmilov isə Radadan istefa vermək niyyəti ilə yanaşı avqust ayında Krım Tatarları Məclisinin sədrliyindən də getmək istədiyini deyib.
Ukrayna saytlarına müsahibəsində deyib ki, Məclis sədrliyindən getmək qərarını oğlunun qətllə bağlı həbsindən öncə verib: “Bu hadisə məni sındırmayıb. Ola bilsin ki, kimsə bunu baş vermiş faciə ilə əlaqələndirsin. Mən onsuz da sədrlikdən getmək istəyirdim və qarşıdan gələn qurultayda yeni sədr seçilməlidir. «O, mümkün varislərinin adını da çəkib: Rüfət Çubarov, Rəmzi İlyasov və qətlə yetirilən Fevzi Edemovun qohumu Axtem Çiyqoza. M.Cəmilov onu da əlavə edib ki, Çiyqozanın xarakterinə bələd olduğundan onun Məclis sədrliyinə razı olacağına inanmır. 
Ən sonda onu da qeyd edək ki, ağır sınaqlardan keçmiş M.Cəmilovun həyatında bu, ilk belə faciəvi hadisə deyil. 2012-ci ilin avqustunda M.Cəmilovun qız nəvəsi də özünü aşmışdı. Məlumata görə, valideynləri onu dənizə aparmadığı üçün onları qorxutmaq istəyən azyaşlı qız boğazına kəndir keçirmiş və bədbəxtlikdən onun hazırladığı tamaşa ailəsinə böyük faciə gətirmişdi. İp qızın boğazına keçmiş və həyatına son qoymuşdu...

# 1644
avatar

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19